Nazirlik dərman istehsal edən 8 ŞİRKƏTİ YOXLADI

Nazirlik dərman istehsal edən 8 ŞİRKƏTİ YOXLADI
16:24 7 Oktyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

 

Səhiyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq prioritet inkişaf sahələri üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə strateji planı" təsdiqlənib.

 

 

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, əczaçılıq sektorunun yenidənqurulması və inkişafı istiqamətində qarşıda duran əsas məqsədlərdən biri əhalinin keyfiyyətli, təhlükəsiz və effektiv dərman vasitələri və tibbi təyinatlı mallar ilə təmin edilməsi, eləcə də dərman vasitələri ilə davranışın bütün sahələrində - dərman vasitələrinin elmi axtarışı, hazırlanması, yoxlanılması, istehsalı, qeydiyyatı, satışı, istifadəsi və s. - beynəlxalq standartlara keçilməsi də bu sənəddə yer alan aktual məsələlərdən olub.

 

Bildirək ki, dərman vasitələrinin istehsal prosesinin yüksək səviyyədə təşkili hazırki dövrdə Etibarlı İstehsalat Praktikasının ( Good Manufacturing Practice - GMP) tələbləri əsasında aparılır. Sözügedən tələblər dərman vasitələrinin istehsalının bütün mərhələlərini tənzimləyir. GMP-nin meydana çıxma tarixi 1963-cü il ABŞ-dan başlayır. Bu sahədə ilk beynəlxalq sənəd isə 1968-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssisləri tərəfindən hazırlanıb. 70-ci illərdən başlayaraq GMP konsepsiyası bütün dünya ölkələrində geniş vüsət alıb. Hazırda bu tələblər dərman vasitələri, tibbi avadanlıq, qida məhsulları, qida əlavələri, kosmetik vasitələrin istehsalında tətbiq edilməkdədir. Eyni zamanda GMP keyfiyyətə təminatın əsas tərkib hissəsi olub məhsulun daim müvafiq keyfiyyət standartlarına uyğun istehsal olunduğuna və yoxlanıldığına, öz təyinatına, qeydiyyat sənədlərinə və bu məhsula dair spesifikasiyaya, eləcə də marketinq və lisenziyalaşdırma orqanlarının tələblərinə uyğun olduğuna zəmanət verən sistemdir.

 

GMP-nın əczaçılıqda tələbləri aşağıdakılardır:

 

1. Keyfiyyət sistemi

2.İşçi heyəti

3. Sahələr və avadanlıqlar

4. Sənədləşmənin sistemli və sadə olması

5. İstehsalat

6. Keyfiyyətin yoxlanılması

7. Müqavilələr əsasında iş ( outsourcing)

8. Şikayətlərə reaksiyalar və məhsulların effektiv geri yığılması

9. Daxili təftiş

 

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində cari ildən başlayaraq illik GMP təftişi həyata keçirilməyə başlanmışdır. Belə ki, son dörd ay ərzində müxtəlif ölkələrin 8 dərman istehsalı ilə məşğul olan şirkətinin GMP tələblərinə uyğun təftişi aparılıb. Bununla yanaşı sözügedən yoxlamaları həyata keçirən mütəxəssislərin peşəkarlıq səviyyəsi daha da artırılıb və bu sahəyə yeni kadrlar cəlb olunub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR