Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-ın dağıdılması planı işə düşdü: SSRİ-nin qısası alınır?

ABŞ-ın dağıdılması planı işə düşdü: SSRİ-nin qısası alınır?

Date: 7 October 2016 17:03

Rusiyada regionların mərkəzdən uzaqlaşdırılmasına edilən separatçı çağırışlar beş il azadıqdan məhrumedilməklə cəzalandırılır. Lakin sentyabrın 25-də Moskvada keçirilən beynəlxalq konfrans isə bu məntiqə ziddir.

Konfransda Puerto-Rikodan tutmuş Livana qədər bütün separatçı rejimlərin nümayəndələri iştirak edib. Lakin tədbir KİV-də geniş əks-səda doğurmadı. Bunun əsas səbəblərindən bəlkə biri də Kremldəki məmurların konfransda iştirak etməməsi idi. Bu fakt rəsmi Moskvanın konfrans ilə heç bir əlaqəsinin olmadığı barədə mesaj da ola bilər.

Amma...

Moskvadakı “Ritz-Carlton” hotelində keçirilən “Millətlərin dialoqu. Öz müqəddəratını təyinetmə hüququ və çöxqütblü dünyanın inşası” adlı II Beynəlxalq Konfransın təşkilatçısı Rusiya Anti-qlobalist Hərəkatı idi. Anti-qlobalist Hərəkat sanballı vəziyyətə gəlmiş bir neçə ultra-millətçi qrupdan biridir və Rusiya prezidenti Vladimir Putinin Qərbə qarşı mövqeyini dəstəkləyir. Konfransda iştirak edən ABŞ-ın “Financial Times” nəşrinin Moskva müxbiri Maks Sedan bildirir ki, təşklatın Putinin mövqeyini dəstəkləməsinə baxmayaraq, konfransda Kremlin iştirakı imkanları məlum deyil. Avropa Birliyi və ABŞ-ın rəsmi nümayəndələri də Rusiyanı dəfələrlə marginal partiyaları maliyyələşdirməkdə ittiham edib. Lakin bununla bağlı cidd dəlil-sübutlar yoxdur.

Anti-qlobalist Hərəkatının 26 yaşlı lideri Aleksandr İonov konfransda bəyan edib ki, təşkilatın fəaliyyətini, həmçinin konfransda iştirak edənlərin nəqliyyat xərclərini o, özü beynəxalq ticarət şirkətindəki gəlirləri hesabına maliyyələşdirib. Lakin o, “siyasi səbəblər”ə görə sponsorların adlarını açıqlamayıb.

Bununla belə, amerikalı müxbir hesab edir ki, konfransın Moskvada keçirilməsi faktı belə Rusiyanın dissident hərəkətlərinə sponsorluq etməklə Qərb ölkələrində gərginlikləri istismar etməsini göstərir.

Konfransda Texas, Kaliforniya, Havay, Puerto-Riko, İrlandiya, Kataloniya, İtaliya, Qərbi Saxara, Donetsk və Luqansk nümayəndələri iştirak edib. Anti-qlobalist Hərəkatın açıqladığı əvvəlki siyahıdan fərqli olaraq, sonrakı siyahıda Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya separatçıları iştirakçılar arasında qeyd olunmayıb.

Qərbə əzələ nümayişi və verilən mesajlar

Dünya separatçıları Moskvada məhz niyə indi toplanıb? Bu suala cavab verərkən ilk növbədə beynəlxalq geostrateji vəziyyətə nəzər salmaq lazımdır. Rusiya və Qərb münasibətləri SSRİ-nin dağılmasından bu yana demək olar ki, ən gərgin dövrünü yaşayır. Dünyanın bir çox regionlarındakı qaynar nöqtələr, xüsusilə Ukrayna və Suriya münaqişəsi tərəfləri silahlı toqquşma həddinə gətirib. Moskvanın iddiasına görə, Qərb Rusiyanı beynəlxalq təcrid vəziyyətinə salmaq istəyir. Moskva isə onun düşünüldüyü kimi zəif olmadığını və cavab vermək üçün kifayət qədər effektiv vasitələrinin olduğu barədə siqnallar verir.

Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri bizimlə söhbətində bildirib ki, konfransın Moskvada keçirilməsi Rusiyanın hazırkı siyasəti ilə bağlıdır.

Politoloq hesab edir ki, konfransı Qərb-Rusiya qarşıdurması konteksində dəyərləndirmək mümkündür: “Hazırda heç bir cəbhədə Qərblə Rusiya arasında uzlaşmadan söhbət gedə bilməz. Suriya cəbhəsində münasibətlər gərginləşib və proses qarşıdurma səviyyəsinə qədər inkişaf edə bilib. Bu prosesin Ukraynaya transfer oluna biləcəyi təhlükəsi var və artıq bunun işartıları görünür. Orada da savaş başlanarsa, post-sovet məkanının digər ölkələrində münaqişələr hərbi aktivlik mərhələsinə keçə bilər”.

Natiq Mirinin fikrincə, konfransın keçirilməsi ilk növbədə Qərbə güc nümayişidir: “Moskva göstərmək istəyir ki, ABŞ-ın geostrateji maraqlarındakı bu münaqişələr, eyni zamanda separatizm dalğası Rusiyanın nəzarətindədir, istənilən zaman bu dalğanı gücləndirə bilər”.

Politoloq həmçinin qeyd edir ki, separatçıların Moskvada toplanmasını təkcə Qərb-Rusiya münasibətləri konteksində dəyərləndirmək olmaz. Onun sözlərinə görə, bu məsələdə digər regional ölkələr də öz payını almamış deyil.

Politoloq Qabil Hüseynli də bu fikirdədir ki, sözügedən konfransın vaxtının Rusiya-Qərb münasibətlərinin kəskinləşdiyi dövrlə üst-üstə düşməsi təsadüf hesab oluna bilməz və tədbir Qərbə güc nümayişi və verilən müəyyən mesajlardır.

SSRİ-nin qısası alınır?

Qabil Hüseynlinin sözlərinə görə, Rusiya indiyə kimi diqqəti daha çox sovet məkanındakı separatçı bölgələrə - Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Dağlıq Qarabağa yönəldirdi. Onun sözlərinə görə, Rusiya son vaxtlar Avropadakı separatçı qüvvələrlə də əlaqələr qura bilib. Politoloq bildirir ki, Moskva hamısını olmasa da, Avropadakı müəyyən separatçı qüvvələri öz təsir dairəsinə keçirə bilib.

KİV isə bir az da uzağa gedərək bildirir ki, Rusiya hakimiyyəti ABŞ-ın Texas ştatında olan separatçıları da dəstəkləyir. Amma bu dəstəyin yalnız Qərb və Rusiyanın indiki münasibətləri ilə bağlı olmadığı bildirilir. Söhbət SSRİ-nin dağıdılmasına görə alınacaq qisasdan gedir.

Amerika nəşri “Politico” çox maraqlı bir fikirlə çıxış edib. Nəşr hesab edir ki, Texas ştatının mümkün müstəqilliyi Sovet İttifaqının dağılmasında ABŞ-ı ittiham edən Moskva üçün “şirin hesablaşma” ola bilərdi. “Politico” nəşri iddiasını əsaslandırmaq üçün Rusiya prezidenti Vladimir Putinin 2014-cü il dekabrın 18-də keçirdiyi illik mətbuat konfransda səsləndirdiyi fikirləri sitat gətirib.

“Biz Qərbdə rəsmi şəxslərdən eşidirik ki, Sibirin Rusiyaya aid olması ədalətsizdir. Amma Texas Meksikadan qoparılıb. Bu, ədalətlidirmi?” - Rusiya lideri söyləmişdi.

“Politico” həmçinin qeyd edir ki, Kreml Krımın ilhaqından sonra Qərbdə separatizm əhval-ruhiyyələrini fəal şəkildə dəstəkləyir, Rusiya KİV-i Venesiya, Şotlandiya və Kataloniyada baş verənləri həvəslə işıqlandırır.

Bundan başqa, qəzetin məlumatına görə, 2014-cü ilin yazında “Texas Millətçi Hərəkatı”nın başçısı Natan Smit Sankt-Peterburqa səfər edib. Natan Smit bildirib ki, onun hərəkatını ştatda 250 min insan (Texas ştatında 27,6 milyon insan yaşayır) dəstəkləyir. “Onlar özlərini ilk növbədə texaslı hesab edirlər, amma hazırda amerikalı qalmağa məcbur ediliblər. ABŞ-da demokratiya deyil, diktatura hökm sürür”, - Smit deyib.

Məqalənin müəllifləri həmçinin Çeçenistan Respublikası parlamentinin keçmiş spikeri Dukuvaxa Əbdürrəhmanovun 2015-ci ilin yazında verdiyi bəyanatını xatırladıb. Əbdürrəhmanov xəbərdarlıq edib ki, ABŞ əgər Ukraynaya silah çatdırmağa başlasa, Rusiya Meksikanı yeni silahlarla təmin edəcək. Çeçen siyasətçinin sözlərinə görə, ABŞ tərəfindən zəbt edilmiş Kaliforniya, Nyu-Meksika, Arizona, Nevada, Yuta və Kolorado ştatlarının statusu haqqında müzakirələr yenilənə bilər.

Qeyd edək ki, Texas suveren dövlət olaraq ABŞ-ın tərkibinə daxil olan yeganə ştatdır. Birləşmənin əsas şərtlərindən birinə görə, Texas arzuladığı vaxt ABŞ-ın tərkibindən çıxa bilər. Texas əhalinin sayına görə yalnız Kaliforniya, ərazinin böyüklüyünə görə isə yalnız Alyaskadan geri qalır. Texas ABŞ-dan malların əsas ixracatçısıdır. Ştatın digər ölkələrlə ticarət dövriyyəsi ildə 100 milyard dollardan çox təşkil edir. Əgər Texas müstəqil dövlət olsa, dünyanın (2012-ci ilin göstəricilərinə görə) 14-cü ən böyük iqtisadiyyatına malik olar. Bu isə Cənubi Koreya və Niderland kimi ölkələrdən daha yüksək göstəricidir.

Sonda xatırladaq ki, Böyük Britaniyanın Avropa Birliyinə üzvlüyü ilə bağlı bu il iyunun 23-də keçirilən referendumdan sonra Rusiyanın separatizmə dəstəyi barədə fikirlər çoxaldı. Britaniyanın o vaxtkı baş naziri ölkənin Avropa Birliyindən çıxmasından Putinin xoşbəxt olacağını söyləyib. Bu yanaşmanın arxasında dayanan fikir isə ondan ibarət idi ki, Rusiya referendumdan sonra Şimali İrlandiya və Şotlandiyanın müstəqil olacağını, bunun isə Avropada separat qüvvələri aktivləşdirəcəyini gözləyir.

Ömər Dağlı


Tags:  ABŞ-ın dağıdılması planı işə düşdü SSRİ-nin alınır

RƏYLƏR


Top news