Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda inflyasiyasının miqdarı açıqlandı

Azərbaycanda inflyasiyasının miqdarı açıqlandı

Date: 7 October 2016 17:17

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,2 faiz artıb.

Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6 faiz artıb.

Ay ərzində düyü, un, çörək, makaron məmulatları, qarabaşaq, yulaf və arpa yarması, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, şəkər və şəkər tozu, limon, banan, üzüm, kələm, göyərti, pomidor, xiyar, badımcan, bibər, göy lobya, kartof, kök, çuğundur, sarımsaq və tütün məmulatlarının qiymətlərində artım, alma, balqabaq və soğanın qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında avqust ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, televizor, telefon və fotoaparatlar, kompüterlər, dəftərxana ləvazimatları, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində artım müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri azalıb, ali təhsil müəssisələrində təhsil haqları, respublikadan kənara istirahət turları, mənzillərin icarə haqları, paltarların təmizlənməsi və təmiri xidmətləri, ayaqqabılar, məişət cihazları, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətləri, stomatoloji xidmətlər, bərbərxana və kosmetik xidmətlər, ev və məişət xidmətlərinin qiymətləri artıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Milli.Az


Tags:  Azərbaycanda inflyasiyasının miqdarı açıqlandı

RƏYLƏR


Top news