"Münasibətləri bərpa etmək üçün özləri gəldilər" - Prezident

"Münasibətləri bərpa etmək üçün özləri gəldilər" - Prezident
17:24 7 Oktyabr 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, bir il ərzində Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri kəsmişdi, Avronest qurumundan çıxmışdı. Bunun da səbəbi var, ictimaiyyət bunu bilir". Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin bugünkü toplantısında çıxışı zamanı deyib. Prezident bəyan edib ki, bu, Azərbaycanın günahından olmayıb: "Biz günahkar deyilik. Bizə qarşı ədalətsizlik nümayiş etdirildi. Biz təhqir olunduq. Bizə qarşı diplomatiyada qəbuledilməz sözlər işlədildi. Təbii olaraq, biz də öz sözümüzü dedik. Azərbaycan Milli Məclisi də çox əsaslı, arqumentli, kəskin, yəni, Avropa Parlamentinin o qətnaməsinə uyğun, elə o səviyyədə cavabını verdi. Bir il münasibətlərimiz dondurulmuşdu. Yəni, bunu Azərbaycan xalqı heç hiss etməyib. Mən də o vaxt demişdim, münasibətlər olsa yaxşıdır, olmasa da hər halda bunun bizim işimizə heç bir təsiri yoxdur. Nəticədə nə oldu? Münasibətləri bərpa etmək üçün özləri gəldilər. Gördülər ki, təhqir, təzyiq yolu ilə keçmir. Halbuki bunu çoxdan bilməli idilər ki, keçmir və keçməyəcək. Gəldilər ki, münasibətləri bərpa etsinlər".

 

Prezident qeyd edib ki, Avropa parlamenti ilə münasibətlərə dair Azərbaycanın da bəzi təklifləri olub: "O təkliflər müsbət qəbul edildi və bu təkliflərin nəticəsində birgə bəyanat da səsləndi. O bəyanatda ifadə olundu ki, Avropa Parlamenti belə hərəkətlərə yol verdiyinə görə təəssüf edir. Orada göstərilir ki, gələcəkdə bu cür hərəkətlərin təkrar olunmaması üçün işlər aparılacaq. Biz də konstruktiv mövqe nümayiş etdirərək qərar qəbul etdik ki, artıq bu, bizi qane edir və münasibətlər indi bərpa olunur.

Mən nəyi demək istəyirəm? Mən özümüzü tərifləmək istəmirəm, heç vaxt da tərifləməmişəm, halbuki tərif üçün bir çox məqam var. Biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik. Heç kimə imkan vermərik ki, bizi təhqir etsin. Qəbuledilməz hər bir hərəkətə cavabımızı veririk, sözümüzü deyirik, heç kimdən çəkinmirik, nəinki bizə aid olan məsələlərdə, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdiririk. Dünyada gedən işlərlə bağlı bizim mövqeyimiz var və biz bu mövqeyi çəkinmədən ifadə edirik.

Bu il iyirmidən çox dövlət, hökumət başçısı Azərbaycanda rəsmi və işgüzar səfərlərdə olub. Mən 14 xarici səfər etmişəm. Hələ ilin sonuna qədər həm Azərbaycana dövlət, hökumət başçıları gələcək, həm də mənim səfərlərim nəzərdə tutulur. Yəni, çox fəal xarici siyasət aparmışıq və bu siyasət Azərbaycanı bu gün dünyada nümunəvi ölkə kimi göstərir".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR