“2016-cı il dünya iqtisadiyyatı üçün çox ağır il olmuşdur.
Tarixdə bəlkə də ən ağır illərdən biridir. Dünya iqtisadiyyatında
böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii resurslarla
zəngin olan ölkələr, eyni zamanda, istehlakçı ölkələr əziyyət
çəkir. Təbii ki, neftin qiymətinin kəskin şəkildə düşməsi neftlə
zəngin olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərmişdir.
Eyni zamanda, neft ölkələrində öz kontraktlarını icra edən digər
ölkələr də əziyyət çəkir. Çünki o ölkələrin şirkətləri kontraktları
daha az həcmdə icra edir və beləliklə, bu böhran o ölkələrə də
mənfi təsir göstərir”.
Publika.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham
Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası ndakı çıxışında deyib.
“2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşanır. Dünyanın
müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır,
risklər, təhdidlər artır. Yaxın Şərqdə vəziyyət deyə bilərəm ki,
kritik həddə çatmışdır. Yaxın Şərqdə müşahidə olunan qarşıdurma çox
böyük fəlakətə gətirib çıxara bilər. Çünki hamımız yaxşı görürük
ki, vəziyyət getdikcə kəskinləşir.
Avropanın miqrant böhranı. Demək olar ki, o da bütün dünyada
müşahidə olunur. Mən miqrant böhranı haqqında dəfələrlə öz
fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, öz canlarını
qurtarmaq istəyən o insanların heç bir günahı yoxdur. Onların
ölkələri xarici müdaxilə nəticəsində dağıdılıb. Onların şəhərləri
yerlə-yeksan edilib, yaxınları, qohumları, yüz minlərlə insan həlak
olub. Onlar öz canlarını qurtarmaq üçün Avropaya pənah aparırlar.
Ancaq Avropada bəzi hallarda onları tikanlı məftil, qəfəs gözləyir.
Bu da, əlbəttə ki, əgər belə demək mümkündürsə bu ilin əlamətidir
və bu, sivilizasiyalararası münasibətlərə çox böyük zərbə vurur.
Biz artıq neçə ildir çalışırıq ki, mədəniyyətlərarası dialoqu
gücləndirək. Bizim fəaliyyətimiz dünyada böyük rəğbət qazanıb.
Ancaq əfsuslar olsun ki, dünyanın müxtəlif ölkələrində tendensiya
əks istiqamətdə gedir”, - dövlət başçısı vurğulayıb.
Prezident bildirib ki, miqrant böhranı öz növbəsində Qərb
ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox
səs toplayırlar: “Bu, ilk növbədə, onu göstərir ki, cəmiyyət artıq
onlara daha böyük dəstək verir, eyni zamanda, əgər gələcəkdə bu
meyil davam etsə bu partiyalar hakimiyyətə gələcəklər, - ondan
sonra onların siyasətinin nədən ibarət olacağı heç kəs üçün sirr
deyil, - beləliklə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək.
Bizim cəmiyyətimiz bütün bu reallıqları bilməlidir. Artıq həm
yaşadığımız bölgə, həm dünya dəyişib. Biz də öz siyasətimizi buna
uyğun şəkildə aparmalıyıq.
Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik,
öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona
görə bu gün Azərbaycanda inkişaf və sabitlik var. Bəzi insanlar bu
gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya
etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz
hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan
müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük
rəğbət qazanıbdır. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri
deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor
pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik.
Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü
Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının
ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin
böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı
inteqrasiya etməliyik?! “Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya
etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq
edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə
saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir
və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə
qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif
iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik”.
Prezident qeyd edib ki, Azərbaycan öz yolu ilə gedir və Avropa ilə
çox sıx əlaqələr qura bilib: “Həm Avropa İttifaqı ilə bizim
müxtəlif sənədlərimiz imzalanıb, eyni zamanda, növbəti sənəd
üzərində iş aparılır. Bizim təşəbbüsümüzlə Avropa Komissiyasına
göndərdiyimiz təklif indi müzakirə olunur, biz tərəfdaşlıq formatı
haqqında danışırıq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə bizim
strateji tərəfdaşıq haqqında sənədlərimiz var. Biz 15 ildir ki,
Avropa Şurasında çalışırıq və orada da bizim mövqelərimiz
gündən-günə möhkəmlənir. Biz hətta o təşkilatda da dönüş yarada
bilmişik. Avropa Şurası Parlament Assambleyasındakı deputatların
əksəriyyəti artıq görür ki, bizə qarşı ədalətsizliklər, ikili
standartlar olub və bu gün vəziyyət tam normaldır. Ona görə
əməkdaşlıqla bağlı bizim heç bir problemimiz yoxdur. Biz bu
əməkdaşlığa meyilliyik. Amma biri var əməkdaşlıq, biri də var
inteqrasiya. Bax, bu iki sözün arasında fərqi bilməyənlər bu gün
bir daha eşitsinlər və yersiz, özlərini təbliğ etmək, kiminsə
xoşuna gəlmək üçün söz-söhbətlərə son qoysunlar.
Belə bir beynəlxalq mənzərə fonunda Azərbaycan uğurla inkişaf edir.
Biz mötəbər beynəlxalq tədbirlər keçiririk. Bu yaxınlarda V Bakı
Beynəlxalq Humanitar Forumu öz işini yekunlaşdırdı. Forumda 80-ə
yaxın ölkədən 400-dən çox tanınmış xadim iştirak etmişdir. Forumda
bir daha bizim gördüyümüz işlər, xüsusilə multikulturalizmlə bağlı
gördüyümüz işlər yüksək qiymətləndirildi. Bu il ölkəmizdə digər
beynəlxalq tədbirlər də keçirilmişdir. Onların arasında BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusilə qeyd etmək
istəyirəm. Bu Forumun Azərbaycanda keçirilməsi bu sahədə gördüyümüz
işlərə dünya tərəfindən verilən böyük qiymət idi.
Biz Azərbaycanda böyük idman yarışları keçirmişik. 500 milyon
auditoriyası olan “Formula-1” yarışını keçirmişik. Özü də
“Formula-1” qrupunun rəhbərləri də qeyd etmişlər ki, ən gözəl yarış
Azərbaycanda keçirildi. İlk dəfə olaraq Azərbaycanda ən yaxşı
təşkil edilən Ümumdünya Şahmat Olimpiadası keçirildi. Bu
olimpiadaya bütün dünyadan - 200-ə yaxın ölkədən nümayəndələr
gəlmişdi.
Böyük mötəbər tədbirlər arasında Roma Papası Fransiskin Azərbaycana
rəsmi səfərini xüsusilə qeyd etmək istəyirəm. Bu, tarixi bir səfər
idi və Roma Papası Bakıdan bütün dünyaya çox açıq mesajlar
göndərdi. O cümlədən Azərbaycanda multikulturalizmin vəziyyəti ilə
bağlı onun dəyərli fikirləri həm həqiqəti əks etdirir, həm də dünya
katoliklərinin rəhbərinin bu işlərə qiymətinin gözəl təzahürü
idi.
Bax, biz bu işləri görürük. Amma ətraf yanır, yan-yörə alovlanır,
risklər artır. Biz isə öz xoşbəxt həyatımızı və xoşbəxt
gələcəyimizi qorumalıyıq və qoruyuruq. Azərbaycanda sülh,
əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır,
quruculuq işləri aparılır. Şəhərlərimiz gözəlləşir, abadlaşır,
bütün işlər çox yaxşı gedir”.