"Nazarbayevin Azərbaycana səfəri zamanı iki mühüm sənəd imzalanacaq"

"Nazarbayevin Azərbaycana səfəri zamanı iki mühüm sənəd imzalanacaq"
17:42 7 Oktyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevin APA-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri gözlənilir. Səfərin məqsədi nədir və bu səfər əvvəlkilərdən nə ilə fərqlənəcək?

- Öncə onu deyim ki, bu səfər iki qardaş ölkənin müstəqilliyinin 25 illiyi ərəfəsində baş tutacaq. İkincisi, bu səfər hər iki tərəf üçün gözlənilən idi. Ölkə başçımızın Azərbaycana əvvəlki səfəri 2009-cu ildə baş tutmuşdu. Səfərin nəticəsi olaraq hər iki ölkə vətəndaşının vizasız gediş-gəlişinə dair razılaşma, yanacaq-energetika sahəsində razılaşmalar da daxil olmaqla, bir sıra sənədlər imzalanmışdı. Bu müddətdə ölkə başçılarımız həm də çoxtərəfli formatda beynəlxalq tədbirlər çərçivəsində görüşlər keçiriblər. Belə ki, 2013-cü ildə Nursultan Nazarbayev Qəbələdə türkdilli ölkələrin dövlət başçılarının III sammitində iştirak etmək üçün Azərbaycan gəlib. Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev ötən il Qazax xanlığının 550 illik yubileyində iştirak etmək üçün Astanaya və MDB ölkələrinin dövlət başçılarının sammitində iştirak etmək üçün Burabaya səfər edib.
 
Üçüncüsü, bu səfər qlobal siyasi və iqtisadi qeyri-stabillik fonunda baş tutacaq. Azərbaycanla Qazaxıstanı tək qardaşlıq bağları birləşdirmir. Bizim ticari-iqtisadi əlaqələrimiz hər zaman qarşılıqlı fayda kəsb edəcək şəkildə inkişaf edir. Lakin qonşu regionlardakı çətin vəziyyət, böyük iqtisadi böhran öz izini qoyur. Buna uyğun olaraq bir sıra problemlər yaranır ki, hazırkı vəziyyətdə bunları müzakirəyə etməyə ehtiyac var.
 
Dördüncüsü, müasir qloballaşma şəraitində bizim strateji tərəfdaşlığımız daha çox aktuallıq qazanır. İlk növbədə bu, ölkələrimizin tranzit potensialı ilə bağlıdır. Belə ki, çətin qlobal maliyyə-iqtisadiyyat şəraitində beynəlxalq nəqliyyat-tranzit siyasətinin rolu aktuallaşır. Azərbaycandan keçən Qafqaz marşrutu bizə Avropa bazarına çıxışı təmin edəcək. Öz növbəsində Qazaxıstan Azərbaycan üçün Mərkəzi Asiya və Çin bazarına qapı açır. Nəzərə alsaq ki, ölkələrimiz Böyük İpək Yolunun üzərində yerləşir, tranzit amili ölkələrimiz arasında əməkdaşlığın vacib və perspektivli komponentlərindən biri rolunu oynayır.
 
Belə ki, 2015-ci il avqustun 3-dən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Bakının Ələt ticarət limanına "Şixeztsi-Dostik-Aktau-Ələt" xətti ilə hərəkətdə olan ilk konteyner qatarı daxil oldu. 2015-ci ilin noyabrında sözügedən xətt üzrə İstanbul limanı istiqamətində ikinci konteyner qatarı buraxıldı. Bu xətlər üzrə Çindən Azərbaycana yüklərin gətirilməsi üçün 5 gün vaxt sərf olundu. Bakı-Tbilisi-Qars dəhlizinin açılması ilə yüklərin Avropaya daşınması üçün 7 gün vaxt sərf olunacaq. İndiyə kimi dəniz yolu ilə yüklərin Çindən Avropaya daşınması üçün 30-35 gün sərf olunurdu.
 
Göründüyü kimi, bu işdə tək Qazaxıstan və Azərbaycan deyil, regionun digər ölkələri, həmçinin Çin və Avropa İttifaqı da maraqlıdır. Qazaxıstanın konteyner qatarı ilə yanaşı, bu il yanvarın 15-də Ukraynanın İliçevsk limanından Çin istiqamətində ilk test qatarı yola salındı. Bu qatar 10 vaqon və 20 ədəd 40 futluq konteynerlərdən ibarət idi. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Ukraynadan Mərkəzi Asiya istiqamətində hərəkətdə olan ikinci test qatarı isə fevralın 11-də Bakıya çatıb. Qatar 32 vaqondan ibarət olub. Onlardan 31-i Türkmənistana, biri isə Qazaxıstana aparılıb. Ukraynadan Mərkəzi Asiya və Çinə növbəti 3 il üçün yük daşınmasının illik həcmi təxminən 10 milyon ton nəzərdə tutulur. Həmçinin 2016-cı ili yanvarında Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yüklərin daşınmasına dair rəqabətədavamlı güzəştli tariflərin müəyyənləşdirilməsinə dair protokol imzaladı. Bu protokol artıq 2016-cı ilin 1 iyunundan qüvvədədir.
 
2016-cı ilin fevralında Ukrayna və Litva "Vikinq" konteyner qatarının Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulması barədə memorandum imzaladılar. Bu ilin mayından rəsmi olaraq Ukrayna "Vikinq" layihəsinin istifadəsi ilə yanaşı, Gürcüstan-Ukrayna-Aİ xəttindən istifadəni də təklif etməklə, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil oldu. Bütün bunlar Qafqaz nəqliyyatının nə dərəcədə cəlbedici olduğunu göstərir və bizim ticari-iqtisadi əlaqələrimizi yenin səviyyəyə yüksəldir.
 
Statistika göstərir ki, obyektiv maliyyə-iqtisadi vəziyyət səbəbindən dünya iqtisadiyyatının bütün aktorları, o cümlədən Qazaxıstanla Azərbaycan  arasında ticarət dövriyyəsi nəzərəçarpacaq dərəcədə azalıb. Bununla bağlı olaraq biz milli iqtisadiyyatın dəstəklənməsi üçün alternativ variantlar axtarmalıyıq. Buna görə də ölkələrimizin tranzit potensialının inkişafı birinci dərəcəli məsələdir. Gələcəkdə ölkələrimiz məhz bu istiqamətdə əməkdaşlığı genişləndirəcəklər.
 
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri zamanı tranzit-nəqliyyat sahəsində iki mühüm sənədin imzalanması gözlənilir. Bunlardan biri "Qazaxıstan Dəmir Yolları" Səhmdar Cəmiyyəti ilə Azərbaycan "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti arasında strateji əməkdaşlığa dair razılaşma və birgə şirkətin yaradılmasının əsas prinsiplərinə dair razılaşmadır. Bununla yanaşı, beynəlxalq avtomobil nəqliyyatı, müəllif və birgə hüquqların qorunması, ekologiya, iki ölkənin xarici siyasət idarələri arasında əməkdaşlığa dair proqram və bir sıra digər razılaşmaların imzalanması gözlənilir.
 
- Ümumilikdə iki ölkə arasında əlaqələr necə inkişaf edir, ticari-iqtisadi əməkdaşlığı necə qiymətləndirirsiniz?
 
- Dediyim kimi, Azərbaycan bizim üçün Qafqaz regionunda vacib siyasi və iqtisadi tərəfdaşdır. Biz ikitərəfli əlaqələrimizin gələcək inkişafına nikbin baxırıq. Bu sıx əlaqələrin əsası Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bu əlaqələr Azərbaycan prezidenti İlham Əliyevin tərəfindən inkişaf etdirilir. Müstəqillikləri ərzində ölkə başçıları 50-dən artıq ikitərəfli görüşlər keçiriblər. Bu görüşlər həm ikitərəfli səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində baş tutub. Qeyd etmək istəyirəm ki, Azərbaycan tərəfi Qazaxıstan tərəfinin bütün təşəbbüslərini, eyni zamanda Qazaxıstan Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir. Qardaş ölkə Qazaxıstanın son ixtisaslaşmış "Astana EKSPO 2017" beynəlxalq sərgisində iştirak edib və Qazaxıstanın 2017-2018-ci illərdə BMT TŞ-yə qeyri-daimi üzv seçilməsini dəstəkləyib. Biz də öz növbəmizdə Azərbaycanın Beynəlxalq Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü vəzifəsinə namizədliyini dəstəkləmişik.
 
Əgər ikitərəfli iqtisadi əlaqələrdən danışırıqsa, deyə bilərəm ki, Azərbaycan və Qazaxıstan bütün mümkün sferalarda sıx əməkdaşlıq edir. Nazirlik və idarə rəsmilərinin mütəmadi əsasda səfərləri reallaşdırılır. Bu çərçivədə iqtisadiyyatın konkret istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə edilir. 2016-cı ilin ilk yarısında iki ölkə arasında ticarət dövriyyəsi 71,505 milyon ABŞ dolları təşkil edib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 37,6% çoxdur. Qeyd etmək lazımdır ki,  əvvəlki dövrlərdə bu rəqəmlər kifayət qədər yüksək olub. Bu durum qlobal iqtisadi böhran və dünya iqtisadiyyatının mürəkkəb vəziyyəti ilə əlaqədardır. Lakin indiki dövrdə ticarət dövriyyəsinin artırılması üçün əlavə daxili ehtiyatlar nəzərdən keçirilir.
 
Bir qayda olaraq  ölkələr arasında ticarət dövriyyəsinin nomenklaturası çox nadir hallarda dəyişir, bizim ölkələr də istisna deyil. Qazaxıstanın Azərbaycana idxalının əsas hissəsini mineral resurslar, kimyəvi xammal, taxıl, arpa, elektrik avadanlıqları təşkil edir. Qazaxıstana isə bituminoz materiallardan alınmış neft məhsulları, maşın və mexanizmlər üçün etilen polimerləri, tikinti konstruksiyaları, kənd təsərrüfatı məhsulları idxal olunur. İqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafına Azərbaycan-Qazaxıstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işi də böyük töhfə verir. Bu yaxınlarda Astanada komissiyanın 13-cü iclası baş tutub və sonda protokol imzalanıb. Növbəti iclas isə qayda olaraq Bakıda keçiriləcək. Komissiyanın tövsiyələri geniş miqyasda ikitərəfli əməkdaşlığı əhatə edir. Buraya energetika, nəqliyyat, tranzit, kənd təsərrüfatı, turizm sahələrində ticari-iqtisadi və investisiya əlaqələri daxildir.
 
- Bu gün hansı birgə layihələ həyata keçirilir?
 
- Hazırda Qazaxıstanda Azərbaycan kapitalı ilə işləyən 700-dən çox şirkət qeydiyyatdadır. Azərbaycanda isə Qazaxıstan kapitalı ilə işləyən 60 şirkət qeydiyyata alınıb. 2007-ci ildən Bakı ərazisində Qazaxısan və Azərbaycanın birgə şirkəti olan müasir "Bakı Taxıl Terminalı" MMC fəaliyyət göstərir. Bu şirkət Qazaxıstan taxılını qəbul edir və paylayır. Şirkətin əsasını 15 min tonluq taxılı müvəqqəti saxlamağa imkan verən 5 silosdan ibarət terminal təşkil edir. Terminalın taxılın daşınması üçün istehsal gücü saatda 300 ton, illik isə 500 min ton təşkil edir. Azərbaycanı yüksək keyfiyyətdə taxılla təmin etməklə yanaşı, Bakıdakı terminal Qazaxıstan taxılının Qafqaz və Qara dəniz regionuna, həmçinin Aİ ölkələrinə təkrar ixracında böyük rol oynayır.
 
Qızılorda və Cənubi Qazaxıstan vilayətlərindən keçən "Qərbi Avropa-Qərbi Çin" beynəlxalq avtomagistral yolunun tikintisi, həmçinin Şımkənd-Daşkənd istiqamətindəki avtomobil yolunun bərpası  üzrə "Akkord" şirkəti ilə əməkdaşlıq davam etdirilir. 2014-cü ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı Azərbaycandan Qazaxıstana meyvə-tərəvəz məhsullarının tədarükünün vacibliyi məsələsini qaldırdıqdan və Qazaxıstanın Qərbində böyük logistika mərkəzin tikintisinin mümkünlüyü barədə danışdıqdan sonra Aktau şəhərində "Morpot Aktau" Azad İqtisadi Zonası ərazisində "Azərsun istehsalat və logistika mərkəzi"nin tikintisinə başlanıldı. Bu gün mərkəzin tikintisi artıq başa çatıb və o işə başlayıb. Bu, bizim quru qərb vilayətlərimizin ərzaq təminatını həyata keçirib. Bununla yanaşı, "Qazaxıstan Dəmir Yolları" Səhmdar Cəmiyyəti ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında çox məhsuldar əməkdaşlıq mövcuddur. 2014-cü ilin 12 mayında Bakıda Azərbaycana ümumi dəyəri 300 milyon dollar olan 50 elektrik lokomotivinin tədarükü barədə razılaşma imzalandı. Razılaşmaya əsasən elektrik lokomotivləri Qazaxıstanda yığılacaq və 2017-ci ilindən Azərbaycana gətirilməyə başlayacaq.  2015-ci ilin iyulunda "Lokomotiv Kurastyru Zauyty" şirkəti ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında lizinq əsasında 10 lokomotivin tədarükü barədə razılaşma imzalanıb. Bu razılaşma artıq gerçəkləşdirilib.
 
Bütün bu layihələr hazırkı çətin iqtisadi vəziyyət fonunda çox vacib və aktual layihələrdir. Bu gün dünya iqtisadiyyatı növbəti böhranla üzləşib. Azərbaycan və Qazaxıstanın əlində bütün imkanlar var ki, birgə səylərlə bu böhranın öhdəsindən gəlsinlər. İndi bizim əsas vəzifəmiz odur ki, bu imkanlardan düzgün istifadə edək.
 
- Ölkələr arasında humanitar sahədə əməkdaşlıq barədə nə deyə bilərsiniz?
 
- Siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirərkən bunun mənəvi tərəfini də unutmamalıyıq. Qazaxlar və azərbaycanlılar hər şeydən öncə ümumi kökə və tarixə malikdirlər. Ölkələrimizin mədəniyyəti bir-birinə çox yaxındır. Ona görə də hər iki tərəf buna xüsusi önəm verir. Qazaxlar Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlərdə aktiv iştirak edirlər. Qazaxıstan parlamenti Senatının spikeri K. Tokayevin bu yaxınlarda BMT Sivilizasiyalararası Alyansın Bakı Forumunda iştirakı da buna sübutdur. Həmçinin bu yaxınlarda Qazaxıstanın dövlət katibi Q. Abdikalikova V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycana səfər edib. Tərəflər bu sahədə əlaqələrin hazırkı səviyyəsini gələcəkdə də qorumaq niyyətindədirlər. Ötən il səfirlik və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Qazax xanlığının 550 illiyi və Abay Kunanbayevin 170 illiyi ilə bağlı beynəlxalq konfrans təşkil edilib. Tədbirdə yerli ziyalılar, Milli Məclisin deputatları, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən olan ekspertlər iştirak edib. Türk Akademiyası ilə birlikdə biz həmçinin Qazax xanlığının 550 illiyinə həsr olunmuş kitab çıxardıq və onu həmin konfransda təqdim etdik. Çox yaxşı tədbir alınmışdı. Bu, onu göstərir ki, insanlara bu kimi birgə layihələr lazımdır. Biz tez-tez tarix və mədəniyyətə müraciət etməliyik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/477171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR