SSRİ 500 min vətəndaşı necə "yox" etdi? DƏHŞƏTLİ FAKTLAR - FOTOLAR

SSRİ 500 min vətəndaşı necə "yox" etdi? DƏHŞƏTLİ FAKTLAR - FOTOLAR
17:48 7 Oktyabr 2016
82 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Vətən Müharibəsi illərində 5 milyondan çox SSRİ vətəndaşı ölkə sərhədlərindən kənarda idi. Onlardan bəziləri əsir və girov düşmüş, bəziləri isə sovet rejimindən narazı olduqlarından ölkəni tərk etmişdilər. Bu yaxınlarda açılmış arxiv materialları əsasında bir sıra faktlar üzə çıxıb. Məlum olub ki, müharibə başa çatdıqdan sonra 500 min SSRİ vətəndaşı Vətənə qayıtmayıb. Elə bu səbəbdən də diktator Stalin Yalta konfransında müttəfiq ölkələrə ərazilərindəki sovet vətəndaşlarının geri qaytarılmasını təkid edirdi. Lakin bu insanları vətəndə faşist düşərgələrindəki işgəncə və məhrumiyyətlər gözləyirdi.

Publika.az “Anarın müəllif araşdırması” layihəsi çərçivəsində SSRİ-yə qayıtmaqdan imtina etmiş sovet vətəndaşlarının və digər insanların həyatı ilə bağlı faktları təqdim edir.

Yalta qurbanları

Repatriantların (əsirlikdən, mühacirətdən vətənə qayıtmış adamların) və hərbi əsirlərin SSRİ-yə qaytarılması məsələləri 1945-ci ilin fevralında keçrilən Yalta konfransındın əsas müzakirə mövzularından biri idi. SSRİ rəhbərinin inadlı mövqeyindən sonra konfransda iştirak edən digər ölkələrin liderləri bəyan etdilər ki, vətənə qaytarılma məcburi olmalıdır.

Nəşrlərdə və kitablarda repatriantları bu səbəbdən bəzən "Yalta qurbanı", Çörçil və Ruzvelti isə "Stalinin cinayətinin şərikləri” adlandırırlar.

Bununla yanaşı, konfransda kimlərin repatriant adlandırılması məsələsi də həllini tapdı.

SSRİ-nin rəsmi statistikasına əsasən, 1946-cı ilin 1 martında repatriantların sayı “ölkənin daxilində yerləri dəyişdirilmiş” (yəni sürgün, deportasiya olunmuş) ilə birlikdə 5352963 nəfər idi. Əgər sürgün, deportasiya olunmuşları nəzərə almasaq, ölkədə 4199488 repatriant vardı. Onlardan 2660013 nəfəri mülki, 1539475 nəfəri isə hərbçilər idi.

1946-cı ilin avqustunda yaşayış yerlərinə 3322053 repatriant qaytarılmışdı. O cümlədən 1578570 nəfər Rusiyanın ayrı-ayrı ərazilərinə, 1145484 nəfər Ukraynaya, 332301 insan Belarusa, 48780 Litvaya, 54 621 vətəndaş Latviyaya, 14321 nəfər Estoniyaya, 45945 nəfər Moldovaya, 4679 insan Gürcüstana, 4204 nəfər Azərbaycana, 2045 nəfər Ermənistana, 43501 nəfər Qazaxıstana, 4780 nəfər Özbəksitana, 8455 vətəndaş Tacikistana, 901 nəfər Qırğızıstana, 723 nəfər Türkmənistana və 362 nəfər Karel-Fin SSRİ-yə yerləşdirilmişdi.

Kütləvi repatriasiya 1946-cı ilin birinci yarısında başa çatdı. Proses bundan sonra kütləvi hal almadı. Lakin az-az da olsa, davam etdi. Məsələn, 1952-ci ilin iyuluna qədər 4305035 nəfər Vətənə qaytarılmışdı.

“Şərqlilər” və “qərblilər”

Repatriantların hamısı şərti olaraq “şərq”lilərə və “qərb”lilərə bölünürdü. “Şərqlilər” 1939-cu ilin sentyabrına qədər SSRİ-də yaşayanlar, "qərblilər" isə Sağ sahil Moldovası, Qərbi Ukrayna, Qərbi Belarus, Baltikyanı və şimali Bukovina sakinləri idilər. Bu qruplar bir-birindən kəskin dərəcədə fərqlənirdi.

Araşdırmaçıların sözlərinə görə, “şərq”lilərin ən azı 80 faizi vətənə qaytarılmanın könüllülüyü halında SSRİ-yə qayıtmağa məmnuniyyətlə razılıq verərdilər. Lakin "qərblilər” arasında vətənə qayıtmaq istəməyənlər üstünlük təşkil edirdilər.

Böyük Vətən Müharibəsi başa çatdıqdan sonra 5 milyon sovet vətəndaşı ölkə sərhədlərindən kənarda idi. Onların 3 milyondan çoxu müttəfiqlərin (ABŞ və Britaniyanın) nəzarət etdiyi ərazilərdə qalmışdı. İki milyona qədər insan isə SSRİ-nin və Avropa ölkələrinin nəzarəti altında olan ərazilərdə idi. SSRİ-nin “şərq fəhlələri” adlandırılan qrup zorla Almaniyaya və digər ölkələrə aparılaraq icbari əməyə cəlb edilmişdilər.

Bununla yanaşı, SSRİ-yə qayıtmaq istəməyənlərdən bəziləri Britaniya və ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən ələ alınmışdı. Onlar repressiyaların, təqib və ölüm düşərgələrinin gözlədiyi vətənə geri qayıtmaq istəmirdilər.

Həmçinin təxminən 1,7 milyon hərbi əsir və yüz minlərlə sovet vətəndaşı SSRİ-yə qayıtmaqdan imtina edirdi. Məcburi qaydada həyata keçirilən repatriasiya bir sıra xoşagəlməz tendensiyalarla müşayiət olunurdu. Belə çıxırdı ki, əgər əsir və girovların vətənə dönüşü könüllü şəkildə həyata keçirilsəydi, daha çox insan SSRİ-yə qayıtmaqdan imtina edərdi. Bunu Moskvada da çox yaxşı anlayırdılar. Bütün dünyanın “qırmızı bəla” adlandırdığı sovet rejiminin təhdidlərinə, məcburi şəkildə həyata keçirilən köçürülmələrinə baxmayaraq yarım milyona yaxın insan ölkəyə qayıtmadı. Lakin Almaniyaya (Qərbi Almaniyaya), Avstriyaya və digər ölkələrə sığınmış sovet vətəndaşlarının oradakı aqibəti də acı oldu. Belə ki, 40-cı illərin sonlarında bu insanlar qərb cəmiyyətinə də uyğunlaşa bilməyib acınacaqlı durumla üzləşdilər. Onlar artıq heç kimə lazım deyildilər.

Bu məsələdə ən qalmaqallı məqam kazakların vətənə qaytarılması prosesi idi.1945-ci ilin iyununa olan məlumata görə, 50 min ağ qvardiyaçı ölkədən kənarda idi.

Böyük Vətən Müharibəsi başa çatdıqdan sonra, 1945-ci ilin 26 mayında Lavrenti Beriya Stalin və Molotovu Britaniyanın 40 min sovet kazakını qəbul etməsi haqda məlumatlandırdı. SSRİ-dəki kazaklar isə “NKVD”nin “süzgəci”ndən keçməli idilər. Vətəndə onları yeni əzablar, işgəncələr, “xalq düşməni” dalğası gözləyirdi. Ta Stalinin öləcəyi, Xruşşovun ölkədə özünə dəstək qazanması üçün həyata keçirəcəyi repressiya qurbanlarının bağışlanması qərarının qəbulu gününə qədər.

Anar Tağıyev


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/anarteqdimedir/171341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR