Bakı. 7 oktyabr. REPORT.AZ/ Oktyabrın 9-13-də İstanbulda işə başlayacaq XXIII Dünya Enerji Konqresi çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələrinin qeyri-rəsmi görüşündə Azərbaycanın energetika naziri Natiq Əliyev də iştirak edəcək. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
OPEC-in baş katibi Məhəmməd Barkindonun energetika nazirinə göndərdiyi dəvət məktubunda Əlcəzair, Səudiyyə Ərəbistanı, Qatar, Küveyt, Qabon, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Rusiyanın energetika nazirlərinin məsləhətləşmələr aparmaq məqsədilə qeyri-rəsmi formatda görüşəcəkləri qeyd olunub.
Həmçinin bildirilib ki, kartelə üzv olmayan ölkələr - Braziliya, Qazaxıstan, Azərbaycan, Meksika, Oman kimi ölkələrin nazirləri ilə də məsləhətləşmələr aparılacaq. Neft hasilatının məhdudlaşdırılmasına dair müzakirələrin aparılacağı bu görüşün oktyabrın 12-də keçirilməsi planlaşdırılır.