İlham Əliyev: "Biz dünya bazarlarına öz şərabımızla çıxmalıyıq"

İlham Əliyev: "Biz dünya bazarlarına öz şərabımızla çıxmalıyıq"
00:12 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Bu il təqribən 150-160 min ton üzüm yığılacaq. Halbuki sovet dövründə ən yaxşı vaxtlarda 1 milyon 700 min ton-2 milyon ton üzüm yığılırdı".
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda məlumat verib.
Dövlət başçısı ölkə üçün ənənəvi sahələrdən birinin də üzümçülük olduğunu qeyd edib:
"Bizim üçün ənənəvi sahələrdən biri də üzümçülükdür. Sovet vaxtında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınan bağların çoxu əfsuslar olsun ki, qırılıb. O vaxt bu, Qorbaçovun kampaniyası nəticəsində olmuşdur. O da nədənsə ancaq Azərbaycanda olmuşdur. Başqa respublikalarda isə üzüm bağlarını saxlayıblar. Bizdə isə o vaxt burada rəhbərlik edənlər dəridən-qabıqdan çıxırdılar ki, Qorbaçovun xoşuna gəlsinlər və bunun nəticəsində də üzüm bağlarımız ləğv olundu. Eyni zamanda, onu da qeyd etməliyik ki, əfsuslar olsun, ondan sonra da üzümçülüyə lazımi diqqət yetirilməmişdir. Mənə verilən məlumata görə, bu il təqribən 150-160 min ton üzüm yığılacaq. Halbuki sovet dövründə ən yaxşı vaxtlarda 1 milyon 700 min ton-2 milyon ton üzüm yığılırdı. Biz üzümçülüyü mütləq şərabçılıq ilə bağlamalıyıq. Əfsuslar olsun ki, biz dünyanın şərab bazarlarına çıxa bilməmişik. Baxmayaraq ki, bir neçə şərab zavodu tikilib və onlar görünür ya özləri maraq göstərmirlər, ya da imkanları yoxdur. Ancaq biz dünya bazarlarına öz şərabımızla çıxmalıyıq. Necə ki, vaxtilə Rusiya bazarına çıxmışıq. İndi biz, bildiyimə görə, heç Rusiya bazarına da əhəmiyyətli dərəcədə şərab ixrac etmirik. Amma bu, çox gəlir gətirən sahədir, xüsusilə kəndlilər üçün".
O bildirib ki, hazırda yeni üzüm bağları salınır, dinamika müsbətdir:
"Ancaq burada dövlət dəstəyi daha da güclü olmalıdır, yerlər müəyyən edilməlidir. Bu, həm məşğulluqdur, həm də ki, valyuta gətirən bir sahədir. Şərabçılıq deyəndə, əlbəttə ki, mən ilk növbədə ixracı nəzərdə tuturam. Şərabçılığın inkişafı ölkədə alkoqollu içkilərin istehlakına səbəb olmamalıdır. Çünki bizim xalqımız sağlam həyat tərzi sürməlidir".

Xəbərin orijinal ünvanı: http://report.az/senaye/i-lham-eliyev-biz-dunya-bazarlarina-oz-serabimizla-cixmaliyiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR