Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: "Yay aylarında bizim otellərin çoxunda boş yer yox idi"

İlham Əliyev: "Yay aylarında bizim otellərin çoxunda boş yer yox idi"

Date: 8 October 2016 00:27

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Biz gördük ki, həyata keçirilən tədbirlər və aparılan islahatlar bu il turizmin axınına çox böyük təkan verib. Xüsusilə ərəb ölkələrindən gələnlərin sayı 20-30 dəfə artıb. Yay aylarında bizim otellərin çoxunda boş yer yox idi".
Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun nitqi zamanı deyib.
O, bunun ölkəyə böyük valyuta gətirdiyini bildirib:
"Yəni, bu, ölkəmizə böyük valyuta gətirir. Ola bilər bu, bizim üçün yenilikdir. Bəlkə insanlar da buna öyrəşməyiblər. Ancaq bütün inkişaf etmiş ölkələrdə böyük turizm axını müşahidə olunur. Turizm axını o ölkələrin inkişafı, təhlükəsizliyi, xalqlarının qonaqpərvərliyi deməkdir. Bizdə də bunların hamısı var. Xalqımız qonaqpərvərdir, təhlükəsizlik təmin edilir, gözəl tarixi, mənzərəli yerlərimiz və müasir infrastrukturumuz var. Vaxtilə bəziləri deyirdilər ki, Azərbaycanda, Bakıda bu qədər otel tikilir, kimə lazımdır? Artıq biz gördük ki, lazımdır və nə ediriksə düz edirik. Ancaq indiki şəraitdə biz gərək potensial turizm axınını hesablayaq. Çünki biz indi “ASAN viza” sisteminə keçirik. Cəmi 3 gün ərzində elektron vizalar veriləcək. Ona görə turizmin axını daha da güclü olacaq. Hamımız yaxşı görürük ki, “Formula-1” yarışlarının buna nə qədər böyük xeyri oldu. Ona görə, bizim otel infrastrukturu bu inkişafla ayaqlaşmalıdır. Sahibkarlar da bunu eşitsinlər, yerli icra orqanları, Mədəniyyət və Turizm Nazirliyi şərait yaratsın ki, həm Bakıda, həm bölgələrdə otellərin sayı çoxalsın".

Tags:  İlham Əliyev Yay aylarında bizim otellərin çoxunda boş yer yox idi

RƏYLƏR


Top news