Mikayıl Cabbarov: “Əməkhaqqı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq”

Mikayıl Cabbarov: “Əməkhaqqı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq”
03:38 8 Oktyabr 2016
147 Ölkə
Ölkə mətbuatı
A- A+

“Son bir il ərzində Təhsil Nazirliyi tərəfindən 2500 şagird yerlik 10 məktəb binası və ailə tipli 1 kiçik qrup evi inşa edilib, 6 internat məktəbində, 2 peşə liseyində, 2 kollecdə, 1 ali məktəbin tədris korpusunda əsaslı təmir, 468 məktəbdə isə əsaslı və cari təmir işləri aparılıb. Cari ilin 9 ayında bütün mənbələr hesabına ümumilikdə ölkə üzrə 29 məktəb tikilib, 485-i təmir edilib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.

Nazir bildirib ki, cari ildən etibarən 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənəcək: “Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır. Nazirlər Kabinetinin qərarı ilə bu il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti ildə tələb olunan vəsait ayrılacağı təqdirdə, şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür”.

Mikayıl Cabbarov deyib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə cari ildə ölkə üzrə 5 yaşına çatmış uşaqların 55 faizinin məktəbəhazırlığa cəlb edilməsi nəzərdə tutulur: “2020-ci ilədək bu rəqəmin 90 faizə çatdırılması planlaşdırılır ki, bu da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir”.

Nazirin sözlərinə görə, ümumi təhsilin keyfiyyət göstəricilərində üç il ardıcıl olaraq müsbət dinamika təmin olunur: “Belə ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunların sayı 50 faizdən 2016-cı ildə 67 faizədək artıb. Bu artım ölkə üzrə əksər rayonlarda, xüsusən əvvəlki dövrdə davamlı olaraq aşağı nəticələr göstərən bölgələrdə də qeydə alınıb. Bu irəliləyişlər özünü qəbul imtahanlarında da büruzə verir. Belə ki, 200-dən çox bal toplayan abituriyentlərin mütləq sayı 34 min 475 nəfər təşkil edib ki, bu da ötənilki göstəricidən təxminən 4 faiz, 2014-cü ildəki göstəricidən isə 9 faiz artıqdır. Son 3 ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayanların sayı isə 32 faiz artıb”.

M. Cabbarov bildirib ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi 2017-ci ildə də davam etdirilərək, daha 26 rayonu əhatə edəcək və beləliklə, əməkhaqqı artırılan müəllimlərin sayı 100 minə çatdırılacaq. Nazir həmçinin deyib ki, ilk dəfə olaraq məktəb direktoru vəzifəsinə işə qəbul mərkəzləşdirilmiş müsabiqə əsasında keçirilib, yerli icra hakimiyyəti orqanlarının rəyi də nəzərə alınaraq 232 nəfər direktor təyin olunub.

Nazir qeyd edib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış və hazırda 12 ali təhsil müəssisəsinin iştirak etdiyi “Maarifçi” Tələbə Kredit Fondu aztəminatlı ailələrdən olan tələbələrə ilk təhsil kreditlərini təqdim edib: “Layihənin innovativliyi ondan ibarətdir ki, Fond dövlət büdcəsindən vəsait cəlb etmədən həmin kreditləri maliyyələşdirir. Bakıda yerləşən ali təhsil müəssisələrində təhsil alan tələbələrin ehtiyacı nəzərə alınaraq, Heydər Əliyev Fondunun dəstəyi ilə bütün dövlət ali məktəblərinin tələbələri üçün 1000 yerlik yataqxananın tikintisi həyata keçiriləcək. Artıq bununla bağlı layihələndirmə işlərinə başlanılıb”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/171390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR