İpoteka istiqrazlarına dövlət zəmanəti veriləcək

İpoteka istiqrazlarına dövlət zəmanəti veriləcək
08:12 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin  müəyyən edilməsi Qaydası"nı təsdiq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan adından dövlət zəmanəti verən və dövlət zəmanəti üzrə öhdəliklərin icrasını təmin edən icra hakimiyyəti orqanı qismində Maliyyə Nazirliyi çıxış edəcək.
 
Emitent ipoteka istiqrazlarının emissiyasını həyata keçirən "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti, emitentin ödəniş agenti Azərbaycan Respublikasının Milli Depozit Mərkəzidir. İstiqrazın emissiyası haqqında qərar ipoteka istiqrazlarının buraxılması haqqında "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin qərarıdır. İstiqraz mülkiyyətçiləri - istiqrazlar üzrə mülkiyyət hüququ mərkəzi depozitarda qeydə alınmış hüquqi və ya fiziki şəxslərdir. Zamin tərəfindən dövlət zəmanəti üzrə öhdəliklər ipoteka istiqrazlarının emissiya şərtlərində nəzərdə tutulmuş ipoteka istiqrazlarının nominal dəyəri və (və ya) onlar üzrə qismən və ya tam faiz ödənişləri üzrə öhdəliklərin emitent tərəfindən yerinə yetirilmədiyi təqdirdə icra edilir. Emitent tərəfindən ipoteka istiqrazlarının mülkiyyətçiləri qarşısında digər öhdəliklərin gecikdirilmiş icrası və ya icra olunmaması zaminlik predmetinə aid edilmir. Emitentin ipoteka istiqrazlarının buraxılışı dövlət qeydiyyatına alındığı andan etibarən dövlət zəmanəti qüvvəyə minir və zəmanət ipoteka istiqrazlarının dövriyyə müddəti ərzində qüvvədə qalır. İpoteka istiqrazları üzrə öhdəliklərin icrası tam başa çatdıqdan sonra zəmanətə xitam verilir.
 
Emitentin emissiya etdiyi ipoteka istiqrazlarının nominalı Azərbaycan Respublikasının milli valyutasında ifadə edilir.  Emitent tərəfindən emissiya edilən ipoteka istiqrazları üzrə dövlət zəmanətinin məbləği zamin tərəfindən müvafiq il üzrə dövlət büdcəsi haqqında qanunun daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınır. Emitentin emissiya etdiyi ipoteka istiqrazları üzrə dövlət zəmanətinin xüsusi şərtləri Zamin ilə Emitent arasında bağlanan Zəmanət Sazişi ilə müəyyən olunur. Zəmanət Sazişində emissiya edilən ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsinin əsas şərtləri, Zaminin və Emitentin hüquq və öhdəlikləri təsbit olunur. Emitentin emissiya etdiyi ipoteka istiqrazları dövriyyədə olduğu müddətdə Emitent tərəfindən cəlb edilən bütün kreditor borcları, o cümlədən zəmanətsiz emissiya ediləcək istiqrazların buraxılışı Zaminlə razılaşdırılır.
 
Emitent hər il sentyabr ayının 1-dək dövlət zəmanətinin verilməsi üzrə rəsmi müraciətlə yanaşı müvafiq sənədləri Zaminə təqdim edir. Zamin təqdim edilmiş sənədlər əsasında müvafiq il üzrə daxili dövlət borcunun yuxarı həddinə (limitinə) uyğun olaraq dövlət zəmanətinin məbləğini müəyyən edir və bu məbləğ çərçivəsində ipoteka istiqrazlarının nominal dəyərinin və (və ya) onlar üzrə qismən və ya tam faiz ödənişlərinin dövlət zəmanəti ilə təmin edilməsinə dair qərar verir və dövlət zəmanəti Maliyyə Nazirliyi tərəfindən imzalanır. Qərar verildikdən sonra Zaminlə Emitent arasında Zəmanət Sazişi bağlanılır. Emitent dövlət zəmanəti ilə təmin edilmiş ipoteka istiqrazlarının hər buraxılışı zamanı həmin ipoteka istiqrazlarının yerləşdirmə qiymətini Zaminlə razılaşdırır. İpoteka istiqrazlarının yerləşdirmə qiyməti Zamini qane etmədiyi təqdirdə, Zamin həmin istiqraz buraxılışına dövlət zəmanətinin verilməsindən imtina etmək hüququna malikdir. "Azərbaycan İpoteka Fondu" ASC-nin uzunmüddətli ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi barədə təkliflər ətraflı bazar araşdırmasına əsaslanaraq həmin Cəmiyyətin İdarə Heyəti tərəfindən Müşahidə Şurasına təqdim edilir.  Müşahidə Şurası ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi üzrə təklifləri təsdiqlədikdən sonra razılaşdırılması üçün Maliyyə Nazirliyinə təqdim edir. Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında qanuna daxil edilməsi üçün daxili dövlət borclanmasının yuxarı həddi (limiti) barədə təkliflərin hazırlanması zamanı ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini nəzərə alır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/477274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR