Gürcüstanda parlament seçkiləri başlayıb

Gürcüstanda parlament seçkiləri başlayıb
08:47 8 Oktyabr 2016
176 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 8 oktyabr. REPORT.AZ/ Bu gün yerli vaxtla səhər saat 8:00-da Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər başlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, ölkənin səsvermə hüquqlu 3,53 milyon seçicisi bu gün 150 nəfər deputat seçməlidir.
Onlardan 77 nəfəri proporsional, 73 nəfəri isə majoritar qaydada seçiləcək.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jivaniya bildirib ki, deputatlığa namizədlər əsas 25 subyekt - 19 siyasi partiya və 6 seçki bloku tərəfindən həm proporsional, həm də bu subyektlərin təşəbbüs qrupları tərəfindən majoritar qaydada irəli sürülüb.
Hər bir siyasi partiya və bloklar, eləcə də onların təşəbbüs qrupları tərəfindən 150 nəfərdən 200-dək deputatlığa namizəd irəli sürülüb.
Seçkilərlə əlaqədar Gürcüstanda 73 seçki dairəsi üzrə 3 min 636 məntəqə seçki komissiyası yaradılıb.
Bu seçki məntəqələrindən 207-si birbaşa azərbaycanlılar yaşayan ərazilərdə, bir neçəsi isə azərbaycanlıların gürcü və digər millətlərin nümayəndələri ilə birgə yaşadıqları ərazilərdə yaradılıb.
Seçkilərdə 40-a yaxın azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb.
Gürcüstan Seçki Məcəlləsinin tələbinə əsasən majoritar sistem üzrə mübarizə aparan namizədlər lazım olan səsləri toplaya bilmədikdə seçkilərin ikinci turu təşkil olunacaq.
Tamar Jivaniya bildirib ki, majoritar sistem üzrə deputatlığa namizəd seçicilərin 50 faizindən çoxunun səsini qazanmalıdır. Əgər dairə üzrə namizədlərdən heç biri bu baryeri keçməsə ikinci tur olacaq. İkinci turda ən çox səs toplamış iki namizəd mübarizə aparacaq. Namizədlərin bir neçəsi eyni səs toplayarsa, o zaman, onların hamısı ikinci turda iştirak edirlər.
İkinci turda ən çox səs toplamış namizəd deputat mandatı qazanacaqdır.
MSK sədri bildirib ki, ikinci tur birinci turdan 25 gün sonra keçiriləcək. Bu da təqribən noyabrın 2-nə təsadüf edəcəkdir.
T.Jivaniyanın sözlərinə görə, səsvermənin gedişini seçici subyektlərinin 42 092 müşahidəçisi, həmçinin 11 yerli müşahidəçi təşkilatlarının 29 931 üzvü izləyəcək.
Səsvermə 20:00-da başa çatacaqdır.
Bundan başqa, ölkəyə 55 beynəlxalq təşkilatdan 1440 müşahidəçi dəvət olunub.
Azərbaycanlı deputatlar Sabir Hacıyev AŞPA, Əli Məsimli GUAM PA, Əflatun Amaşov və Hikmət Məmmədov isə Milli Məclisin xətti ilə səsvermənin gedişini izləyəcəklər.
Səsvermə prosesini 184 KİV-in 5368 əməkdaşı izləyəcək. Onların sırasında Azərbaycandan AZƏRTAC, REPORT və APA informasiya agentliklərinin, həmçinin, AzTV, İTV, ATV və ARB televiziyalarının əməkdaşları da vardır.

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustanda-parlament-seckileri-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR