“Qarabağ”ı geriyə aparan - SƏBƏBLƏR

“Qarabağ”ı geriyə aparan -   SƏBƏBLƏR
09:07 8 Oktyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+

Fərqli insanların oxşar suallarına eyni şəkildə cavab vermək - normal haldır. Eyni insanın oxşar suala fərqli cavab verməsi isə vəziyyətdən asılıdır: yəni, baxır sualı kim verir. Məsələn, media nümayəndələri “Qəbələ”yə məğlubiyyətdən sonra “Qarabağ”ın baş məşqçisinə komandanın enişdə olmasına dair sual verəndə, o, bu fikirlər razılaşmamışdı. Həmçinin, Ağdam klubunun direktoru Əmrah Çəlikəl də jurnalistlərlə söhbətində komandanın “qara zolaq”da olmadığını ifadə etmişdi.


“O gün Qurban Qurbanovdan soruşdum ki, “Qarabağ” futbol klubu niyə geri gedir. Dedi ki, yerli futbol klubları çox zəifdir, inkişaf edə bilmirik. Güclü klub tapa bilmirik ki, onlarla oynayaq” - bu sözləri isə dünən keçirdiyi mətbuat konfransında “Qarabağ”ın fəxri prezidenti Abdulbari Gözəl deyib.


Abdulbari bəy “Qəbələ”yə 0:2 hesablı məğlubiyyətdən sonra klubun üstünə getməyə hazırlaşırmış. Gileylənəcəkmiş. Lakin “Barselona”nın La Liqada “Selta”ya uduzması onu fikrindən daşındırıb. Düşünüb ki, 900 milyon dollarlıq komanda 80 milyonluq rəqibinə uduzursa, “Qarabağ”ı qınamağa gərək yoxdur...


Necə ki, gec deyil, kiçik bir haşiyə çıxaq. Dünən əksər saytlarda Abdulbari Gözəl “Qarabağ”ın prezidenti kimi təqdim olunub. Halbuki, ötən ilin sentyabrında klubun rəsmi saytında yer alan xəbərdə “Qarabağ” rəhbərliyində dəyişiklik olduğu, vitse-prezident Tahir Gözəlin prezident təyin edildiyi, Abdulbari Gözəlin Ağdam təmsilçisinin fəxri prezidenti olaraq qaldığı bildirilmişdi.


Mətbuatın bu cür səhvləri önləməsinə, aradan qaldırmasına kömək olacaq yeganə mənbə klubun rəsmi saytıdır. Orada isə “Rəhbərlik” bölməsi boşdur. Saytdakı “Müşahidə Şurası” bölməsinə də baxmağın mənası yoxdur: “error” verir.


Ümumiyyətlə, “Qarabağ” klubunun rəsmi saytında bu cür bölmənin olması təəccüblüdür. Xatırlayırsınızsa, İcraiyyə Komitəsi klublarda Müşahidə Şurasının yaradılması haqda qərar qəbul edəndə, Tahir Gözəl mövqeyini bu cür ifadə etmişdi: "Qarabağ"da dəyişiklik olmayacaq. Bizdə hər şey düzgün qurulub. Nə edəcəyimizi yaxşı bilirik". 


Buna cavab olaraq, AFFA-nın baş katibi Elxan Məmmədov “İcraiyyə Komitəsində qəbul olunan qərar şərtdir, mütləqdir” söyləsə də, Ağdam təmsilçisi federasiyanın tələbini yerinə yetirmədi. Belə olan halda, “Müşahidə Şurası” bölməsinə nə gərək var? Bu, bilirsiniz nəyə bənzəyir? Sanki bir insan sağlığında qəbiristanlıqda özünə yer götürüb...


Yazının sərlövhəsi “Qarabağ”ı geriyə aparan səbəblər” olduğu halda, klubun saytı ilə bağlı irad bildirməyimiz dostlarımızın xətrinə dəyməsin. İş ondadır ki, irəli getmək istəyən klubun əla demirik, normal bir rəsmi saytının olması şərtdir. Bunlar işin “jurnal” tərəfidir. “Kino”nu isə komanda çəkməlidir...  


“Qarabağ”ı geriyə aparan səbəblərdən birini Qurban bəy xəlvətdə prezidentə söyləyib: Premyer Liqada rəqabətin olmaması.


Baş məşqçi haqlıdır: həqiqətən də daxili çempionatda rəqabətin olmaması istənilən komandanın əleyhinədir. Lakin əsas səbəblərdən deyil. Məsələn, Zaqreb “Dinamo”su Xorvatiya çempionatında rəqib tanımır, lakin hər zaman avrokuboklarda uğurlu çıxış edirlər. Elə indi də Çempionlar Liqasının qrup mərhələsində yer alıb. Başqa örnəklər də var - “Seltik”, “Bazel”, “Kopenhagen” və s.


Geriləmənin əsas səbəbi “bu gün “Qarabağ” daha çox nəyə görə tənqid olunur” sualının cavabında gizlənir. Əksəriyyət, Ağdam klubunun müdafiə xəttindən, konkret olaraq, mərkəz oyunçularından, bir az da dəqiqləşdirsək - Rəşad Sadıqovdan şikayətlənirlər. Elvin Yunuszadə və ya Bədavi Hüseynovun çıxışından narazı olanlar da yetərincədir. Lakin sonuncunun “alibi”si var - zədədən yeni qayıdıb, Yunuszadə isə əsas heyət oyunçusu sayılmır və bu gedişlə heç olmayacaq da.


“Qarabağ” Rəşad Sadıqovdan asılıdır - bu fikir çoxdan öz təsdiqini tapıb. Adətən, “filan oyunçu komandanın yarısıdır” deyirlər. Millimizin və Ağdam klubunun kapitanı isə bundan da artıqdır. O, bir fenomendir. Lakin bu o demək deyil ki, kimsə Sadıqovu zəif çıxışına görə tənqid edə bilməz. Qurban bəy qəbul etsə də, etməsə də, Rəşad əvvəlki Rəşad deyil. 34 yaş az öz sözünü deyir. Əvvəlki mövsümlərdə “Qarabağ” Sadıqov zədə üzündən oynamayanda uduzurdu. İndi isə oynayan da yenilir.


Daha pis olan odu ki, “Qarabağ” bugünə qədər Rəşad Sadıqovsuz oynamağı öyrənməyib. Kapitan olmayanda digər müdafiəçilər də “təkərə düşür”, ayaqları top tutmur. Sadıqov daxili yarışlarda yenə də liderlik keyfiyyətlərini göstərə bilər. Ancaq avrokubok üçün artıq “mator çəkmir”. Gənc yaşlarında, daha yaxşı formada olduğu vaxtlarda Avropanı fəth edə bilməyən Rəşad üçün indi, karyerasının qürub çağında oynamaq çətindir.


Geriləmənin ikinci səbəbi - legionerlərin zəif çıxışıdır. Klublarımızda fərq yaradanlar, yaratmalı olanlar əcnəbilərdir. Çünki bəziləri Azərbaycana gələnə qədər yuxularında gördüklərindən də çox pul alırlar. İnsafən, Reynaldo, Almeyda, Aqolli kimi futbolçular aldıqları məvacibin qarşılığın da verirdilər. Lakin artıq son iki mövsümdə onların yalnız Premyer Liqa üçün yaradıqlarını görürük. Dani Kintana, Migel Madera kimilər isə elə gəldikləri gündən yalnız daxili yarışların yükünü çəkəcək səviyyədə idi. Halbuki, indiki zamanda yüksək ödənişli legionerlər beynəlxalq yarışlarda uğur qazanmaq üçündür. Reynaldonun və ya Almeydanın əvvəlki günlərini yada salın, bir də indiki hallarına baxın...


Qurban Qurbanovlu “Qarabağ”ın ən böyük arzusu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Yayda bu xəyalın dramatik şəkildə suya düşməsi də komandanın çıxışına mənfi təsir göstərib. Əksə halda, ağdamlılar evdə “Slovan”la heç-heçə oynamaz, “Fiorentina”ya 1:5 hesabı ilə uduzmazdı. Məhz bu ruh düşkünlüyünün və yorğunluğunun fonunda komanda “İnter”ə yenildi, “Kəpəz”lə görüşdə məğlubiyyətdən qaçdı, “Qəbələ”yə isə müqavimət göstərə bilmədi. Lakin necə deyərlər, necə ki insan nəfəs alır, uçmuş divarı bərpa etmək şansı həmişə var. “Qarabağ” bu durumdan çıxacaq səviyyədədir.


Səbəbləri sadalamağa davam edərkən, duruma öz baxış bucağımızdan bir qədər aydınlıq gətirək. Abdulbari bəyin “Qarabağ” niyə geriləyir” sualına, Qurbanovun isə buna cavab kimi səbəb göstərməsinə rəğmən, komandada ciddi enişin yaşandığını, durumun acınacaqlı olduğunu düşünmürük.


Fikrimizcə, “geri gedir” kəlməsi “Qarabağ”ın real durumunu təsvir etmək üçün ən uyğun ifadə deyil, bir qədər ağırdı. Ağdam klubunda cüzi eniş var, düzdü, amma komanda “yerində sayır” desək, daha doğru olar. Adətən, daim irəli gedən hər hansı bir komanda, qurum və ya şəxs yerində sayanda, onun gerilədiyi təəssüratı yaranır. Bu isə ona olan etimaddan, irəliləyişə alışqanlıqdan irəli gəlir.


“Qarabağ” irəlilədikcə, gücünə güc qatmalı idi. Amma nə baş verdi? Proseslər davamlı olmadı. Məsələn, Bədavi Hüseynovun, Qara Qarayevin, Əfran İsmayılovun parladığı komandada “bulaq qurudu”. Son illər transfer edilən gənclərə baxın: Tərlan Quliyev, Şəhriyar Əliyev, Vüqar Mustafayev, Cavid Tağıyev və digərləri komandanın tempinə ayaq uydura bilmədilər. Eyni sözləri Əl Jadeyui, Samuel Armenteros, Danilo Dias və s. əcnəbilərə şamil etmək olar...


“Qarabağ” ölkəmiz üçün xüsusi bir klubdur. Komandanın ardıcıl 3 mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması öz yerində, daşıdığı ad onu daim ön planda olmağa vadar edir. Və təbii ki, bu işdə Ağdam klubuna dəstək olmalıyıq. Ancaq kənar dəstəkdən çox “Qarabağ” rəhbərliyinin, əsas söz sahibi olan Qurban bəyin komandanı geriyə çəkən səbəblərdən qurtulması lazımdır. Əks halda, heç yerlərində də saymayacaqlar... 


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaraba-geriy-aparan-t53160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR