Allahşükür Paşazadə və Mübariz Qurbanlı Türkiyəyə səfər edəcək

Allahşükür Paşazadə və Mübariz Qurbanlı Türkiyəyə səfər edəcək
13:42 8 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ Oktyabrın 9-11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və hər iki qurumdan olan nümayəndə heyəti Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmezin dəvəti ilə Avrasiya İslam Şurasının IX Zirvə toplantısında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, “Avrasiyada İslam: din istismarına qarşı birlik, dayanışma və gələcək perspektivi” mövzusunda keçirilən Zirvə toplantısında bu regionda İslamın gələcəyi və dini istismar edən hərəkətlər, dini təhsil verən qurumlar, qlobal təhdidlər və şiddət təhlükəsi - İŞİD, qlobal təhlükə kimi FETÖ-nün Avrasiyaya təsirləri, dini istismarın qarşısının alınması yolları və bu kimi digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Avrasiya İslam Şurasının IX Zirvə toplantısına Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Türkiyənin diyanət işləri başqanı Mehmet Görmez, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin, Orta Asiya, Qafqaz və Şərqi Avropa regionuna daxil olan ölkələrdən din siyasəti ilə məşğul olan rəsmi şəxslər, nüfuzlu din xadimləri, tanınmış islamşünaslar və ilahiyyatçıların qatılacağı gözlənilir. Toplantının açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edəcəklər.
Qeyd edək ki, Avrasiya İslam Şurası Türkiyə Diyanət İşləri Başqanlığının təşəbbüsü ilə yaradılıb. Avrasiya regionunda eyni dini dəyərlərə sahib ölkələr arasında din sahəsində əməkdaşlıq əlaqələri qurmaq və ümumi problemləri birgə həll etmək məqsədilə yaradılmış Avrasiya İslam Şurasının indiyədək keçirilmiş Zirvə toplantılarında dinin dünyada sülh və sabitliyin yaranmasınada rolu, dinlər və mədəniyyətlərarası əlaqələrin inkişafı, eləcə də dini təhsilin həyata keçirilməsinə dair məsələlərlə bağlı səmərəli fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/din/allahsukur-pasazade-ve-mubariz-qurbanli-turkiyeye-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR