Dolların məzənnəsi ilə bağlı qərar açıqlandı, valyuta ehtiyatları 18 mlrd dollar azaldı

Dolların məzənnəsi ilə bağlı qərar açıqlandı, valyuta ehtiyatları 18 mlrd dollar azaldı
14:33 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Yola saldığımız həftə ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarında önəmli rol oynayacaq məşğulluq göstəriciləri açıqlandı. Məlum oldu ki, ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq 156 min artıb. Halbuki proqnoz 172 min idi. Ölkədə işsizlik nisbəti isə 5%-ə qalxıb, gözlənti isə 4,9% idi. Orta saatlıq maaşlar sentyabrda aylıq 0.2% ilə gözləntidən aşağı artıb. İllik müqayisədə isə 2.6% ilə proqnoza paralel artıb.

Nəzərə çatdıraq ki, məşğulluğun proqnozdan aşağı çıxması FED-in faiz artırmaq planlarını poza bilər. Buna baxmayaraq, bəzi iqtisadçılar məşğulluq bazarındakı irəliləyişin istehlakçı xərcləri və daha çox maaş artımını dəstəkləyəcəyini, FED-i ilin sonuna qədər faiz artımı üçün cəsarətləndirəcəyini bildirirlər.

Treyderlər ABŞ Federal Ehtiyat Sisteminin bu ilin sonuna qədər uçot dərəcəsini artırma ehtimalını 64%-ə yüksəldiblər. Monetar siyasətə daha həssas olan ABŞ-ın 2 illik dövlət istiqrazlarının faizi ölkədə xidmət sektorunda son ilin ən yüksək artımının qeydə alınması və emal sektorundakı gözlənilməyən inkişafla birlikdə son 4 ayın maksimal səviyyəsinə çatıb.

Çinin valyuta ehtiyatlarının həcmi 2016-cı ilin sentyabr ayında 18,8 mlrd. dollar və ya 0,6% azalaraq 3,166 trln. dollara enib. Qeyd edək ki, iqtisadçılar Çinin valyuta ehtiyatlarının sentyabrda 3,18 trln. dollara qədər geriləyəcəyini proqnozlaşdırsalar da, azalma 14 mlrd. dollar daha çox olub. Çinin valyuta ehtiyatlarındakı azalma iyul ayından etibarən davam edir. Avqustda valyuta ehtiyatlarındakı azalma 15,89 mlrd. dollar təşkil edib.

Bildirək ki, 2015-ci ildə qlobal maliyyə böhranı səbəbindən Çinin valyuta ehtiyatları 513 mlrd. dollar azalıb. Çin şirkətlərinin də vəziyyəti yaxşı deyil. Şirkətlərin 25%-nin gəlirləri o qədər aşağıdır ki, onlar heç faiz borclarını ödəyə bilmir. Hazırda Çinin məcmu borcunun ÜDM-də xüsusi çəkisi 300%, korporativ sektorun borcu isə 18 trln. ABŞ dolları və ya ÜDM-də xüsusi çəkisi 169% təşkil edir. İqtisadçılar bu borcun bir neçə il əvvəl Çin iqtisadiyyatıında başlayan yavaşlama fonunda hökumətin şirkətlərə borclanmanı artıraraq inkişaf etmək təklifi ilə izah edirlər. İnvestorlar isə yüksək səviyyədə olan korporativ borcların ABŞ-da 2008-ci ildə iflas edən "Lehman Brothers" misalında olduğu kimi, Çində də bənzər hadisə ilə üzləşə biləcəyindən ehtiyat edirlər. Onlar belə bir hadisənin qlobal böhrana gətirib çıxaracağını bildirirlər. Beynəlxalq maliyyə qurumları Çin hökumətinə yerli şirkətləri maliyyələşdirməkdən çəkinməyi təklif edir. Amma, bu, ölkədə milyonlarla işsiz ordusunun yaranmasına və etirazlara səbəb ola bilər.

Korporativ sektor borclarını artırmaqla rentabelliklərinin azalmasına və investisiyaların ixtisarına səbəb olur. Çox vaxt yeni alınan borclar köhnə borcların örtülməsinə yönəldilir.

Qlobal borcların həcmi də artıb. 2015-ci ilin yekunu etibarilə 152 trln. ABŞ dollarına yüksələrək qlobal ÜDM-i 2 dəfə üstələyib. Beynəlxalq Valyuta Fondunun (İMF) 2016-cı il maliyyə monitorinqi son hesabatına əsasən, borclara bank və maliyyə qurumlarının borcları aid edilməyib. Hesabatda rekord səviyyəyə çatan borcların qlobal iqtisadiyyatın bərpa olunmasına mane olacağı və maliyyə böhranlarına yol açacağı bildirilib.

Həmçinin qeyd olunub ki, maliyyə sektoru istisna olmaqla, qlobal borcların həcmi ÜDM-in 225%-nə çatıb. Bu borcun 100 trln. dollarlıq hissəsini özəl sektorun öhdəlikləri təşkil edib. Qalan 52 trln. dollar həcmində borc isə dövlətlərin öhdəlikləri olub və ÜDM-in 85%-nə bərabərdir.

Rusiya isə neft gəlirlərindən asılılığını yaxın 10-12 il ərzində bitirə biləcəyini açıqlayıb. Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin deyib ki, Rusiyanın 10-12 il sonra qeyri-əmtəə ixracı əmtəə ixracını üstələyəcək: "Mən bunu zəruri hesab edirəm. Biz yalnız o zaman ölkənin neft asılılığından qurtulduğunu söyləyə biləcəyik."

A.Kudrin həmçinin bildirib ki, Rusiya 4-5 il sonra 3-4% iqtisadi artıma nail ola bilər. Xatırladaq ki, bu ilin ilk 8 ayı ərzində illik müqayisədə Rusiyanın ÜDM-i 0,7% azalma göstərib.

Neft ölkələri hasilatın azaldılması ilə bağlı müzakirələri bu dəfə də İstanbulda davam etdirməyi düşünürlər. 9-13 oktyabrda İstanbulda keçiriləcək 23-cü Dünya Enerji Konqresi çərçivəsində OPEC və təşkilata daxil olmayan neft istehsalçılarının istehsalın məhdudlaşdırması barədə verdikləri qərarı müzakirə edəcəklər. Venesuelanın neft naziri Eulogio Del Pino deyib ki, görüşdə OPEC-ə daxil olmayan istehsalçıların hasilatın azaldılmasında necə iştirak edə biləcəyi geniş müzakirə olunacaq. Görüşdə Səudiyyə Ərəbistanı, Əlcəzair, Qabon, Qatar və Birləşmiş Ərəb Əmrlikləri ilə bərabər OPEC üzvü olmayan Rusiyanın və digər ölkələrin energetika nazirlərinin iştirak edəcəyi bildirilir.

Nəzərə çatdıraq ki, OPEC üzvlərinin Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşündə ölkələr istehsalın gündəlik 32.5 milyon barelə salmaq barədə qərar vermişdi. Bu qərar, beynəlxalq sanksiyalardan yeni xilas olan İranı ehtiva etmir. Nigeriya da bu razılaşmaya qatılmayacağını bəyan edib və böyük ehtimalla Liviya da, istehsalının çox aşağı olması səbəbindən razılaşmaya qatılmayacaq. Razılaşma gələn ayın sonunda Vyanada keçiriləcək yığıncaqda tamamlanacaq.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə…

Yola saldığımız həftə Azərbaycanın dövlət başçısı özəl sektorla bağlı daha bir mühüm qərara imza atdı. Belə ki, xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” fərman imzalandi. Bu fərman qeyri-neft sektorundakı istehsal şirkətlərinin öz məhsullarını dünya bazarında brendləşdirməsinə geniş imkan verir.

Dövlət Statistika Komitəsi yanvar-sentyabr ayları üzrə istehlak məhsullarının və xidmətlərin qiymətlərini açıqladı. Məlum oldu ki, 2015-ci ilin eyni dövrünə nisbətən qiymətlər 11,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,2% artıb.

2016-cı ilin sentyabrında avqusta nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 4%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6% artım. Ay ərzində düyünün, unun, çörəyin, makaron məmulatlarının, qarabaşaq, yulaf və arpa yarmasının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, bananın, üzümün, kələmin, göyərtinin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kartofun, kökün, çuğundurun, sarımsağın, tütün məmulatlarının qiymətlərində artım, almanın, balqabağın, soğanın qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dövlət Neft Fondu isə investisiya portfelində yer alan "Deutsche Bank"ın istiqrazlarına aydınlıq gətirdi. Fond bildirdi ki, bankın istiqrazlarının qiymətlərində qısamüddətli enmə müşahidə olunsa da, bundan zərər görməyib: "Buna səbəb, Fondun yatırımlarını hazırkı strategiya çərçivəsində qaytarılma müddətinə qədər saxlamasıdır. Yəni, "Deutsche Bank"ın istiqrazlarının gündəlik bazar qiyməti dəyişiklik göstərə bilər. Lakin Fond istiqrazları onların vaxtı bitənə qədər realizə etmədiyindən, hər hansı bir zərərlə üzləşmə mümkün deyil", məlumatda deyilir.

Qeyd edək ki, Fondun investisiya portfelində 180 mln. ABŞ dolları ekvivalentində "Deutsche Bank" istiqrazları mövcuddur. Bu da məcmu investisiya portfelinin 0,52%-i təşkil edir.

Ümumiyyətlə, ARDNF-in istiqraz portfelində 45 ölkədən 227 fərqli emitentin 691 emissiyası mövcuddur. Bu da ARDNF-in investisiya portfelini, həm onun investisiya aktivlərinə, həm bu aktivlərin yerləşdirildiyi valyutalara görə, həm də hər bir investisiya aktivi daxilində istər emitent, istər coğrafi region, ayrı-ayrı ölkələr, istərsə də sektorlar üzrə yüksək diversifikasiya edildiyini göstərir.

Məndən bu qədər…


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hesabat/171424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR