Vəkil teleaparıcını müdafiə etdi - Bunu məhz Xoşqədəm Hidayətqızı qabartdı

Vəkil teleaparıcını müdafiə etdi - Bunu məhz Xoşqədəm Hidayətqızı qabartdı
14:57 8 Oktyabr 2016
633 Ölkə
Ölkə mətbuatı
A- A+

Mən Xoşqədəmin daimi izləyicisi deyiləm, verilişinə bir neçə dəfə epizodik baxmışam. Vaxtım olmur, həm də ümumiyyətlə televizora az baxıram. Təbii ki, verilişdə bəzi şou elementləri də var, amma verilişin sosial təyinatı və effektivliyi daha üstün tutulmalıdır. İstənilən halda, veriliş öz formatından kənara çıxmamalıdır.

Milli.Az xəbər verir ki, bunu vəkil, hüquqşünas-ekspert Asif Abdullayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının Xoşqədəm Hidayətqızı və Zaur Bəxşəliyevin aparıcısı olduğu televiziya verilişləri barədə tənqidi fikirlərinə münasibətində bildirib: 

"Xanım millət vəkillərindən biri təklif edib ki, Xoşqədəm Hidayətqızının verilişi bağlansın. Xanımın təklifini əsaslı hesab etmirəm. Xanım hesab edir ki, uşağın tövlədə saxlanılmasını verilişin aparıcısı çox şişirdib. Millət vəkili ilk növbədə onu nəzərə almalıdır ki, 8 il tövlədə saxlanılan uşağın bu cür həyatını, məsələdən xəbərdar olan icra nümayəndəsi deyil, Xoşqədəm Hidayətqızı qabartdı və məsələnin qanunauyğun həllinə təkan verdi. Müvafiq qurumun etmədiyini Xoşqədəm Hidayətqızı etdi və onun verilişindən sonra cinayət işi başlandı.

Daha yaxşı olardı ki, əsassız tənqid əvəzinə, tövlədə saxlama və sair qəddarlıqlar barədə məlumatı olub, tədbir görməyən səlahiyyətli şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi qabardılsın, uşaq hüquqlarının müdafiəsi sahəsində qanunun icrasına nəzarət mexanizminin daha da təkmilləşdirilməsi üzrə addımlar atılsın".

Ekspert sözügedən məsələdə icra hakimiyyəti orqanlarının fəaliyyətini tənqid edib: "Verilişdə icra nümayəndəsi etiraf edir ki, bu məsələdən xəbərləri olub və dəfələrlə həmin evə gəliblər. Qeyd edim ki, uşaqla bağlı məsələyə yerli İcra hakimiyyətinin qəyyumluq və himayə orqanı baxır. Sual olunur, xəbəriniz olubsa, hansı tədbirləri görmüsünüz? Bu məsələ yalnız şifahi müraciət və xəbərdarlıqla kifayətlənə bilməzdi. Ailə Məcəlləsinin 51.6-cı maddəsinə əsasən, uşağın həyat və sağlamlığının təhlükədə olması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludurlar. Məcəlləyə əsasən, icra hakimiyyətinin qəyyumluq və himayə orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur. Hətta uşağı həmin ailədən məcburi almaq səlahiyyəti də var".

Hüquqşünas uşaq hüquqlarının pozulmasının qarşısını almaq üçün təkliflər də irəli sürüb: "Uşaq hüquqlarının pozulması hallarının qarşısını almaq üçün ilk növbədə bu sahəyə cavabdeh qurumların fəaliyyətinin səmərəliliyi artırılmalıdır. İkinci növbədə, ailə qanunvericiliyi və uşaq hüquqları sahəsində hüquqi maarifləndirmə işləri aparılmalıdır. İnsanlar, xüsusilə kənd yerlərində öz hüquq və vəzifələrini bilsələr, bu cür hadisələrin sayı minimuma enə bilər. Bu cür hədəflər inkişaf konsepsiyasında da nəzərdə tutulub. "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasının 8-ci maddəsinə əsasən, vətəndaşların (və xüsusən bölgələrdə yaşayanların) hüquqi biliklərinin artırılması daim diqqət mərkəzində saxlanılacaqdır.

A.Abdullayevin fikrincə, ölkədə heç kəs uşaqların hüquqlarının pozulması, onlara işgəncə verilməsi hallarına qarşı biganə qalmamalıdır: "Bu gün uşaqlara aid məsələlərdə dövlət dəstəyinin təmin edilməsi üçün bütün zəruri addımlar atılır, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə effektiv layihələr icra olunur. Çıxışlarının birində prezident İlham Əliyev vurğulayıb ki, uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir.

Bu istiqamətdə aparılan dövlət siyasətinə dəstək olaraq, sıravi vətəndaşlar və bu sahədə səlahiyyətli qurumlar, öz üzərinə düşən vəzifəni tam icra etməlidirlər.

Hesab edirəm ki, bu cür hallara heç kəs biganə qalmamalıdır. Əgər hansısa uşağa qarşı qəddar, həyatı və sağlamlığı üçün təhlükəli rəftarın şahidi olursunuzsa, məlumat verin. Bununla bağlı həm İnsan Hüquqları üzrə Müvəkkilə (telefon : 012-916), Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə (telefon : 012- 498 00 92), ərazi üzrə İcra Hakimiyyətinə və hüquq-mühafizə orqanlarına müraciət edə bilərsiniz".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR