Avropa Bakını, deyəsən, indi tanıdı

Avropa Bakını, deyəsən, indi tanıdı
18:43 8 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Avrasiya tarixinin, bəlkə də ən ağır dönəmlərindən birini yaşayır. Lev Qumilyovun bəhs etdiyi Böyük Köçdən sonrakı əsrlərdə bu məkanda çox savaşlar, köçlər yaşandı, dövlətlər yarandı və məhv oldu, imperiyalar istilalarla quruldu və sonradan qürub etdi, inqilablarla qiyamlar üsyanları əvəzlədi, xanədanlar və hakimiyyətlər devrildi, monarxiyalar tarixə qovuşaraq respublikaları yaratdı.

Asiya sürəkli olaraq Avropaya can atdı: savaşla, siyasətlə, ticarətlə, istəklə, mədəniyyətlə. Alınmadı: Avropa həmiş özünü qorumaq adı ilə qorunmağın özəlliyini anlamadı.

İndi də belədir.

İkinci Dünya Müharibəsindən sonrakı "soyuq savaş" sənələrində sərhədlərini səf-səf tikanlı məftil hasarları, düşmənin gəlməsi gözlənilən tərəfə tuşlanmış nişangahlarla qoruyan Avropa indi özünü yeyir.

İçdən, maniakal inadla, böhranları sıralayaraq.

İnteqrasiya siyasətinin ümumi böhranı

Ümumi ərazinin yaranması ilə bağlı formalaşan ruh yüksəkliyi və pafos açıq şəkildə tükənib. Xüsusən də, Avropa İttifaqının əsas benefisiarları məlum olandan sonra (Almaniya və Fransa). Aİ-də müəyyən siyasi qərarlar demokratik dəyərlərə ziddir və bürokratiyanın genişlənməsinə şərait yaradır. Milli hökumətlərin suverenliyinin məhdudlaşdırılması onların beynəlxalq arenadakı mövqeyini də zəiflədir. Əvvəllər Almaniya, Fransa və İtaliya kimi ölkələr güc mərkəzi olmağa əsas namizəd kimi göstərilirdilərsə, indi onların imkanları nəzərəçarpacaq dərəcədə zəifləyib. Ölkələrin zəifləməsi təkcə beynəlxaq arenadakı fikir ayrılığı ilə deyl, eyni zamanda daxili siyasətdəki qeyri-stabilliklə də müşahidə olunur. Misal üçün, Almaniya bir vaxtlar Fransanın dəstəklədiyi "Aralıq dənizi birliyi" layihəsinə qarşı çıxmışdı. Bu da tərəflər arasındakı münasibətləri soyutmuşdu. Analoji addımlar Aİ-ni zəif qüvvəyə çevirməkdədir. Əgər əvvəllər Avropa dünyada əsas güc və söz sahibi idisə, hazırda onların birləşmiş qüvvələri belə kifayət qədər ciddiyə alınmır.

Mədəniyyət böhranı

Aİ-nin ümumi ərazisinin formalaşdırılması ona gətirib çıxarıb ki, bu ideyanı dəstəkləyən bir sıra proqramlar yaradılıb. Məqsəd ittifaqa daxil olan ölkələrin birliyini təmin etməkdir. Lakin qədim tarixi ənənələrə və keçmiş Avropa mədəniyyətinə yönəlmək əvəzinə, rəsmi Brüssel müasir model olan multikulturalizmi tənqid edir. Bu modelin uğursuzluğu haqda Fransa və Almaniya rəsmi şəkildə bəyanat da yayıblar. Multikulturalizmin tənqidi isə islamın Avropada yayılması və demoqrafik disbalansla müşahidə olunur. Bunun nəticəsində təhsil sistemində də müəyyən problemlər yaranıb ki, bu da intellektual deqradasiya ilə nəticələnir. Nəticədə bu, Avropanın antropoloji şəklini dəyişəcək. Bunun əyani sübutu eynicinsli nikahların yayılmasıdır.

"Mavi"lər normalları üstələyir

ABŞ tərəfindən irəli sürülən transhumanizm layihəsi Aİ-nin zəngin ənənələri və tarixinin dağıdılmasına hesablanıb. Təəssüf ki, bir sıra qanunlar, xüsusən də eynicinsli nikahlar, gender təhsili artıq Avropa ölkələrində yayılmaqdadır. Lakin bütün bunlar çoxluq tərəfindən etirazla qarşılanır və gələcəkdə bu meyarlara baxış dəyişə bilər. Bu isə Aİ-nin imicinə böyük zərbə vurur. "Qeyropa" amili artıq geniş müzakirələrə və elmi təhqiqatlara səbəb olub.

Hərbi-siyasi böhran

Ukrayna konflikti və Rusiya timsalındakı yalançı hədəf Aİ-nin hərbi islahatlara getməsinə səbəb olub. Daha doğrusu, bu hadisələr Aİ-ni ABŞ-dan asılı vəziyyətə düşməyə vadar edib. NATO üzvü olan Avropa dövlətləri rəsmi Vaşinqtonun əmrlərindən asılı bir vəziyyətə düşüblər.

Daha konkret olsaq, ABŞ indi NATO vasitəsilə Avropa İttifaqı ölkələrinin ordularını bütünlüklə, özü də asanlıqla idarə edir. İş o yerə çatıb ki, Aİ üzvü olan ölkələrdə müdafiə nazirləri az qala marionetka fiqurlara, real səlahiyyətləri yalnız cüzi məsələlərin həllinə yetərli insanlara çevriliblər.

Aİ-nin hərbi-siyasi böhranının daha bir göstəricisi Dağlıq Qarabağ münaqişəsidir. ATƏT-in Minsk Qrupu on illərdir ki, münaqişəni çözmək əvəzinə, siyasi gəvəzəliklə məşğul olur və status-kvonun qəbuledilməz olduğunu vurğulasa da, problemin həlli üçün konkret addımlar atmaq istəmir.

Səbəb? Aİ etiraf etmək istəmədiyi məqamı yazaq: Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqına Azərbaycana təzyiq göstərmək üçün vasitədir. Aİ bizdən "inteqrasiya" adlandırdığı müti itaəti istəyir ki, onu da görməyəcək.

Qonşuluq münasibətlərindəki böhran

Avropanın qonşuluq siyasəti qədim tarixə malikdir. Bu zona ətrafındakı bufer zonalarla daima dostluq münasibətlərini qorumağa çalışır. Bəzi münasibətlər isə artıq siyasi-iqtisadi xarakter almağa başlayıb. Lakin bəzən qonşu dövlətlərdəki daxili vəziyyətin və tələbatın tam öyrənilməməsi müəyyən problemlərlə müşahidə olunub. Bunu xüsusən Şimali Afrika və Yaxın Şərq zonalarında müşahidə etmək mümkündür. Aİ daha çox yaxın ərazilərdə siyasi, iqtisadi və digər sahələrdə islahatların aparılmasına can atır ki, bu da reallaşdığı halda öz daxili bazarında fəaliyyət üçün müəyyən güzəştlər edir. Qarşılıq bəzən maddi və ya texniki yardımla da reallaşır.

Lakin rəsmi mənbələrdə aparılan araşdırmalar zamanı məlum olub ki, belə münasibətlərdə daha çox Aİ xeyir görüb, nəninki onun qonşuları. Artıq qəbul olunub ki, Aİ-nin qonşu ölkələrdəki fəaliyyəti xəlvəti neomüstəmləkəçilik formasıdır. Bunun nəticəsidir ki, bir sıra dövlətlər Aİ-nın təkliflərini rədd edib. Digər ölkələrdəki (Moldova, Ukrayna) analoji fəaliyyət isə müəyyən səbələrdən uğursuzluqla nəticələnib. Təbii ki, son vaxtlar Azərbaycana qarşı yönəlmiş aşkar və kobud təzyiqlər, ədalətsiz qərarlar, hədələr və təhdidlər də Avropanın qonşularına qarşı siyasətdə məsuliyyətsizliyinin bariz göstəricisidir.

Miqrant böhranı

Avropaya miqrant axını Aİ-nin Asiyada, Afrikada və Yaxın Şərqdəki fəaliyyətinin nəticəsidir. Bundan başqa, Afrikadan və Asiyadan gələn miqrantlar assimilasiyaya uğrayaraq artıq formalaşıb və yeni miqrantlarla avropalılar arasındakı mövqedə dayanıblar.

Rəsmi Brüssel qanunsuz miqrantalrı Avropaya keçirən gəmilərin batırılması haqda qərar vermək səviyyəsinə qədər mənəvi tənəzzülə uğrayıb. Vaxtı ilə humanitar yardım və tolerantlıqla bağlı verilən bəyanatlar isə ikili standartlara xidmət edən ikiüzlülüyə çevrilib. Sorğu zamanı isə məlum olub ki, ictimaiyyət miqrantların axınına razı deyl. Nəticədə miqrantların qarşısının alınması ilə bağlı müəyyən addımlar atılır ki, bu da vəziyyəti onsuz da pis olan Yaxın Şərqi daha dərin səfilliyə yuvarlayır.

İdeya böhranı

Qəribə sələnsə də, bəhs etdiyimiz böhranlardan böyük əksəriyyətinin səbəbi Avropadakı siyasi liderlərin ideya cəhətdən kasadlıq çəkmələridir. İslah olunmaz düşüncə və neoliberal ideologiyanın müxtəlif formalarına meyillilik adekvat və obyektiv baxışı əngəlləyir, eləcə də tarixi perspektiv cəhətdən qiymətləndirilməyə mane olur. Bu eyni zamanda realistik ssenarinin formalaşdırılmasına və proqnozların verilməsinə əngəl törədir. Nəticədə ehtimalların böyük əksəriyyəti iflasa uğrayır.

Aİ-da qərar verən insanlar ətraflarına yaxşı baxmalı və hadisələrin gedişhatına daha sağlam yanaşmalıdırlar. Rəhbərlik etməyin yeni və müxtəlif modellərini tətbiq etməkdən çəkinməməlidirlər. Əks təqdirdə Avropa İttifaqı ümumiyyətlə, dağıla bilər - bu, növbəti "məşhər ssenarisi" yox, obyektiv ehtimaldır.

Miqrantlara qarşı tətbiq etdiyi çoxsaylı məhdudiyyətlərlə kifayətlənməyən Avropa İttifaqının siyasətində mənəvi tənəzzül o həddə çatıb ki, suriyalı miqrantların Avropaya buraxılmaması üçün Türkiyəyə 3 milyard avro vəd olunub.

Belə siyasət Aİ-nin öz əleyhinə işləyir, neofaşizm, nasizm, ifrat radikallıq və aqressivlik ideyaları üzərində köklənmiş siyasi təşkilatların gücünü artırır.

Müsəlmanları sərhədlərindən buraxmamağa çalışan Avropa İttifaqı bizdən intqrasiya tələb edir, pressinqində uğura nail olmaq üçün Bakıya qarşı sürəkli və qərəzli kampaniyalar aparır, çoxsaylı hesabatlar hazırlayır, Azərbaycanla bağlı "totalitar dövlət" imici yaratmağa çalışır və bu yolda hər iftiradan istifadə olunur.

Azərbaycan Aİ ilə əməkdaşlıqda maraqlıdır.

Əməkdaşlıqda, yəni bərabərhüquqlu, sayğılı, normal tərəfdaşlıqda - Aİ-nin bütün göstərişlərinin, şərtlərinin və tələblərinin şəksiz icra olunacağı situasiyanı nəzərdə tutan, bu durumu pərdələmək üçün "Avropa İttifaqına inteqrasiya" adlanan, suverenlik və müstəqilliyimizin hədiyyə olunmasını mütləq sayan köləliyə yox.

Təsadüfi deyil ki, AXCP və "Milli Şura"nın istisnasız olaraq bütün aksiyalarında "Azərbaycan mütləq Avropa İttifaqına inteqrasiya olunmalıdır!" şüarı səslənir. Sadə izahı var bu durumun: AXCP sədri Əli Kərimli ilə "Milli Şura" adlanan marionetka təşkilatın "lider"i, "siyasi ölü" Cəmil Həsənlinin başqa çıxış yolları yoxdur. Onlar heç də təmənnasız çalışmırlar və bu səbəbdən də aldıqları təlimatları bütünlüklə yerinə yetirərək "Aİ-yə inteqrasiya fədailəri" obrazını formalaşdırmağa çalışırlar.

Di gəl, bu siyasət binəvaları, habelə Azərbaycanda olub Azərbaycana qənim kəsilən digər fərdlər hələ də inteqrasiya və əməkdaşlıq kəlmələri arasında məna fərqini öz tərəfdarlarına izah etmək istəmirlər.

Azərbaycan Avropa Birliyi ilə ən geniş miqyasda əməkdaşlıqda maraqlıdır və bu maraq rəsmi Bakının Avropa məkanındakı geosiyasi önəmi ilə diqtə olunur.

Fəqət, bizi "inteqrasiya" adı ilə idarə etmək niyyətlərinə düşənlər xam xəyallarını, illüziyalarını unutmalı, Azərbaycan daxilindəki "buyruq qulları"ının isteriyasını xalqın mövqeyi kimi anlamamılıdırlar.

Avropa, deyəsən, Bakını indi tanımağa başlayır.

Ümid edək ki, tanışlıq Aİ-nin siyasi möhtəkirlik və aqressiv tamah çalarlarının unudulması ilə müşayiət olunacaq.

Elçin Alıoğlu


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR