"Şavarş Koçaryan (Ermənistanın xarici işlər nazirinin müavini -
red.) bəşəriyyətə qarşı cinayətlər törətmiş, Xocalı soyqırımının
törədilməsində bilavasitə iştirak etmiş və Ermənistan
vətəndaşlarının öldürülməsinə əmr verən Serj Sarkisyanın
hərbi-diktatura rejimini təmsil edir". Bunu APA-ya açıqlamasında
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət
Hacıyev Ş. Koçaryanın səsləndirdiyi son fikirlərə münasibət
bildirərkən deyib.
"Biz bir qayda olaraq diplomatiyadan uzaq olan və danışıqlar
prosesinin mahiyyətini dərk etməyən Ermənistanın xarici işlər
nazirinin komik müavinin sözlərini şərh etmirik. Amma bu dəfə onun
nadanlığına və cəfəng fikirlərinə cavab verməyi vacib bildik. Vyana
və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesini dövlət
başçısına yaraşmayan ən eybəcər yalanlarla və tragikomediya
oyunları ilə pozmağa və status-kvonu qorumağa çalışan da məhz
Ermənistandakı hərbi-diktatura rejiminin başında duran Serj
Sarkisyandır. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu həmsədrləri
də danışıqlar prosesində irəliləyişin əldə olunması, qəbuledilməz
hesab etdikləri status-kvonun dəyişdirilməsi üçün lazımi qətiyyət
və əzm nümayiş etdirmir və Sarkisyan rejiminə zəruri təzyiqləri
göstərmirlər", - deyə qurum rəsmisi bildirib.