Fransalı jurnalistlər cəbhə bölgəsində- FOTO

Fransalı jurnalistlər cəbhə bölgəsində- FOTO
19:32 8 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttindəki vəziyyət barədə reportaj hazırlamaq məqsədi ilə ölkəmizə gəlmiş Fransanın məşhur "l'Opinion" qəzetinin müxbiri Klod Löbian, "TTU" qəzetinin baş redaktoru Qiyen Monsuən və "Institute European Perspective and Security" beyin mərkəzinin direktoru Emanüel Düpüi oktyabrın 8-də Tərtər rayonuna səfər ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə rayon icra hakimiyyətində olan qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, rayonun ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına maneçilik törədirlər.

Fransalı jurnalistlərin diqqətə çatdırılıb ki, bu ilin aprel ayında erməni silahlı qüvvələrinin atəşkəsi aramsız pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də 15-20 kilometr aralıda yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar atılıb. Nəticədə 400 yaxın evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 nəfər mülki şəxs yaralanıb, ikisi məcburi köçkün olmaqla, 3 nəfər həyatını itirib. Atəşkəsin pozulması nəticəsində 198 məcburi köçkünün yaşadığı 52 ev yararsız vəziyyətə düşüb. Məcburi köçkünlərin kompakt yaşadığı bir sıra kəndlərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan vurulub.

Qeyd edilib ki, ermənilər işğal altında saxladıqları Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısını suvarma dövründə kəsirlər və nəticədə 31 min hektardan çox əkin sahəsinin suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Düşmən tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir, flora və fauna məhv edilir.

Sonra Fransanın KİV nümayəndələri rayon ərazisində yerləşən hərbi hissədə və məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərə baxıb, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar. Fransalı jurnalistlərə, həmçinin ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində vaxtilə onların özləri tərəfindən tikilmiş "Marağa 150" abidəsinin qalıqları göstərilib.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR