Kərbəlanın igid xanımları

Kərbəlanın igid xanımları
20:17 8 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Hüseyn (ə) karvanında öz ərləri və övladları ilə Kərbəlaya gələn çox sayda xanım vardı. Onların bəzisi hətta İmam Hüseyni (ə) müdafiə etmək üçün döyüş meydanına belə getmiş və düşmənlə vuruşmuşdular.

Abdullah ibni Əmirin həyat yoldaşı Ummi Vəhəb
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Abdullah ibni Əmir Kələbi Kufə sakini idi. Qərara almışdı ki, İmam Hüseynə (ə) yardım etmək üçün getsin. Bu qərarını həyat yoldaşı Ummi Vəhəbə deyəndə, o, dedi: "Düz iş görürsən, bu qərarını tez bir zamanda həyata keçirt. Məni də özünlə İmam Hüseynə (ə) yardım etməyə apar". Hava qaralan kimi hər ikisi gecənin qaranlığından istifadə edərək, İbni Ziyadın məmurlarının gözündən yayınaraq, özlərini Kərbəlaya çatdırdılar. İmam Hüseyn (ə) karvanında olmaq iftixarına nail oldular. Aşura günü döyüş başlayan zaman İbni Sədin ordusundan döyüşə ilk girən əsgər Ziyad ibni Əbu Sufyanın nökəri Yəsar və Ubeydullah ibni Ziyadın nökəri Salim idi.
İmam Hüseynin (ə) ordusundan isə Həbib ibni Məzahir və Bərir ibni Xəzər icazə istədilər. İmam Hüseyn (ə) buyurdu: "Siz oturun". Abdullah ibni Əmir Kələbi ayağa qalxdı və icazə istədi. İmam Hüseyn (ə) ona bir nəzər saldı və gördü ki, çox qüvvətli bir insandır və buyurdu: "Səni onlara tay görürəm". O, döyüş meydanına gedir və onlarla döyüşərək, hər ikisini öldürür. Bu döyüşdə o, sol əlini itirir və buna baxmayaraq, yenə də vuruşur. Ummi Vəhəb ərini döyüşdə yaralanmış görür. Xeymənin dirəyindən birini götürüb, döyüşə qatılır. Ərinə deyir: "Atam-anam sənə fəda olsun. Bunlarla vuruş və onları Fatimə (s.ə) nəslindən uzaqlaşdır". Özü isə yenə də vuruşurdu. Abdullah arvadını döyüşən halda görür və özünü ona çatdırır və onu xeymələrə qaytarmağa çalışır. Ancaq o, ərinin köynəyini götürüb, deyir: "Qayıtmayacağam, əgər yanında şəhid olmasam". Bu zaman İmam Hüseyn (ə) bunları gördü və buyurdu: "Əhli-Beytdən (ə) sənə xeyirli bir əcr nəsib olacaqdır və xeyməyə qayıt, qadınlarla otur. Döyüş qadınlara aid deyildir". Ummi Vəhəb bu sözlərdən sonra xeyməyə qayıtdı.
 
Səmud Xəzrəminin qızı Bəhriyə
 
İmam Hüseynin (ə) tərəfdaşlarından biri də Cənadə ibni Kəəbdir. O, həyat yoldaşı Bəhriyə və oğlu Əmru ilə Kərbəlaya gəlmişdi. Aşura günü İmamın (ə) icazəsi ilə Cənadə meydana gedir. Şücaətlə vuruşur və şəhid olur. Cənadə şəhid olandan sonra isə həyat yoldaşı Bəhriyə oğlu Əmrunu döyüşə təşviq edir. Yeniyetmə oğluna döyüş paltarını geyindirir və onu İmam Hüseynə (ə) yardım etmək üçün meydana göndərir. İmam (ə) bu 12-13 yaşlı uşağı görəndə buyurur: "Bu oğlanın atası şəhid olmuşdur. Bu uşağın şəhadəti anası üçün dözülməz olar". Əmru deyir: "Anam məni sizə yardım etmək üçün göndərib". Bu uşaq İmamdan (ə) icazə alıb, meydana gedir və düşmənlərdən bir neçəsini öldürüb, şəhid olur. İbni Sədin ordusu onun başını kəsir və anasına tərəf atır. Bəhriyə onun başını yerdən götürür və qanını təmizləyib deyir: "Əhsən sənə oğlum! Əhsən sənə qəlbimin sevinci! Əhsən sənə gözümün nuru!" Sonra xeymənin dirəklərindən birini götürüb, meydana gedir və döyüşməyə başlayır. Onların ikisini öldürür və bu zaman İmam (ə) bu qadını görür. Ona görə xeyir-dua edir və buyurur: "Cihad qadınlardan götürülmüşdür, xeymələrə qayıt". Bəhriyə də xeyməyə qayıdır.
 
Vəhəbin anası Qəhər
 
Vəhəb ibni Abdullah Kələbi Məkkə ilə Mədinə şəhərləri arasında olan səhrada yaşayırdılar. Çobanlıqla məşğul idilər. O zaman ki, İmamın (ə) karvanı Sələbiyəyə çatır, İmam (ə) uzaqdan onların çadırını görür. Bu çadıra yaxın gedir və orada əyləşən Vəhəbin qoca anasından vəziyyətlərini soruşur. Qarı da yaşayışlarının çətin olduğunu söyləyir. İmam Hüseyn (ə) nizəsini torpağa vurur və oradan su qaynamağa başlayır. Vəhəb çadıra gələndə anasından bu su haqqında soruşur və Qəhər deyir: "Bu sifətdə olan insan gəldi və nizəsini yerə vurdu, su çıxdı. Sonra buyurdu ki, sənə deyim ki, onunla görüşə gedəsən və haqqa yardım edəsən". Vəhəb çadırını toplayır və arvadı və anası ilə bir yerdə İmamın (ə) xidmətinə gedir. İmam Hüseynin (ə) yanında İslam dinini qəbul edirlər və karvana qoşulurlar.
Vəhəb təzəbəy idi və 17 gün idi ki, Haniyə ilə evlənmişdi. Bu döyüşdə düşmənə ağır zərbələr endirir və böyük itkilər verir. Onu tutub, ibni Sədin yanına gətirirlər. İbni Səd onun igidliyindən çox təsirlənmişdi və əmr edir ki, başını kəsib, anasına göndərsinlər. Vəhəbin anası oğlunun başını götürür və nəvaziş edir. Sonra deyir: "Mən səndən razıyam". Sonra oğlunun başını düşmən ordusuna tərəf atır və "Bizlər verdiklərimiz qurbanı geri götürmərik" - deyir. Sonra xeymənin dirəklərindən birini götürüb, döyüş meydanına gedir. İmam (ə) Qəhəri gördü və buyurdu: "Qayıt! Sən və oğlun Allahın Rəsulu (s) iləsiniz. Cihad qadınlardan götürülmüşdür". Qəhər də xeyməyə qayıdır və Həzrət Zeynəbə (s.ə) qoşulur. Vəhəbin həyat yoldaşı Haniyə isə əri döyüşə getməmişdən qabaq onunla bir şərt kəsir ki, əgər şəhid olsan, axirətdə səninlə bir yerdə olacağam. Bunu İmamın (ə) hüzurunda da ondan istəyir. Vəhəb şəhid olanda o, ərini yanına gedir və onu nizə ataraq, şəhid edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR