Nobel qardaşları haqqında filmin rejissoru çəkiliş qrupundan danışdı FOTO

Nobel qardaşları haqqında filmin rejissoru çəkiliş qrupundan danışdı FOTO
20:28 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Postskriptum” bədii filmi Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında istehsal edilən və yaxınlarda Bakı kinoteatrlarında tamaşaçılara təqdim olunan, “Nobel qardaşları” şirkətinin Bakıdakı fəaliyyətindən bəhs edən “Postskriptum” bədii filminin ssenari müəllifləri Ramiz Fətəliyev və Emin Mirabdullayev, quruluşçu rejissoru Emin Mirabdullayev, quruluşçu operatoru Əli Sultan, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə aktyor Azər Aydəmir baş rolu - Robert Nobeli canlandırır. Ekran əsərində Ayşad Məmmədov, Eldar Bağırbəyov, İlqar Safat və digər aktyorlar da rol alıb.

Film premyerasından əvvəl Emin Mirabdullayev qonaqların filmlə bağlı suallarına cavab versə də, nümayişdən sonra günlərlə gedən müzakirələr zamanı çəkilişlə ürək sözlərini belə paylaşıb:

“Mən giriş çıxışımda əsasən filmin mövzusu və rəsmi tərəflər barədə danışdım. Amma kadr arxasında olanların xidməti barədə danışa bilmədim. Halbuki onlar olmasa, film də olmaz və belə alınmazdı. Bizim əla çəkiliş komandamız var idi. Filmin hazırlanması üçün bizə verilən vaxt az, amma hamı, həqiqətən də hamı, o qədər həvəslə çalışırdı ki. Mən hər birinə ayrı-ayrılıqda minnətdaram, rejissor assistenti Maqa Qurbanov, quruluşçu operator Əli Sultanov, quruluşçu rəssam Şahin Həsənli, gənc və istedadlı bəstəkar Səid Qəni, inzibatçılar Pərviz və Aydın Ş., səs rejissoru Bəkir Bəkirzadə, qrim ustaları və bizimlə çalışan hər kəsə.

Filmin komandasında birbaşa çalışmayan Brilyant Dadaşova və Natiq Şirinov belə bizimçün təmənnasız əllərindən gələni etdilər, xahişimizi yerə salmadılar. Filmin ssenari müəllifi Ramiz Fətəliyevə gəlincə, “o olmasa, film də olmazdı” deyə bilərəm. Onunla çalışdıqca öz-özümə deyirdim: “Axı niyə mən əvvəllər bu böyük insanla çalışmamışam. Filmin ikinci rejissoru Mehman Məmmədov isə filmin layihəsində əsl hədiyyə idi. Mən çox sevindim ki, belə bir insanla iş münasibəti dostluğa gətirib-çıxardı. O, işini bilən, mədəni və çox məsuliyyətli bir peşəkardır, halbuki məsuliyyət hissi hər adamda olmur.

Bu cür yaradıcı insanlarla həm çox ciddi-cəhdlə, həyəcanla, həm də səmimi dostluq şəraitində çalışmaq bir rejissor kimi mənə çox xoş idi.”



Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/171459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR