Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BÖYÜK SAVAŞ başlayır: Qarabağdan nüvə müharibəsinə qədər... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

BÖYÜK SAVAŞ başlayır: Qarabağdan nüvə müharibəsinə qədər... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Date: 8 October 2016 22:13

Rusiya ABŞ-la ötən həftədəki “şifahi atışma”dan sonra real addımlar atdı. Rusiya və Suriya aviasiyası müxalifətin əsas dayağı olan Hələbdə bombardmanları intensivləşdirdi. Rusiya-Qərb münasibətlərinin gərginləşdiyi bir vaxtda “III Dünya Müharibəsi” müzakirələri yenidən aktuallaşıb. Ankara və Bağdad arasındakı hazırkı münasibətləri “soyuq müharibə” kimi qiymətləndirmək olar. Həftəyə həmçinin, ABŞ-ın dövlət katibi Con Kerrinin Qarabağ bəyanatı damğasını vurdu. Aprel ayının əvvəlindəki “dördgünlük müharibə”dən sonra Dağlıq Qarabağ münaqişəsinin sürətli həlli ilə bağlı yaranan ümidlər getdikcə yoxa çıxır.

Con Kerrinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hazırki mərhələdə mümkün deyil.

Dövlət katibi deyib ki, Dağlıq Qarabağ münaqişənin həlli üçün şərait hələ yaranmayıb. Onun əsaslandırması da çox təəccüblüdür: “Bu gün bir sıra dondurulmuş münaqişələrin, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması mümkünsüzdür. Əsas səbəb odur ki, liderlər buna hazır deyil”, - deyə o bildirib.

Qarabağ bu il qaytarılacaqdı, lakin... – Kremlin "sözçüsü"

Moskvadan gələn açıqlamalar da bu yöndədir. Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, Kremlə yaxınlığı ilə tanınan politoloq Sergey Markovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri də maraqlıdır.

Politoloq bildirb ki, bu il Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə oluna bilərdi. Onun sözlərinə görə, “Kazan düsturu” əsasında işğal altındakı ərazilərin bir qismi qaytarılacaqdı: “Əvəzində Ermənistan blokadadan çıxacaqdı. Lakin təəssüf ki, bu baş tutmadı”.

Ermənistanın “lragir” saytı isə yazıb ki, Azərbaycan və Rusiya Qarabağ münaqişəsi ilə bağlı yeni planlar hazırlayır. Sayt qeyd edir ki, Con Kerrinin Qarabağla bağlı açıqlaması ABŞ-ın mövcud status-kvonu tanımağa çağırışı kimi qəbul edilməlidir.

Putin dəhşətli nüvə müharibəsinə hazırlaşır

Böyük Britaniyanın “The Times” nəşrinin yazdığına görə, Rusiyanın dövlət kütləvi informasiya vasitələri və bütün məmurlar ölkəni Qərblə dəhşətli nüvə müharibəsinə hazırlayır.

“The Times” proqnozunu Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlaması ilə qüvvətləndirir. Nazirlik ötən həftə elan etdi ki, hakimiyyət yeraltı sığınacaqlar tikib. Burada Moskvanın bütün əhalisi – təxminən 12 milyon insan yerləşə biləcək. Vladimir Putinin 2012-ci ildə prezident postuna qayıdışından sonra Moskvada nüvə hücumu ssenarisi üzrə ən azı iki dəfə təlim keçirilib.

Putin göstəriş verib

Rusiya prezidenti silah plutoniumun istifadəsi haqqında ABŞ-la imzalanan razılaşmanın icrasının dayandırılması barədə göstəriş verib. Rusiya prezidenti müqavilənin təsirini bərpa edə bilər. Putinin irəli sürdüyü şərtlərə görə, bunun üçün Vaşinqton “Maqnitski qanunu”nu və Rusiya barəsində bütün sanksiyaları ləğv etməli, həmçinin Rusiyanın bu sanksiyalara görə verdiyi itkiləri kompensasiya etməlidir.

“Rusiya və ABŞ arasında müharibə olacaq, artıq...”

Q.V. Plexanov adına Rusiya İqtisadi Universitetinin sosiologiya kafedrasının dosenti Aleksandr Perendjiyevin fikrincə, Suriyada ABŞ və Rusiya arasında hərbi münaqişə mümkündür.

Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi oktyabrın 3-də Rusiya ilə Suriyada atəşkəs rejimi üçün yaradılan ikitərəfli kanallardan istifadənin dayandırıldığını bəyan edib.

“Nüvə və III Dünya müharibəsi...”

Dünyada birinci “soyuq müharibə” 25 il bundan əvvəl başa çatdı: Berlin divarı yıxıldı, SSRİ dağıldı və Qərb böyük qələbəni bayram etdi. Amma çoxları ehtiyat edirlər ki, Moskva və Vaşinqton arasında ikitərəfli şifahi təhdidlər birbaşa silahlı qarşıdurmaya keçə bilər.

Ukraynanın “Obozrevatel” nəşrinə danışan ekspertlər silahlı qarşıdurma riskinin kifayət qədər böyük olduğunu bildiriblər.

Putin “Gladiator”ları döyüşə göndərdi

Rusiya prezidenti Vladimir Putin Suriya üzrə hədəflərindən geri çəkilmək niyyətində deyil. Rusiya ilk dəfə Suriyaya “Antey-2500” (NATO təsnifatı üzrə SA-23 Gladiator) hava hücumuna qarşı müdafiə kompleksini göndərməklə Qərbə siqnal verdi.

Bu haqda oktyabrın 3-də ABŞ administrasiyasındakı üç mənbəyə istinadən “Fox News” telekanalı bildirib.

"Xəzərdəki silahlarımızdan..."

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Suriyadakı əməliyyatların bir ilinin tamamlanması ilə bağlı hesabat verib. Nazirin açıqlaması “Rusiya niyə Suriyadadır?” sualına müəyyən qədər aydınlıq gətirir. Moskva Suriyaya yeni silahların sınaqdan keçirildiyi poliqon kimi baxır.

Şoyqunun sözlərinə görə, uzun məsafəli yüksək dəqiqlikli silahlar və hərbi texnika Rusiya Silahlı Qüvvələrinin Suriyadakı əməliyyatlarında öz effektivliyini göstərdi. O,qeyd edib ki, yeni silah və hərbi texnika nümunələrin hazırlaması və onların istismarında Suriya təcrübəsinin nəzərə alınması çox əhəmiyyətlidir.

Obamadan gizli əməliyyat: Əsəd necə məhv ediləcək?

ABŞ hakimiyyəti isə Suriya münaqişəsinə hərbi müdaxilə və Bəşər Əsədin hərbi güclərinə zərbə variantlarına baxır.

“The Washington Post”nəşrinin məlumatına görə, keçən həftə Ağ Evdə Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Müzakirənin iştirakçılarından birinin sözlərinə görə, baxılan variantlar arasında Suriya Hərbi Hava Qüvvələrinin uçuş-enmə zolaqlarına qanadlı raketlər və uzaq hərəkət radiuslu başqa silahlarla aviazərbələrin endirilməsi var. Həmçinin Ağ Evin etirazlarını keçmək üçün əməliyyatın gizli və BMT Təhlükəsizlik Şurasının razılığı olmadan keçirilməsi təklif edilib.

ABŞ və Rusiya arasında Suriya üzrə sülh danışıqlarının iflasa uğraması Vaşinqtonda “müharibə partiyası”nını aktivləşdirib. Müharibələrə daha meylli olan Respublikaçılar Partiyasından olan senator Con Makkeynin təklifi buna nümunədir.

Amerikalı senator bildirib ki, Suriya böhranına yeni yanaşma Rusiya təyyarələrinin ölkə üzərində uçuşlarının dayandırılmasından sonra başlamalıdır: “ABŞ və onun tərəfdaşları Əsədə ultimatum verməlidirlər ki, əgər uçuşlar dayandırılmasa, təyyarələri məhv ediləcək. Biz Rusiyaya anlatmalıyıq ki, onların təyyarələrinə təhlükə yaradacaq bütün tədbirləri görə bilərik. Vaşinqtonun Suriya ilə bağlı yeni strategiya hazırlamağının vaxtı çatıb”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Rusiya və ABŞ Suriyada qarşı-qarşıya gəlmə ehtimalına toxunub. Onun sözlərinə görə, tərəflər bundan qaçmaq üçün öncədən bir anlaşma imzalayıb.

Moskva eyni zamanda Suriya ilə bağlı “B Planı” hazırlayıb. Bu barədə informasiyanı “İzvestiya” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Plana əsasən, əgər ABŞ Suriya ilə bağlı danışıqlardan çıxsa, Moskva Əsədə necə dəstək göstərəcəyini müəyyən edib.

Ərdoğan siqnal verdi: BÖYÜK SAVAŞ başlayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin “Rotana” telekanalına müsahibəsində Suriyanın şimalında uçuşa qadağan bölgənin yaradılması və xalqın geri dönə bilməsi üçün 5 min kvadrat kilometrlik ərazini terrorçulardan təmizləməyi planlaşdırdıqlarını deyib.

İngiltərənin “The İndipendent” qəzetinin yazdığına görə, Türkiyənin 1000 xüsusi təyinatlı qüvvəsi (Bordoberelilər) “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyaya daxil olub. Qəzet bildirir ki, xüsusi təyinatlı qüvvələr Azad Suriya Ordusu ilə birlikdə məxfi hərəkət edirlər.

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi üçün keçirilməsi nəzərdə tutulan əməliyyat yaxınlaşdıqca ortaya müxtəlif planlar qoyulur. ABŞ, İraq və İranın planlarında Türkiyə yer almır.

Türkiyənin isə Mosula hücum üçün öz planı var. Başika düşərgəsindəki Türkiyə hərbçiləri əməliyyat üçün Şimali İraq Kürd Muxtariyyəti ilə təmaslarını sıxlaşdırıb. Digər tərəfdən, sünni tayfalar və qruplar vasitəsilə Bağdad və ABŞ üzərində təzyiqi artırırlar. Türkiyə sünni tayfalarını təmsil edən Mosulun keçmiş valisi Asil Nucayfi və ona bağlı “Haşdi Vatani” silahlı qrupun üzərindən Mosul əməliyyatına qatılmaq niyyətindədir.

Putinin Türkiyə səfərinin tarixi açıqlandı

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gözlənilən səfəri isə Suriya savaşında bəzi məsələləri yoluna qoya bilər.

Kreml lideri 9-13 oktyabr tarixlərində İstanbulda təşkil ediləcək Dünya Enerji Konqresində iştirak edəcək.“Sputnik” agentliyinin yazdığına görə, Rusiya prezidenti oktyabrın 10-da Türkiyəyə gələcək.

Ankara-Bağdad xəttində gərginlik

Ankara və Bağdad arasında gərginlikdə getdikcə artır. Buna səbəb isə İraqın şimalında türk əsgərlərinin mövcudluğudur.

İraq parlamenti oktyabrın 4-də Türkiyə hərbçilərinin ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib. Qərarda Türkiyə hərbçiləri “işğalçı güclər” adlandırılıb. İraqın Ankaradakı səfiri Hişam Əli Əkbər İbrahim əl-Ələvi bu qərarla əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş isə jurnalistlərə açıqlamasında bildirib ki, İraqın bu şəkildə bölündüyü bir vaxtda Türkiyə əsgərlərinin Başikada olmasına qarşı çıxmağa kimsənin haqqı yoxdur.

Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki,İraq hökuməti nə söyləyirsə-söyləsin, türk varlığı orada qalmağa davam edəcək.

İraqın şimalındakı kürd muxtariyyəti hökumətinin sözçüsü Sefin Dizayiisəbildirib ki, Başika və Duberdan bölgələrində Türkiyənin hərbi düşərgəsi İraq hökuməti və Müdafiə Nazirliyinin razılığı ilə qurulub.

İraqın baş naziri Haydar İbadi oktyabrın 6-da keçirdiyi mətbuat konfransında türk əsgərini ölkəsinə dəvət etmədiyini bildirərək iki ölkə arasında qarşıdurma yarana biləcəyini deyib.

Türkiyəyə qarşı “Üçlər İttifaqı”

Türkiyə əsgərlərinin Şimali İraqda varlığı ilə bağlı məsələ böyüyür. Ankaranın “Fərat Qalxanı” əməliyyatı ilə ABŞ-ın Suriyadakı oyunu pozması Vaşinqtonu İraqda aktivləşdirib.

“Yeni Şafak” nəşrinin yazdığına görə, ABŞ, İran və İraq Türkiyəni Mosul əməliyyatından kənarda saxlamaq üçün hər yola əl atır.

Saakaşvili üçün tarixi şans

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilib.

Seçkilərin aşkar favoriti yoxdur. Barışmaz rəqiblər Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyası ilə iqtidardakı “Gürcü arzusu” arasında bərabərlik var. Çoxsaylı sorğuların bəzilərində “Vahid Milli Hərəkat”, digərlərində isə “Gürcü arzusu” önə çıxır.

Odessa qubernatoru üçün bu seçkilər Gürcüstanda siyasətə qayıtmaq şansıdır. O, hətta bu günlərdə bildirdi ki, seçkilərin nəticələrini qorumaq üçün tezliklə Gürcüstana baş çəkmək niyyətindədir. Saakaşvili bildirib ki, “Gürcü arzusu” koalisiyasının qeyri-formal lideri olan Bidzina İvanişvili onun ölkəyə qayıdışından qorxur.

Keçmiş prezident Mixail Saakaşvilinin silahdaşı, "Milli Hərəkat Partiyası”nın liderlərindən olan millət vəkili Givi Tarqamadzenin avtomobilinin partladılmas isə seçkiqabağı mühit barəsində mənfi rəy yaratdı.

BMT-nin yeni baş katibi məlum oldu

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının üzvləri Portuqaliyanın keçmiş baş naziri Antoniu Quttereşin namizədliyinin dəstəklənməsi məsələsində razılığa gəliblər.

BMT-nin yeni baş katibi işinə 2017-ci il yanvarın 1-də başlayacaq. Qeyd edək ki, A.Quterreş 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri, 1999-2005-ci illərdə “Sosialist İnternasional”ın sədri olub, 2005-2015-ci illərdə isə BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissarlığında işləyib.

Müdafiə naziri vəzifəsindən çıxarıldı

Ermənistan ordusunun rəhbərliyində çoxdan gözlənilən dəyişiklik reallaşdı. Apreldəki “dördgünlük müharibə”də məğlubiyyətin əsas günahkarlarından hesab olunan müdafiə naziri Seyran Ohanyan vəzifəsindən çıxarıldı. Prezident Serj Sarkisyanın sərəncamı ilə S.Ohanyanın yerinə prezident aparatının rəhbəri Viqen Sarkisyan gətirilib.

Ömər Dağlı


Tags:  BÖYÜK SAVAŞ başlayır Qarabağdan nüvə müharibəsinə HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

RƏYLƏR


Top news