Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan yeni inkişaf erasının astanasında

Azərbaycan yeni inkişaf erasının astanasında

Date: 8 October 2016 22:42

2016-cı il dünyada maliyyə-iqtisadi böhranı səbəbindən ağır il oldu. Bu böhrandan nəinki zəif ölkələr, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr də əziyyət çəkirlər. Neftin qiymətinin düşməsi, dolların digər valyutalarla müqayisədə möhkəmlənməsi, investisiyaların azalması, xüsusilə, iqtisadiyyatı neftdən asılı olan ölkələrdə durğunluq yaratdı.

Təbii ki, bu böhran Azərbaycandan da yan keçə bilməzdi və keçmədi. Bununla belə, Azərbaycanın bu böhrandan ən az itkilərlə çıxacağını söyləmək olar. Nəzərə almaq lazımdır ki, böhran böyük ehtimalla 2016-ci illə kifayətlənməyəcək, yəni qarşıdakı 1-2 il ərzində də davam edəcəyi gözlənilir. Azərbaycan bu proqnozu nəzərə alaraq, düzgün istiqamət seçdi və əsas diqqəti kənd təsərrüfatı başda olmaqla, qeyri-neft sektorunun inkişafına yönəltdi.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı vurğuladığı kimi, kənd təsərrüfatı sahəsində artıq dönüş yaranıb. Dövlət başçısının müvafiq sərəncamı və tapşırıqları ilə artıq kənd təsərrüfatının bir çox sahələrində irəliləyiş qeydə alınıb. Buna misal olaraq, pambıq, barama, tütün istehsalını, heyvandarlığı və digər sahələri göstərmək olar. Lakin bununla kifayətlənmək olmaz. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün çox vacibdir. Buna görə də dövlət başçısı taxılçılıq, üzümçülük, çayçılıq, fındıqçılıq, badam, zeytun istehsalı və digər sahələrin inkişaf etdirilməsi üçün konkret tapşırıqlar verdi.

Azərbaycan bu gün özünü əsas ərzaq məhsulları ilə tam təmin edə bilər. Dövlət bunun üçün sahibkarlığın inkişafına hər cür şərait yaradıb, eləcə də tikinti, turizm, sənaye sektoru, kənd təsərrüffatı sahəsində sahibkarlara müxtəlif güzəştlər təqdim edilir. Bu mənada son günlərdə pambıq və tütün istehsalçılarına verilən subsidiyaların artırılmasını qeyd etmək olar.

Dövlət başçısı həmçinin, ölkədə bəzi istiqamətlər üzrə ləngimə, bir neçə infrastruktur layihələrinin tam icra edilməməsi, süni qiymət artırılması hallarına da toxundu və bütün bunlara yol verilməməsi üçün nəzarətin gücləndirilməsini tapşırdı.

Azərbaycan Prezidenti böhrandan daha çox zərər görən bank sektoru ilə bağlı da ciddi tapşırıqlar verdi, bu sahədə ciddi islahatların davam etdirilməsinin, konsolidasiya siyasətinin aparılmasının vacibliyini bildirdi.

Milli iqtisadiyyat təkcə yuxarıda adı çəkilən sahələrdən ibarət deyil. Unutmaq olmaz ki, Azərbaycan ənənəvi neft-qaz ölkəsidir. Hazırda neftin qiyməti aşağı olsa da, bu sahə Azərbaycan üçün yenə də aparıcı sektor olaraq qalır, TANAP, "Cənub Qaz Dəhlizi" kimi iri energetika layihələri icra edilir.

Son dövrlərdə inkişaf edən nəqliyyat sektorunu da qeyd etmək lazımdır. Artıq Azərbaycan ərazisi vasitəsilə beynəlxalq yükdaşımaların həcmi xeyli çoxalıb, ölkənin bu sahədən əldə etdiyi gəlirlər artır. Həmçinin yaxın gələcəkdə istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu ilə bu sektordan daxilolmaların nəzərəçarpacaq dərəcədə yüksələcəyi şübhəsizdir. Bir sözlə, heç bir sahə dövlət başçısının diqqətindən kənarda qalmadı və hər bir sahənin inkişafı üçün çox vacib, mühüm tapşırıqlar verildi.

Əminliklə demək olar ki, Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev böhrandan çıxış yollarını göstərdi, konkret planlar açıqladı. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan 2016-cı ili uğurla başa vuracaq, gələn il də uğurlu olacaq: "Qeyd etdiyim kimi, bu il dünya iqtisadiyyatı üçün, dünya üçün ağır il olub. Ancaq əminəm ki, Azərbaycan son üç ay ərzində görüləcək işlər nəticəsində 2016-cı ili də uğurla başa vuracaq. 2017-ci il də uğurlu olacaq. Əminəm ki, qarşıya qoyulan bütün vəzifələri icra etmək üçün bizdə kifayət qədər iradə, güc var. Xalq bizim siyasətimizi dəstəkləyir, referendumun nəticələri bunu bir daha təsdiqləyir. Bizim yolumuz açıqdır. Biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik".

Bəxtiyar Hacıyev

Trend:


Tags:  Azərbaycan yeni inkişaf erasının astanasında

RƏYLƏR


Top news