Aşura qiyamının təhrifləri

Aşura qiyamının təhrifləri
20:37 9 Oktyabr 2016
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən Natiq Rəhimovun yazısını təqdim edir

Ərəb dilində "təhrif" sözü "hərifə" fe"lindən qaynaqlanır və müəyyən bir şeyi izlədiyi, yaxud izləməyi lazım gələn yoldan döndərmək, kənara çıxarmaq mə"nasını bildirir. Təhriflə "dəyişdirmə", "başqa şəklə salma" anlayışları arasında fərq vardır. Fərq bundan ibarətdir ki, təhrif - qəsdən və qərəzli şəkildə edilmiş dəyişiklikdir. Məsələn, əgər siz hər hansı cümləni, məktubu, şe"ri daşımalı olduğu mə"nada deyil, tamam başqa mə"nada anlaşılması üçün dəyişdirsəniz, onu təhrif etmiş olarsınız.

Təhrifin bir neçə növü vardır ki, bunlardan ən mühümləri ləfzi təhrif (söz təhrifi) və mə"nəvi təhrifdir (mə"na təhrifi).

Ləfzi təhrif - hər hansı yazılı ya şifahi fikrin zahirini dəyişdirməkdir; məsələn, bir kəsin çıxışından bə"zi sözləri çıxarmaq, ona bə"zi sözlər əlavə etmək, yaxud mə"nanı dəyişdirəcək tərzdə sözlərin ardıcıllığını pozmaq.

Mə"nəvi təhrifdə isə sözlər əvvəlki kimi qalır, dəyişdirilmir, amma onlardan elə mə"na çıxarılır ki, bu mə"na həmin sözlərin müəllifinin məqsədinə əsla uyğun gəlmir. Mə"nəvi təhrif zamanı sözlərin ifadə etdiyi mə"na əsil müəllifin deyil, təhrifçinin məqsədilə səsləşir.

Qur"ani-kərimdə "təhrif" kəlməsi yəhudilərlə bağlı ayələrdə işlənir. Tarixi vərəqlədikcə mə"lum olur ki, yəhudilər həmişə təhrifçilik sahəsində "qəhrəmanlıq" göstəriblər. Yəhudilərin təhrifçiliyə meyli onların milli xüsusiyyəti kimi Qur"anda təqdim edilmişdir. "Bəqərə" surəsinin 75-ci ayəsində buyurulur: "İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümid edirsiniz? Halbuki, onların içində elələri vardı ki, Allahın kəlamını dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirdilər".

Qeyd edilməlidir ki, mövzu baxımından da təhriflər müxtəlif olur. Bə"zən adi bir söhbət təhrif olunur. Məsələn, iki nəfər dost bir-birinin sözünü təhrif edir. Bə"zən isə böyük ictimai əhəmiyyət kəsb edən mövzular təhrifə uğrayır. Məsələn, insanlar üçün ülgü olan şəxsiyyətlərin (peyğəmbərin, yaxud imamın) sözləri, əməlləri qəsdən ayrı cür cilvələndirilir. Yaxud ictimai baxımdan mühüm olan, tərbiyəvi-əxlaqi məktəb rolunu daşıyan bir tarixi hadisə təhrif edilir. Belə təhrif çox təhlükəlidir.

Kərbəla hadisəsi də insanlar üçün ictimai əhəmiyyətli bir hadisədir, məktəbdir. Dünyagörüşümüzün formalaşmasında, əxlaqımızda bu hadisənin tərbiyəvi rolu inkaredilməzdir. İmam Hüseyn (ə) hərəkatının detalları olduğu kimi, artırılıb-əksilmədən insanlara çatdırılmalıdır. əgər bu işdə azacıq da olsa təhrifə yol versək, hadisənin əsil mahiyyətini dərk edə bilmərik və bu ibrətli tarixi hadisədən mə"nəvi faydalar götürmək əvəzinə, ziyana uğrayarıq.

TƏHRİFİ TÖRƏDƏN AMİLLƏR

Kərbala hadisəsi ilə bağlı təhriflərin üç əsas səbəbi vardır. İlk iki səbəb demək olar ki, bütün mühüm tarixi hadisələrə aiddir və aşura qiyamı ilə məhdudlaşmır. Lakin üçüncü səbəb bilavasitə aşura faciəsi ilə əlaqədardır.

a) Birinci amil

Demək olar ki, bütün mühüm tarixi hadisələr düşmənlərin əli ilə təhriflərə mə"ruz qalır. Kərbəla qiyamının mahiyyətini təhrif etmək üçün də düşmənlər xeyli sə"y göstərmişlər.

İmam Hüseyn (ə) hərəkatının ilk günlərindən başlayaraq Bəni-Üməyya onu İslam xilafətinə qarşı qəsd, ölkədaxili əmin-amanlığa və asayişə hədə, üsyankarlıq kimi göstərməyə çalışdı.

Müslim İmamın tapşırığı ilə Kufəyə gəlib camaatdan bey"ət toplayarkən ona qarşı əks-təbliğat kompaniyası başlayır. Müslimi "araqarışdıran" adı ilə tutub e"dam edirlər. Müslimi şəhid etməzdən qabaq İbn Ziyad həyasızlıqla ona deyir: "Bu şəhərin əhalisi aram və arxayın yaşayırdı. Sən gəlib aranı qarışdırdın, fitnə-fəsad saldın". əlbəttə, Müslim cəsarətlə onun ittihamlarını rədd edib, həqiqətin üstündən pərdəni qaldırdı.

Sonra İbn Ziyad eyni təbliğatla Kufədə qoşun toplayıb Kərbəlaya göndərdi. Hətta İmam Hüseyn (ə) və tərəfdarlarını şəhid etdikdən sonra onların kəsik başlarını "üsyankar" adı ilə şəhərbəşəhər gəzdirdilər. Şəhidlərin ailə üzvlərindən ibarət əsirlər karvanını isə gah üsyankarların, gah da İslam məmləkətinə hücum etmiş kafirlərin ailəsi kimi təqdim etdilər. Lakin qısa zaman ərzində bu təhriflər öz qüvvəsini itirdi. Beləliklə, düşmən bu hadisəni təhrif edə bilmədi. Kərbəla hadisəsində hər nə təhrif edildisə, düşmənlərin deyil, dostların əli ilə edildi.

b) İkinci amil

Təhrifin ikinci amili bundan ibarətdir ki, bəşəriyyət həmişə milli və dini qəhrəmanları şişirtməyə, onlar barədə əfsanələr uydurmağa meyl göstərmişdir. Bütün tarix boyunca bütün millətlərdə bu hal müşahidə olunmuşdur.

Məsələn, İbn Sina barədə uydurulmuş əfsanələrə fikir verin. Deyirlər ki, İbn Sina bir fərsəx (təqribən 6 km) uzaqlıqdakı adamın çörək yediyini görmüş, hətta o adamın yediyi çörəyin yağlı olduğunu da xəbər vermişdi. Bunu haradan bildiyini soruşduqda cavab vermişdi ki, guya çörək yeyən adamın başına milçəklərin toplandığını görür, bundan bilir ki, çörək yağlıdır. Əlbəttə, bu əhvalat əfsanədir, uydurmadır. Çünki göydə milçəkləri görən adam çörəyin yağlı olduğunu da birbaşa görə bilər, daha çörəyin yağlı olduğunu bilmək üçün milçəkləri görməsi vacib deyildir.

Həmçinin, İbn Sinanın eşitmə qabiliyyəti barədə yazırlar ki, guya İsfahanda yaşadığı halda, Kaşan misgərlərinin çəkic səsini eşidirmiş. İnsanın hiss orqanları nə qədər güclü olsa da, belə şeylərdə acizdir.

Müsəlmanlar İmam Əliyə (ə) məhəbbətlərinin çoxluğu üzündən onun haqqında da əfsanələr uydurmuşlar. Xalq içində söylənən məşhur rəvayətdir ki, İmam Əli (ə) Xeybər savaşında bir qılınc zərbəsi ilə yəhudi pəhləvanı Mərhəbi və onun atını yarı bölür, hətta qılınc yeri kəsib keçir. Bu zaman Allah öz mələyi Cəbrailə (ə) əmr edir ki, bir göz qırpımında enib qanadını qılıncın qabağını tutsun. Yoxsa Əlinin (ə) qılıncı həm Yer kürəsini, həm də buynuzları üstə Yeri saxlayan öküzü və onun altındakı nəhəng balığı iki hissəyə bölər. Cəbrail (ə) tez qanadını qılıncın qabağına tutur, qılınc onun qanadını yaralayıb dayanır. Bu yaranın tə"sirindən Cəbrail (ə) 40 gün uça bilmir, yalnız 40 gündən sonra səmaya qalxır.

Həmçinin, rəvayət edirlər, Əlinin (ə) bu zərbəsi elə ani olur ki, yəhudi pəhləvanı Mərhəb əvvəlcə heç nə başa düşmür, hətta Əliyə (ə) rişxəndlə deyir ki, zərbən yəqin boşa çıxıb. Amma İmam Əli (ə) ona məsləhət görür ki, əl-qolunu tərpətsin. Mərhəb özünü tərpədən kimi bədəni ortadan şaqqalanıb iki yerə ayrılır!

Həzrət Abbas barəsində belə əfsanə danışırlar ki, guya o, Siffeyn müharibəsində (nəzərə alın ki, o zaman Həzrət Abbasın yaşı 15-dən aşağı idi) düşmən əsgərlərindən 80 nəfərin kəmərindən tutub bir-birinin ardınca onları göyə atır. Özü də bunu elə edir ki, 80-cı adamı yuxarı tullayarkən hələ birinci adam yerə düşməyibmiş. Sonra Abbas tez qılıncını sıyırıb əlində hazır tutur və həmin 80 əsgər bir-bir yerə düşdükcə elə havada onları iki hissəyə parçalayıb öldürür.

Bu cür rəvayətlər xalqın nağılbazlıq və əfsanəsevərlik ruhunun məhsuludur.Belə təhriflər dini şəxsiyyətləri ucaltmaq əvəzinə, onları gözdən salır, qeyri-real, mifoloji bir obraza çevirir, adamların qəlbində inam yox, şübhə toxumu göyərdir. Elə buna görə də biz aşura hadisəsini əfsanəçilik və nağılbazlığa qurban verməməliyik.

v) Üçüncü amil

Təhrif yaradan üçüncü amil yalnız İmam Hüseyn (ə) hərəkatına aiddir. 1400 ildir ki, müqəddəslərimiz və alimlərimiz hər il İmam Hüseyn (ə) faciəsini xatırlamağı və bu faciənin xatirəsini təzələməyi tə"kid edirlər. Görəsən, Peyğəmbər və imamlar niyə Kərbəla qiyamına bu qədər əhəmiyyət vermişlər?

Cavab budur ki, İmam Hüseyn (ə) İslamda şəhadət məktəbi yaratmış, ədalət uğrunda aparılan mübarizənin nümunəsini vermişdir. Müqəddəslərimiz istəyirdilər ki, İmam Hüseyn (ə) məktəbi diri qalsın. İstəyirdilər ki, "mən şərəflə ölməyi - səadət, zalımlara tabe halda yaşamağı - zillət sayıram", - şüarı hər il yaddaşlarda canlansın.

Amma təəssüf ki, bə"zi adamlar bu məqsədi başa düşməmişlər. Onlar elə zənn etmişlər ki, əsil məqsəd - tə"ziyə qurub ağlamaqdır. Onlar elə bilmişlər ki, İmam Hüseyn (ə) hərəkatının mahiyyətini dərk etmədən ağlamaqla savab qazanır, günahlardan təmizlənmək olar.

Bə"zilərinin fikrincə, camaatı ağlatmaq xatirinə hər vasitədən istifadə etmək olar. Hətta şeypur çalmaq, təbil vurmaq, kişiyə qadın libası geyindirib şəbih göstərmək kimi şəriətə zidd olan əməllər belə, məhərrəmlik mərasimində halaldır. Bu mərasimdə göz yaşı töküldüyü üçün, hər günah bağışlanar! Halbuki əslində məhərrəmlik mərasiminin başqa məclislərlə şəriət baxımından heç bir fərqi yoxdur.

Belə düşüncə tərzinə malik adamlar öz əsas məqsədlərinə çatmaq - camaatı ağlatmaq üçün "Makiavelli üsulu" ilə gedib, hər vasitədən istifadə etmişlər. Bu gün məşhur olan tə"ziyə ən"ənələrindən, rövzə və mərsiyələrdən çoxusu məhz bu yolla yaranmışdır.

Məsələn, rövzələrin birində deyilir ki, xəlifə Mütəvəkkinin dövründə bir qoca qadın Kərbəlaya ziyarətə gedir. Mütəvəkkil əsgərlərə tapşırmışdı ki, heç kimi ziyarətə buraxmasınlar və Kərbəlaya gedən adamları incitsinlər. əsgərlər qadını tutub döyür və suya atırlar. Bu zaman qarı görür ki, bir süvari pəhləvan suya girib ona deyir: "Atımın üzəngisindən tut, səni çəkib sudan çıxarım". Qarı soruşur ki, niyə kömək üçün əlini uzatmırsan? Süvari cavab verir: "Axı qollarım kəsilib". Onda qarı başa düşür ki, bu pəhləvan Həzrət Abbasdır.

Bu rövzənin yaranma tarixi maraqlıdır. Rövzənin müəllifi keçmiş alimlərdən Şeyx Məhəmmədhəsən Nəcəfabadi üçün həmin tarixçəni özü belə danışıb: "Böyük tə"ziyə məclislərinin birinə də"vət olunmuşdum. Məclisə girib gördüm ki, həddən çox adam var. Məndən əlavə xeyli rövzəxan da iştirak edirdi və mənim növbəm lap axırda idi. Bütün rövzəxanlar bir-bir çıxış edib camaatı o ki var ağlatdılar. Öz-özümə fikirləşdim ki, bunlardan sonra mən camaatı necə ağladım? Elə oradaca qoca qarının əhvalatını özümdən uydurub quraşdırdım. Növbəm çatanda həmin əhvalatı rövzə halında ilk dəfə oxudum. Camaat mənim söylədiyim rövzəyə başqa rövzələrdən qat-qat şiddətli ağladı. Həmin gün başqa bir məclisdə iştirak edərkən eşitdim ki, artıq rövzəxanlar bu əhvalatı oxumağa başlayıblar. Beləliklə, rövzə get-gedə məşhurlaşdı, hətta kitablara salındı".

Bu cür təhriflər əsla yolverilməzdir. İnsanları yalan vasitəsilə ağlatmaq olmaz. Bu, ona bənzəyər ki, qeybət eşitməyi xoşlayan şəxsin yanında bol-bol qeybət danışaq. Düzdür, bu hərəkətlərlə həmin adamın könlünü xoş etmiş oluruq, amma qeybət etmək haram işdir. Haram və günah əməl etməklə heç bir savab qazanmaq olmaz.

Qəribəliyi ilə insanı heyrətə salan bir hadisə dediklərimizə gözəl nümunə ola bilər. Təqribən yüz il bundan əvvəl Nəcəfdə dini təhsil alan bir tələbə Məşhədə piyada yola düşür. Onun səfəri məhərrəm ayına təsadüf edirmiş. Tələbə Nişapur şəhərinin yaxınlığındakı kəndlərin birindən keçərkən məscidə girib körür ki, camaat namazı qılınır. Namazdan sonra pişnamaz minbərə qalxıb rövzə oxumağa başlayır. Bu zaman məscid xidmətçiləri küçədən xeyli daş yığıb pişnamaza verirlər. Rövzənin ən tə"sirli yerində məscidin çıraqlarını söndürürlər. Pişnamaz qaranlıqda bütün daşları minbərdən camaatın üstünə atır. Fəryad və ağlamaq səsləri məscidi bürüyür. Çıraqları yandıranda tələbə görür ki, neçə adamın başı yarılıb. Beləcə, camaat ah-nalə ilə, göz yaşları içində məsciddən çıxıb dağılışır. Tələbə pişnamaza yaxınlaşıb gördüyü mənzərə üçün izahat verməsini istəyir. Pişnamaz belə cavab verir: "Mən yoxlayıb görmüşəm ki, bu camaat heç bir rövzəni eşidəndə ağlamır. Ona görə onları daşa tuturam ki, ağlasınlar. Axı, İmam Hüseynə (ə) ağlamağın böyük savabı var!"

Camaatı ağlatmaq xatirinə şəriətin bəyənmədiyi işlərə əl atan (məsələn, təhrifçilik edib yalan rəvayətlər söyləyən) adam bilməlidir ki, həm özü günah edir, həm də eşidənləri günaha batırır.

Olmuş hadisədir: Bir nəfər böyük alimlərdən birinin yanına gedib, gördüyü yuxunu yozmasını xahiş edir. Həmin adam yuxuda görübmüş ki, dişləri ilə İmam Hüseynin (ə) ətini didib çeynəyir! Alim tanımadığı bu adamın sözünü dinləyib azca fikirləşir, sonra soruşur: "Sən yəqin ki mərsiyə oxuyansan". Kişi təsdiq edir. Onda alim deyir: "Yuxuda İmam Hüseynin (ə) ətini çeynəməyinin yozumu - onun barəsində təhriflərlə dolu mərsiyələr oxumağındır. Allah sənə mərhəmət göstərib, bu yuxu ilə xəbərdarlıq edir. Bundan sonra ya mərsiyə oxumaqdan əl çək, ya da yalnız e"tibarlı tarix kitablarına müraciət et!"

LƏFZİ TƏHRİFLƏR

Yuxarıda göstərilən səbəblər üzündən aşura qiyamının bə"zi detalları, həmin gün baş vermiş hadisələrin təsviri təhrifə uğramışdır. Ləfzi təhriflər (söz təhrifləri) qrupuna aid olan həmin təhriflərdən bir neçəsi aşağıda qeyd edilir:

1. Fazil Dərbəndinin qələmindən çıxmış "Əsrarüş-şəhadət" kimi kitablarda iddia edilir ki, guya Kərbəlaya yığışmış yezidçilərin ümumi sayı 1 milyon 600 min nəfər imiş. Tarixdən mə"lumdur ki, İmam Hüseynlə (ə) vuruşmaq üçün təşkil edilmiş qoşunun əksər hissəsi Kufə şəhərinin yerli əhalisindən yığılmışdı. O zamankı Kufədə əli qılınc tutanların sayı 100 min nəfərdən artıq olmazdı. Demək, milyon nəfərlik qoşun məsələsi tamamilə uydurmadır.

2. Bə"zi kitablarda yazılıb ki, guya İmam Hüseyn (ə) aşura günündə 300 min nəfər düşməni həlak edibmiş.Əgər hər adamı öldürməyə cəmi bircə saniyə vaxt sərf olunduğunu qəbul etsək belə (bu, ağlasığmaz və qeyri-mümkün olsa da), yenə 300 min nəfəri öldürmək üçün İmam 83 saatdan artıq vuruşmalı idi. əgər yalnız İmamın qılınc çalmasına bu qədər vaxt sərf olunmuşsa, bəs, o həzrət nə zaman öz ailəsi ilə görüşmüş, xütbələr söyləmişdir? Nəhayət, başqa şəhidlərin döyüşməsinə sərf olunmuş vaxtı harada "axtarmalıyıq"? Bir də ki, tənha adamın təkbaşına 300 min nəfəri öldürə bilməsi həqiqətdən uzaq deyilmi? (Nəzərə alın ki, 1945-ci ilin avqustunda ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atdıqda üst-üstə iki şəhərdə həlak olanların sayı 300 minə çatmamışdı!)

3. Aşura qiyamından bəhs edən növhə və mərsiyələrdə İmam Hüseyn (ə) və ailə üzvlərinin necə cah-cəlal və təm-təraqla Mədinəni tərk etməsi təsvir olunur. Halbuki, İmam Hüseynin (ə) öz sözləri bu fikri rədd edir. Mə"lumdur ki, Mədinədən çıxarkən İmam Hüseyn (ə) Qur"andan Musa peyğəmbərin (ə) Misri tərk etməsi barədə bu ayəni oxumuşdur: "O, qorxu və nigaranlıq içində çıxdı və dedi: "Yarəbb, mənə zalım camaatın əlindən nicat ver!" ("Qəsəs" surəsi, 21-ci ayə). İmamın sözlərindən göründüyü kimi, o, Mədinəni cah-cəlal və aramlıqla deyil, nigaranlıq və narahatlıq içində tərk etmişdir.

4. Mərsiyələrdə aşura hadisəsinin ayrılmaz tərkib hissəsi kimi təqdim edilən Ümmi-Leyla ilə bağlı hadisələr də uydurmadır. Məsələ bundadır ki, əli əkbərin anası Leyla heç Kərbəlaya gəlməmişdi. Onun öz oğluna zinət verib döyüş meydanına yola salması, şəhadətinə ağlaması, kəsik başını Dəməşqə kimi müşayiət etməsi və s. rəvayətlər də tarixə sonradan artırılmışdır.

5. Bə"zi kitablarda şəxsiyyəti mə"lum olmayan adamların Kərbəla faciəsində iştirak etdiyi (istər İmam Hüseynin (ə), istərsə də yezidçilərin tərəfində) iddia olunmuşdur. Məsələn, deyilir ki, guya Haşim ibn Ütbə Mirqal adlı bir nəfər 18 dirsək (təqribən, 9 metr) uzunluğunda nizə ilə döyüşə girib, yezidçilərdən xeyli əsgər öldürmüşdür. Halbuki adı çəkilən şəxs İmam əlinin (ə) səhabələrindən idi və aşura qiyamından 20 il əvvəl şəhid olmuşdu!

6. İmam Hüseynin (ə) aşura gecəsində öz qızını Qasimə ərə verdiyi barədə rəvayətlər də 15-ci əsrdə "ixtira" edilmişdir. Bundan qabaq qələmə alınmış mö"təbər tarix kitablarında bu barədə heç bir mə"lumat yoxdur. Qasimin həmin vaxt yaşı 14-dən artıq deyildi. Aşura hadisəsini təsvir edən səhih mənbələrdə yazılıb ki, Qasim kiçik olduğundan, döyüş meydanına çıxarkən əyninə geyməyə zireh, başına qoymağa dəbilqə tapılmayıbmış. Hələ həddi-büluğa yetməmiş bir şəxsin evlənməsi nə dərəcədə həqiqətə uyğundur? Narahatlıq və susuzluq içində qalmış, ölümə hazırlaşan bir dəstənin toy şənliyi təşkil edib, toy çadırı qurması gülünc deyilmi?

Belə təhriflərin siyahısını istənilən qədər uzatmaq olar. Məşhur alimlərdən birinin dediyi kimi, İmam Hüseynə (ə) ağlamaq lazımdır; amma əsas buna görə yox ki, onu zülmlə şəhadətə yetiriblər. İmam Hüseynə (ə) ona görə ağlamaq lazımdır ki, şəhadətindən sonra onun şəxsiyyətini və başına gələn hadisələri dəyişdirərək, tanınmaz şəklə salmışlar. İmam Hüseynin (ə) uca şəxsiyyəti bəlkə də yezidçilərdən daha çox, avam camaatın əlindən zərər görmüşdür.

MƏNƏVİ TƏHRİFLƏR

Aşura hərəkatına qarşı ünvanlanmış mə"nəvi təhriflərdən biri bundan ibarətdir ki, çoxları belə düşünür: "İmam Hüseyn (ə) ona görə canını qurban etdi ki, günahkar müsəlmanların günahını yusun. İmam Hüseyn (ə) bu ümmətin etdiyi və edəcəyi günahlar qarşısında öz canını kəffarə kimi verdi".

Bu düşüncə tərzi xristianlığa xasdır. Xristianlar deyirlər ki, İsa Məsih (ə) camaatın günahını bağışlatmaq üçün çarmıxa getdi. Xristianlar qiyamətə kimi nə qədər günah törətsələr də özlərinə təsəlli verirlər ki, hamısı İsanın (ə) çəkdiyi əzablar xatirinə bağışlanacaq.

Belə fikirlər İslama yabançıdır. İslam dinində hər kəs əməllərinə görə özü cavabdehdir. əgər yuxarıdakı müddəaya inansaq, belə çıxır ki, insanların dini rəhbərlik yükünü çiyinlərində daşıyan imam günahın, fitnə-fəsadın, məs"uliyyətsizliyin, arxayınçılığın artmasına şərait yaratmışdır?! Demək, Yezidə qarşı qiyam qaldırmış Hüseyn (ə) əslində yezidlərin çoxalmasına xidmət edirmiş?! Mö"min insan belə fikirlərdən uzaq olmalıdır. Çünki belə fikirlər müqəddəs Kərbəla qiyamının xatirəsini yaşatmağa deyil, zehnlərdən silməyə doğru yönəlib.

Növbəti mə"nəvi təhriflərdən biri budur ki, guya İmam Hüseyn (ə) qətiyyən şəhid olmaq istəmirdi, düşmənlər onun yalvarışlarını, xahişlərini rədd etdilər və İmam qaçmağa yol tapmayıb şəhid oldu. Bu fikrə inananlar təklif edirlər ki, İmam Hüseynin (ə) müsibətinə ağlayıb-sıtqamaq lazımdır. Çünki İmam özü də istəmədən mühasirəyə alınıb şəhid edildi, əgər onun yolu açıq olsaydı, mütləq qaçıb canını salamat saxlayardı.

Əslində isə İmam Hüseyn (ə) hər şeyi, o cümlədən şəhadəti göz önünə alıb qiyama qalxmışdı. O, cismani ölümdən qorxmurdu, çünki mə"nəvi qələbə onunla idi. İmam Hüseynin (ə) taleyi təəssüfə deyil, iftixara layiqdir. Kərbəla səhrasında əsil uduzan Hüseyn (ə) deyil, Yezid və tərəfdarları oldu.

İmam Hüseyn (ə) və silahdaşları yezidçilərdən qorxmurdular, döyüş meydanına bir-bir, bə"zən hətta zirehsiz, dəbilqəsiz və atsız çıxırdılar. Amma yezidçilər onların təkbətək döyüş təklifini də qəbul etməyə qorxur, hər tərəfdən hücuma keçib tənha cəngavəri həlak edirdilər.

Kərbəlada İmam Hüseynin (ə) əsgərlərindən biri də xəyanət edib əks tərəfə keçmədi, amma yezidçilərdən 30 nəfər (o cümlədən, minbaşı Hürr) peşman olub İmama qoşuldu.

Yezid qoşunu İmam Hüseynin (ə) nəinki qılıncından, hətta səsindən də qorxurdu. İmam son xütbəsini söylərkən Ömər ibn Sə"d əmr etdi ki, qoşun haray salıb İmamın səsini batırsın. Çünki qorxurdu ki, İmamın sözləri əsgərlərə tə"sir edib onların gözünü açar.

Bütün bunlar sübut edir ki, aşura gününün əsil qalibi Yezid deyil, İmam Hüseyn (ə) idi. Buna görə İmam Hüseynə (ə) acımaq deyil, onunla fəxr etmək və ondan öyrənmək lazımdır. İmamlarımız buna görə Kərbəla qiyamını yaddaşlarda yaşatmağa çalışırdılar. Məqsəd - İmam Hüseynin (ə) təhriflərə uğramamış, dəyişdirilməmiş əsil simasını yaşatmaqdır.

MÜQƏSSİR KİMDİR?

Görəsən, indiyə kimi edilmiş təhriflərin müqəssirləri kimdir: alimlər, yoxsa dini savadı olmayan avam camaat?

Adətən, bu cür mübahisəli məsələlərdə alimlər günahı camaatın üstünə yıxmaq istəyirlər, camaat isə alimləri müqəssir bilir.

Deyirlər ki, bir gün ruhani alimlərdən biri minbərə qalxıb dayaz mə"nalı, aşağı səviyyəli moizə söyləyir. Dinləyicilərdən biri qalxıb ona e"tiraz edir ki, bu qədər insanın başını mə"nasız sözlərlə niyə aldadırsan? Həmin alim isə cavab verir ki, bu gün mənə qulaq asan bu insanlar mə"nalı söz eşitməyə layiq və hazır deyillər.

Xalq isə həmişə alimləri təqsirli bilib, "balıq başından iylənər" misalına arxalanır. əlbəttə, təhrifçilikdə alimlərin günahı inkaredilməzdir, amma bu işdə camaat da onlarla şərikdir.

Hədislərin birində (Təbrisinin "Ehticac" kitabında) buyurulur ki, bir nəfər İmam Sadiqdən (ə) soruşur: "Qur"anda savadsız yəhudilər barəsində deyilir: "Onlardan (yəhudilərdən) bə"ziləri də avam və bisavaddırlar, "Tövrat"ı bilməzlər, yalnız xəyallara, boş arzulara uyar, zənnə qapılarlar"("Bəqərə" surəsi, ayə 78). Niyə Allah avam insanları tənbeh edib günahlandırır. Axı savadsız adamlar həqiqətdən bixəbər olduqlarına görə üzrlüdürlər!" İmam həmin adama cavab verərək buyurur ki, bə"zi məsələlərdə həqiqətən, savadsızlar cavabdeh deyillər. Məsələn, dəqiq bir elmi məsələ barəsində hər adam düzgün mülahizə yürüdə bilməz, bu yalnız alimlərin işidir. Amma elə məsələlər də var ki, onları başa düşmək üçün dərin elm və savad tələb olunmur. İnsanın fitrətində olan ağıl və şüur qüvvəsi ilə həmin məsələləri həll etmək mümkündür. Sonra İmam belə bir misal çəkir: Fərz edək ki, bir alim özü günahkar və bədəxlaq olduğu halda, camaata iman və əxlaq öyrədir. Özü günahdan əl çəkmədiyi halda, başqaları üçün tövbədən dəm vurur. Məgər insan belə bir alimə qarşı öz münasibətini müəyyən etmək üçün mütləq savadlı olmalıdırmı? Elementar ağıl və məntiqə malik savadsız adam da başa düşər ki, belə ikiüzlü alimə e"tibar etmək, şəriət hökmlərində ondan məsləhət almaq olmaz. Savadsız yəhudilər də öz böyüklərinin günah və səhvlərini görə-görə onlara tabe oldular, onlar üçün şərait yaratdılar, ona görə də tənbeh və məzəmmətə layiq görüldülər.

Bə"zi kitablarda yazılıb ki, bir quldur səhrada karvanları soymaqla məşğul olurmuş. Bir gün eşidir ki, Kərbəlaya ziyarətə gedən bir karvan səhradan keçəcək. Quldur tez gedib yol üstündə pusquda oturur ki, karvan keçəndə hücum edib ziyarətçiləri soysun. Təsadüfən pusquda oturub gözlədiyi vaxt onu yuxu aparır. Karvan gəlib keçir, amma quldur yuxuda olduğu üçün xəbər tutmur. Quldur yuxuda görür ki, guya qiyamət günüdür və etdiyi cinayətlərə görə onu cəhənnəmə atırlar. Amma cəhənnəm qulduru qəbul etməyib geri qaytarır. Səbəbi isə budur ki, guya ziyarətçilər karvanı yoldan keçərkən, qalxan toz-duman pusquda yatmış quldurun bədəninə və geyiminə qonubmuş. Üstündə Kərbəla karvanının tozu olan adamı isə cəhənnəm alovu yandırmaz.

Bu rəvayətin yalan olduğunu başa düşmək üçün savad və elm lazımdırmı? Axı hamı bilir ki, Allah hər kəsin niyyətinə əsasən əməllərini qiymətləndirər. əgər quldur karvanı soymaq qəsdi ilə oturub özü də bilmədən yuxuya gedibsə, ona necə haqq qazandırmaq olar? Məgər tövbə etmədən günah bağışlanarmı? Şübhəsiz, ağıl və sağlam məntiq belə xurafatı rədd edir.

TƏHRİFİN ZİYANLARI

Haqqında danışılmalı növbəti məsələ bundan ibarətdir ki, görəsən, təhrifin nə ziyanı vardır? Təhrifin zərəri çox böyükdür. Təhrif elə dolayı zərbədir ki, birbaşa zərbədən qat-qat güclüdür. əgər hidayət məqsədilə yazılmış kitabda təhrif olsa, zəlalət kitabına çevrilər. əgər insanları xoşbəxtiliyə çatdırmaq məqsədilə yazılmış kitab təhrifə uğrasa, bədbəxtliyə xidmət edər.

Tarix boyu bə"zi şəxsiyyətlər nadan adamların əliylə təhrif edilib tamamilə əks şəkildə camaata tanıtdırılıblar. Məsələn, İmam Hüseynin (ə) oğlu İmam Zeynülabidinə (ə) "bimar" ləqəbini veriblər. Halbuki İmam Zeynülabidinin (ə) əsil (ərəb dilindəki) ləqəbləri arasında nə "bimar" adı, nə də onunla səsləşən başqa ad yoxdur. Mə"lumdur ki, İmam Zeynülabidin (ə) yalnız aşura faciəsi zamanı xəstə olub. (Bu da Allahın məsləhəti idi ki, İmam döyüş meydanına çıxıb şəhid olmasın və imamət zənciri qırılmasın). Heç bir tarix kitabında yazılmayıb ki, İmam Zeynülabidin (ə) ömrü boyu xəstə olub və və bu xəstəliyinə görə ona ləqəb veriblər. Amma bu "bimar" ləqəbinin gətirdiyi təhrif üzündəndir ki, əksər insanlar İmam Zeynülabidinin (ə) həmişə xəstə, qızdırmalı, beli bükülmüş, əlində çəlik tutmuş, ahu-vayla gün keçirən bir adam kimi təsvir edirlər. Halbuki, Kərbəla faciəsindən sonra o həzrət tam sağlam halda 30 ildən artıq yaşamışdır.

ALİMLƏRİN VƏZİFƏSİ

Təhriflər qarşısında ilahiyyat alimlərinin, ruhanilərin vəzifəsi və borcu budur ki, həqiqəti gizlətmədən xalqa çatdırsınlar (hətta həqiqəti eşitmək çoxlarının xoşuna gəlməsə də). Alimlərin vəzifəsi təhrifləri rədd etmək, təhrifçilərin ağzını yummaqdır. Alimlərin vəzifəsi budur ki, bir rəvayətin düzgün olub-olmadığını diqqətlə araşdırmadan danışmasınlar, qeyri-mö"təbər kitablara, yalançı müəlliflərə müraciət etməsinlər. Kitab müəlliflərinin şöhrəti gərək insanı çaşdırmasın. Bə"zən böyük şöhrətə malik savadlı alimlərin kitablarında da təhrifçilik müşahidə olunur (Hüseyn Vaiz Kaşifinin "Rövzətüş-şühəda" və Fazil Dərbəndinin "Əsrarüş-şəhadət" kitabları kimi).

Çox vaxt məscidlərdə, yaxud evlərdə qurulan tə"ziyə məclislərində əsas məqsəd - bacardıqca çox adamı məclisə də"vət etmək olur. Tə"ziyə məclisi təşkil edən şəxsin məramı izdiham toplamaq olmamalıdır. Məgər tə"ziyə məclisi küçə yürüşü, nümayişdirmi ki, orada izdihamın olması şərt sayılsın? Məclis sahibi moizə edən alimin qarşısında tələb qoymamalıdır ki, çox adam toplasın və mərsiyə vasitəsilə camaatı qızışdırıb "cuşa gətirsin". əks təqdirdə məclisi aparan şəxs camaatın diqqətini cəlb etmək, onları riqqətə gətirib ağlatmaq, zəncir və sinə səslərini daha da ucaltmaq üçün təhriflərə əl atmağa məcbur olacaq, həqiqətə uyğun olmayan nağıl və əfsanə şəkilli xurafat danışacaq ki, camaat daha şiddətlə ağlasın, başqa sözlə desək, "məclis camaatı tutsun". Aşura qiyamından danışan və yazan adamların ilkin vəzifəsi - həqiqəti çatdırmaq olmalıdır. Onu dinləyicilərin hıçqırığı, nə"rəsi, qışqırığı düşündürməməlidir. Zahiri effektlərin köməyi ilə hönkürüb ağlamaqdansa, aşura faciəsinin fəlsəfəsini dərindən duyub səssizcə bir damcı göz yaşı axıtmaq daha üstündür. Tə"ziyənin əsil missiyası "çox ağlatmaq" deyil, "çox anlatmaq"dır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR