Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik
tədbirləri həyata keçiriləcək.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis
general-mayoru Səhlab Bağırov məlumat verib.
S. Bağırov bildirib ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi
yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin
təmin edilməsi ilə əlaqədar təhlükəsizlik tədbirləri
gücləndiriləcək: “Hər il olduğu kimi, bu il də Aşura günü ilə
əlaqədar ictimai asayişin qorunması məqsədilə oktyabrın 12-i
paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai
asayiş lazımı şəkildə təmin ediləcək”.
Rəis müavini həmçinin qeyd edib ki, Bakının bütün məscidlərində və
ziyarətgahlarında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə
ərazilərə əlavə polis naryadları təyin olunacaq. Dini ayinlərin
keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş
yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə
imkan verilməyəcək.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, oktyabrın
12-də yol polisi də gücləndirilmiş iş rejimində çalışacaq.
Mərasimlərin keçiriləcəyi yerlərdə və ətraf ərazilərdə yol hərəkəti
təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Yol Polisi tərəfindən
lazımı qüvvələr ayrılıb. Mərasimlərlə əlaqədar bəzi ərazilərdə
nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da sakinlərə müraciət edib. O, Aşura günü bütün tədbirlərin məscidlərdə təşkil keçirilməsini tövsiyə edib: “Dini xarakterli bütün ayinlər məsciddə və yaxud məscidin həyətində keçirilə bilər. O cümlədən dini atributlar, dini xarakterli bu və ya digər bayraqlar məscidin içərisində istifadə olunmalıdır. Dini ayinlərin icrası zamanı qanuna əməl edilməlidir". (apa)