Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tanınmış musiqiçilərinin adı arzuolunmaz şəxslər siyahısından çıxarıldı - XİN

Tanınmış musiqiçilərinin adı arzuolunmaz şəxslər siyahısından çıxarıldı - XİN

Date: 10 October 2016 13:44

Rusiyanın tanınmış musiqiçiləri Timur Temirov və Soso Pavliaşvili Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət ediblər. Lent.az-ın məlumatına görə, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb. Onlar məktubda Azərbaycan xalqına, mədəniyyətinə və musiqisinə böyük hörmət və ehtiram bəslədiklərini, ölkəmizin qonaqpərvərlik ənənələrini yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycana səfər etmək və tezliklə Bakıda konsert proqramları ilə çıxış etmək arzusunda olduqlarını bildiriblər.

Timur Temirov və Soso Pavliaşvilinin müraciətləri müvafiq qaydada nəzərdən keçirilib və Azərbaycan ərazisinə daxil olmaq üçün icazə verilib.

Məlumatda qeyd olunub ki, bir müddət əvvəl KİV-də Soso Pavliaşvilinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri və Timur Temirovun isə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin təşviqi ilə məşğul olması barədə xəbərlər yayılıb. Bundan sonra, onların adı arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

 

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


Tags:  Tanınmış musiqiçilərinin adı arzuolunmaz şəxslər siyahısından çıxarıldı XİN


RƏYLƏR


Top news