Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Çexiyaya gəzməyə gəlməmişik"

"Çexiyaya gəzməyə gəlməmişik"

Date: 10 October 2016 15:12

Milli.Az Azərbaycan yığmasının futbolçusu Ağabala Ramazanovun apasport.az saytına müsahibəsini təqdim edir:

- Norveçlə matçda əsas heyətdə yer almağınız sizin üçün gözlənilməz olmadı? Yeri gəlmişkən, görüşün ən fəal oyunçularından biri idiniz...

- Xeyr, sürpriz olmadı. Məşqçi mənimlə öncədən danışmışdı. Onun güvənini hiss etmişdim. Yarımmüdafiənin sağ cinahında oynamağı tapşırmışdı. Onların sol cinah müdafiəçisini mənə göstərmişdi. Demişdi ki, irəli, geri işləyib, ona yaxın oynamalısan. Çünki ən təhlükəli futbolçuları idi. Birinci dəfə deyildi ki, millinin heyətində yer alırdım.
 
- Rəqib futbolçular matçdan öncə favorit qismində Norveç millisinin adını çəkirdilər. Onların bu açıqlaması sizdə qıcıq yaratmışdımı?

- Heç bir qıcıq yox idi. Biz öz işimizə baxırıq. Şükürlər olsun ki, qələbə qazandıq. Norveçlə görüşdə vacib 3 xal əldə etdik. Bununla da, Azərbaycan xalqını sevindirdik. Əsas olan da budu.
 
- Millimiz seçmə mərhələdə ilk 2 oyundan sonra 6 xal toplayıb. Uğurlu nəticənin ardı gələcəkmi?

- Çalışacağıq ki, ardı gəlsin. Çexiyaya gəzməyə gəlməmişik. Burdan sərfəli nəticə ilə qayıtmalıyıq.
 
- Ostravada da əsas heyətdə meydana çıxacağınızı gözləyirsizmi?

- Bu, bilinmir. Baş məşqçi necə istəyəcəksə, elə də olacaq. İki gün öncə Norveçlə oyun keçirmişik. Ola bilsin, Çexiyaya qarşı fərqli heyət çıxış etsin.
 
- Baş məşqçi Robert Prosineçki Norveçlə görüşdən sonra mətbuat konfransında bildirdi ki, yorğun futbolçuları Çexiyaya qarşı oynatmayacaq. Özünüzdə yorğunluq hiss edirsizmi?

- Düzdü, Norveçlə matç çətin keçdi. Stadion ağır idi, ot örtüyünün durumu istədiyimiz kimi deyildi. Bu da bizə əlavə çətinlik yaradırdı. Amma bu, milli komandadı. Baş məşqçi məsləhət bilsə, yenə 90 dəqiqə oynamağa hazıram.
 
- Reallıqda Çexiya səfərindən xalla qayıtmağımız mümkündümü?

- Mümkünsüz heç nə yoxdu. Norveç üzərindəki qələbəmizə də heç kəs inanmırdı. Biz bunu reallaşdırdıq. Kapitanımız Rəşad Sadıqov Norveçlə oyundan sonra müsahibəsində demişdi ki, Albaniya və İslandiya kimi ölkələr bizə nümunədi. Çalışıb, onlar kimi, biz də başqalarına nümunə ola bilərik.
 
- Demək istəyirsiz ki, dünya çempionatının final mərhələsinə çıxa bilərik?

- İnşallah. Çexiyadan, eləcə də, digər rəqiblərdən çəkinmirik. Futbolda hər şey etmək olar. Yetər ki, özünə inanasan. İnam olan yerdə uğur qazanmaq mümkündü.

Milli.Az


Tags:  Çexiyaya gəzməyə gəlməmişik

RƏYLƏR


Top news