"Boş yerə "niyə də yox?" demirik" - MÜSAHİBƏ

"Boş yerə "niyə də yox?" demirik" - MÜSAHİBƏ
15:22 10 Oktyabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində millimizin Çexiya ilə görüşünü izləmək üçün Ostravaya yollananların sırasında Vaqif Sadıqov da var.

Milli.Az bildirir ki, Məşqçilər Komitəsinin sədri apasport.az saytına müsahibəsində yığmamızın həm Norveçlə oyununu dəyərləndirib, həm də sabah çexlərlə keçiriləcək matç barədə fikirlərini bölüşüb.

- Norveç üzərindəki qələbə, yəqin ki, sizin üçün də gözlənilməz oldu...
- Niyə gözləmirdim ki? Yığmamız hazırda elə səviyyədədi ki, onlardan qələbə gözləmək olar. Ümumiyyətlə, istək və inamımız onu göstərir ki, millimiz buna qadirdi.

- Amma Norveçə qarşı yaxşı oyun göstərdiyimizi də deyə bilmərik...

- Biz istəyirik ki, yaxşı oyun sərgiləyib, nəticə əldə edək. Bu olsa, onda Avropada ilk yerlər uğrunda mübarizə aparan yığmaya çevrilərik. Komandaya inam qaytarmaq üçün nəticə çox önəmlidi. Mütləq qələbə lazım idi. Hesab edirəm ki, praqmatik oyun sərgiləyən yığmamız buna nail olub. Birinci hissədə fərqli oyun nümayiş etdirdiksə, fasilədən sonra tam ayrı yığma gördük. Bu onu göstərir ki, gələcəyə ümidlə baxmaq olar. Əgər məqsədimiz AÇ-2020-nin final mərhələsinə qatılmaqdısa, bu seçmə mərhələdən onun təməlini qoymaq lazımdı. Şəxsən istəyərdim ki, inamlı oyunun, nəticənin ardı gəlsin. Komandamız heç bir rəqibin adından çəkinməsin və hər biri ilə əzmkar mübarizəyə qoşulsun.
 
- Norveçlə matçda millimizin heyətində ən çox kimin oyunundan razı qaldız?

- Mən komanda şəklində qeyd etdim. Sevinirəm ki, Ağabala kimi gənc futbolçularımız bu gün millinin əsas oyunçusuna çevriliblər. Ramil Şeydayev meydanda 10 dəqiqə olsa da, göstərdi ki, potensialı böyükdü və yığma üçün ancaq xeyir verə bilər.
 
- Potensialı böyük olan futbolçu əlinə düşən qol epizodunda vurnuxmaq əvəzinə, qapıya zərbə vurardı...

- Bu gün 19 yaşı olan futbolçudan söhbət gedir. Biz gənc Ramil Şeydayevdən, Ağabala Ramazanovdan və Namiq Ələsgərovdan danışırıq. Hesab edirəm ki, bu gün ən gənc yığmamız formalaşıb və Avropada güclü rəqiblərə qarşı mübarizə aparır. Çexiya səfərində komandamızın hər bir üzvünü pozitiv görmək istəyirdim. Belə də oldu. Biz ilkə imza atdıq, seçmə mərhələnin ilk 2 matçında 6 xal qazandıq. İki oyunda qol buraxmamışıq, liderlər qrupunda qərarlaşmışıq.
 
- Yeri gəlmişkən, Azərbaycan millisinin Almaniya ilə eyni xal topladığını görəndə hansı hissləri keçirirsiz?

- Mən gözləyirdim ki, almanlar Çexiya ilə matçda büdrəyib, heç-heçə oynayarlar və biz heç olmasa bir müddət vahid liderə çevrilərik (gülür). Amma arzumuz arzu olaraq da qaldı. Sevindirici haldı ki, artıq hədəfimiz, iddiamız böyükdü və bunun üçün iş görülür. Biri var ki, danışıb, əməldə göstərməyəsən. Lakin yığmamız çalışır ki, əməldə də göstərsin. Norveç üzərində qələbə hər birimizindi.
 
- Çexiya ilə səfər qarşılaşmasında hansı nəticəyə ümid edirsiz? Nəzərə alın ki, seçmə mərhələyə uğursuz start verən çexlər acıqlarını millimizdən çıxmağa çalışacaqlar...

- Çətin oyun olacaq. Heç kim bunu inkar etmir. Çexiya son Avropa çempionatının final mərhələsində oynamış komandadı. Onlarda nəsil dəyişilib, yeni komanda formalaşıb. Amma çexlər belə bir psixoloji duruma düşüblər ki, mütləq qələbə qazansınlar. Üstəlik, öz azarkeşləri önündə oynayacaqlar, onların qarşısında bəraət qazanmaq istəyəcəklər. Lakin biz də uğurlu seriyanı davam etdirməliyik. Ən azı, məzmunlu və mübariz oyun göstərməli, biz olduğumuzu hər bir rəqibə başa salmalıyıq.
 
- Albaniya və İslandiya kimi yığmaların bacardığını edib, böyük turnirlərin final mərhələsinə qatıla bilərikmi?

- Niyə də yox? Bu fikir tədricən reallığa çevrilir. Boş yerə "niyə də yox?" demirik. Gəlin, millmizə inanaq. Robert Prosineçki bu inamı qaytara bilib. Mən onun işindən razıyam.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR