YAP-dan ÇAĞIRIŞ: “Azərbaycana qarşı təzyiqlər ərazi bütövlüyümüzün pozulmasına gətirib çıxara bilər”

YAP-dan ÇAĞIRIŞ: “Azərbaycana qarşı təzyiqlər ərazi bütövlüyümüzün pozulmasına gətirib çıxara bilər”
17:53 10 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma Şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin “Azərbaycanı Qarabağı tanımağa məcbur etmək istəyirlər” çıxışını şərh edib.

Deputat A.Mirzəzadə deyib ki, sözügedən çıxışı ilə Prezident İlham Əliyev Qarabağla bağlı aparılan danışıqlarda indiyədək göstərilməyən mənzərəni vətəndaşlar üçün açıb:

“Biz bilməliyik ki, Azərbaycanın müstəqilliyinin saxlanılması heç də asan başa gəlmir. Azərbaycana qarşı çox ciddi təzyiqlər var. Hətta, bu təzyiqlər ərazi bütövlüyümüzün pozulmasına da gətirib çıxara bilər. Çox təəssüf ki, beynəlxalq münasibətlərdə bəzən ayrı-ayrı dövlətlər və dairələr Azərbaycana itirilmiş torpaqlardan əl çəkmək, Ermənistana ciddi güzəştlərə getməklə bağlı təkliflər irəli sürür. Halbuki, beynəlxalq hüquq normalarına görə, dövlətlərin ərazi bütövlüyü prinsipi var. Yəni, bir dövlətin digər dövlətin ərazisini işğal etməsinə yol verilmir. Belə hal olarsa, ona qarşı çox ciddi sanksiyalar tətbiq edilməlidir. Amma gördüyünüz kimi, sanksiyalar əvəzinə Ermənistanın işğalçılığını dəstəkləmək siyasəti həyata keçirilir. Bu cür hallar birinci dəfə deyil”.

A.Mirzəzadə qeyd edib ki, dəfələrlə Azərbaycana qarşı itirilmiş torpaqlardan əl çəkmək və Ermənistana ciddi güzəştlərə getmək barəsində təzyiqlər olunub:

“Bununla belə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti və vətənpərvərliyi bu cür təzyiqlərin qarşısını almağa və Azərbaycanın milli maraqlarını hər zaman yüksək tutmağa imkan verib. Məhz xalqdan dəstək aldığı üçün bu gün Prezident İlham Əliyevin maraqlarına heç nəyi qurban vermir. Aparılan siyasət bundan sonra da dövlətçiliyimizi, müstəqilliyimizi və ərazi bütövlüyümüzü hər zaman yüksək səviyyədə qorumağa imkan verəcək”.

YAP rəsmisi Azərbaycana qarşı təzyiqlərə də toxunub:

“Çox təəssüf ki, təhdidlərdən tam sığortalanmaq mümkün deyil. Amma təhdidlərə qarşı qətiyyət göstərmək mümkündür. Necə ki, bu Azərbaycanda mümkün olur. Müstəqilliyimizin 25 illik tarixi var. 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyevin, sonradan isə Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycan dövlətçiliyini qoruyub saxlamağa, təhdidlərə qarşı ciddi müqavimət göstərməyə və beynəlxalq aləmdə layiqli yer tutmağa imkan verir. Heç bir təzyiq və təhdid Azərbaycanın öz milli maraqlarından əl çəkməyə gətirib çıxartmayacaq. Bu məsələdə Azərbaycan rəhbərliyi və xalqı ölkəmizin müstəqilliyini hər zaman qoruyub və bundan sonra da qoruyacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən həftə keçirilən toplantısında çıxışı zamanı açıq şəkildə bildirib ki, bağlı qapılar arxasında keçirilən görüşlərdə Azərbaycanı Qarabağı tanımağa məcbur etmək istəyirlər.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR