Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Danışılmayan kitablar” - FOTOLAR

“Danışılmayan kitablar” - FOTOLAR

Date: 10 October 2016 19:18

Çoxumuz müasir ədəbiyyatın vəziyyətindən və ya ölməz klassiklərdən danışıb, müzakirələr apara bilərik. Amma ədəbiyyatın qaranlıq hissəsindən, kəşf edilməyən və aydın olmayan bəzi kitabları haqqında söz düşəndə susuruq. İnsan oğlu cavabı olan sualları daha çox sevir, ona daha həvəslə yanaşır. Bu, ədəbiyyatda da belədir. Çətinə ki düşdü, həmin kitab haqqında ümumiyyətlə susacaq. “Danışılmayan kitablar” nə kitabxanalarda tapılır, nə onlardan qəzetlərdə yazılır, nə də ki, ədəbi tənqidçilər onların adını çəkir. “Danışılmayan kitablar”dan biri də "Kodeks Serafini"dir (Codex Seraphinianus).

Publika.az bildirir ki, “Kodeks Serafini” başqa dünyadan bəhs edən, maraqlı illüstrasiyalarla dolu bir kitabdır. Kitabın yazı dili isə inanılmaz dərəcədə qəribədir. Çünki o bizim dünyaya aid olan dildə yazılmayıb. Düzdür, bir səhifədə “Rozett daşı”nın (üç dildə yazıya malik daş yazı abidəsidir. Qədim yunan dili dilçilərə məlum olduğundan demotik və heroqlif yazısını onunla uzlaşdırmaqla bir çox Misir yazılarının açılmasında ondan açar kimi istifadə olunub) oxşarı var. Ancaq burada “Kodeks” dili bir az daha gizlinliyə gedərək, heç bir sirlərin üstünü açmadan daha da dərinləşir. 400 səhifədən ibarət uydurulmuş dünya haqqında bu kitab 70-ci illərin axırlarında italyan rəssamı, heykəltəraşı, memarı və Futurarium məktəbində qrafik dizayn üzrə müəllimi Luigi Serafini tərəfindən yazılıb.

1978-ci ildə Milan nəşriyyatına, Franko Maria Ritsiyə böyük ölçüdə bir bağlama göndərirlər. Əməkdaşlar onun adi əlyazma olduğunu düşünsələr də, bağlamada bir yığın izahlı illüstrasiyalardan ibarət kağız toplusu olduğunu görəndə çox təəccüblənirlər. İllüstrasiyalar qəribə və ağlasığmaz idi, yazını isə heç bir redaktor oxuyub, anlaya bilməmişdi. Müəllif bağlamanın üzərində bunun dünya ensiklopediyasına oxşar bir şey olduğunu yazmışdı.

Kitab orta əsrlərdəki elm kodekslerinə oxşar formada yazılıb. Hər səhifədə konkret bir obyektin və ya hərəkətin izahı var. Bir növ Bardo Todolun heyvanlar üçün yazdığı “Ölülər diyarı” kitabına oxşayır. Ancaq “Kodeks Serafini”də fikirlər aydın şəkildə yazılmayıb. Əsər tam olaraq oxucunun təxəyyülünə buraxılıb.

1981-ci ildə Ritsi “Kodeks Serafini”nin möhtəşəm və təmtəraqlı nəşrini çap edir. Baha qiymətə satılan kitab o vaxtdan bəri qısa tirajlarla bir neçə dəfə çap olunub. Hazırda 400 səhifəlik kitabı 250 avroya almaq mümkündür. Bir sözlə “Kodeks Serafini” xüsusi oxucular üçündür. Deyilənlərə görə, onu dünyanın bəzi kitabxanalarından da tapmaq olar.

Kitab nədən bəhs edir?

Kodeks özündə 400 səhifəli rəngli, uydurulmuş dünya haqqında, bilinməyən dildə izahı olan illüstrasiyalı kitabdır. Kitab 11 fəsil və 2 seksiyadan ibarətdir. Birinci seksiya təbiətdən, ikincisi insandan bəhs edir.

Fəsillər:

1. Flora

2. Fauna

3. Şəhərdə yaşayış

4. Kimya-biologiya

5. Mexanika, texniki ixtiralar

6. Xalqlar

7. Dünya xəritəsi, adi və vacib insanlar

8. Yazı

9. Qida və geyim

10. Bayramlar, oyunlar, əyləncə

11. Memarlıq

İllüstrasiyalar real dünyadakı əşyaların sürralist parodiyasıdır. Məsələn, qanlayan meyvə, rəngli yumurta-uşaqlar, zibil kağızına oxşar insanlar, yol işarəsinə oxşar əsgər, uçan maşınlar, elmə məlum olmayan tərəvəzlər və s. Bəzi şəkilləri, məsələn insan üzü və ya xəritələri asanlıqla seçmək olur. Əslində ilk baxışdan bir az yöndəmsiz görünsə də, hər şəklin özünə uyğun məntiqi var. Məşhur italyan jurnalisti İtalo Kalvino “Kodeks” kitabının maraqlı illüstrasiyalarını nümunə gətirərək heyrətə gəldiyini açıqlayıb. Onun dediyinə görə, kitabı oxuyarkən insan ənənəvi düşüncə tərzindən imtina etməlidir. Yalnız xəyal gücündən istifadə edənlər kitabın nədən bəhs etdiyini anlaya bilər.

Bəs belə qeyri-adı kitabın müəllifi Luigi Serafini kimdir? Yalançı, hiyləbaz yoxsa peyğəmbər? “Kodeks” ustalıqla yazılmış saxta kitabdır, yoxsa doğrudan dünyanın sonundan xəbər verən əlyazmadır? Cavab çətin ki, tapılsın. Həqiqətdən asılı olmayaraq, “Kodeks Serafini” insan həyatında ən maraqlı kitab və ХХ əsrin ən qəribə ədəbiyyatı sayılır.

Beləliklə, “Kodeks Serafini”ni nə vaxtsa ola biləcək bir dünya ensiklopediyası adlandırmaq olar.

Mələk


























Tags:  Danışılmayan kitablar FOTOLAR

RƏYLƏR


Top news