Rövnəq Abdullayev: “Aşağı neft qiymətlərinə baxmayaraq layihələr uğurla icra olunur”

Rövnəq Abdullayev: “Aşağı neft qiymətlərinə baxmayaraq layihələr uğurla icra olunur”
19:52 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

İstanbul. 10 oktyabr. REPORT.AZ/ Bu gün dünyada neft sənayesi və enerji sektorunda əsas problem aşağı qiymətlər şəraitində investisiya lahiyələrinin həyata keçirilməsi ilə bağlıdır.
"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında deyib.
“Artıq bir çox layihə dayandırılıb. Başqalarından fərqli olaraq, Azərbaycan və Dövlət Neft Şirkəti qiymətlərin düşdüyü bir vaxtda böyük layihələrin başlanğıc dönəmində idi. Biz çox düşündük və bu, yalnız kommersiya layihələri deyil, həmçinin Avropanın enerji təhlükəsizliyini təmin edən layihələrdir. Bu, “Şahdəniz-2” layihəsi, Cənub Qaz Dəhlizi ilə Avropaya alternativ qazın gətirilməsi kimi məsələlər idi. Ona görə də qərar qəbul olundu ki, bu layihələri davam etdirək. Bu gün 45 milyard dollar dəyərində olan layihənin 2013-cü ildə icrasına qərar verildi və həm Azərbaycanda “Şahdəniz” yatağında, həm də boru xətlərində görülən işlər - Bakıdan Gürcüstan və Türkiyəyə gedən Cənub Qaz Boru Kəməri, TANAP və TAP layihələri uğurla həyata keçirilir” - R.Abdullayev deyib.
SOCAR prezidenti vurğulayıb ki, çətinliklərə baxmayaraq, Azərbaycan, Türkiyə, Gürcüstan və digər dövlətlər layihələrin icrasına dəstək verib: “Aşağı neft qiymətlərinə baxmayaraq layihələr uğurla icra olunur”.
R.Abdullayev əlavə edib ki, SOCAR Türkiyədə bir sıra digər layihələr də həyata keçirir: “Son 30 ilin ən böyük xarici investisiya yatırımı olaraq STAR neft emalı zavodunu inşa edirik və bu layihə başa çatmaq üzrədir. Müəssisəni 2018-ci ildə işə salacağıq”. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/rovneq-abdullayev-asagi-neft-qiymetlerine-baxmayaraq-layiheler-ugurla-icra-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR