Azərbaycan brend məhsullar istehsal etməlidir

Azərbaycan brend məhsullar istehsal etməlidir
07:17 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda elmə əsaslanan iqtisadiyyat qurmaq lazımdır.

Bu barədə Milli.Az-a açıqlamasında iqtisadçı, ekspert Oqtay Haqverdiyev prezident İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin müşavirəsində iqtisadi islahatlarla bağlı bəzi fikirlərini şərh edərkən deyib.

İqtisadçının fikrincə, ölkədə iqtisadi islahatlar çevik şəkildə və düzgün istiqamətdə aparılmalıdır: "İndiyə qədər çoxlu islahatlar aparılıb. Onlardan bəziləri pərakəndə olub. Amma indi bütün islahatlar sisteminin koordinasiyasına ehtiyac yaranıb və elə bu məqsədlə də yeni dövlət qurumu yaradılıb. Əsas məqsəd birdir - neftə, qaza alternativ sahələr yaratmaq.

Prezident düz deyirdi. İslahatların aparılmasında operativlik çox geri qalır. Qərarlar əlaqələndirilmiş şəkildə, tez və düzgün verilməlidir. Qeyri-neft sektorunun inkişafı dedikdə, hansı istehsal sahələrinin açılmasına diqqət yetirmək lazımdır. Bəzən hansısa texnoparklar yaradılır, amma orada istehsal olunan məhsulun bütün komponentləri xaricdən gətirilir, idxal olunur. Lakin bir müddət sonra həmin müəssisələrdə istehsal dayanır. Ona görə də ilk növbədə həmin komponentlərin çoxunun istehsalı məhz ölkə daxilində təşkil edilməlidir. İdxal minimuma endirilməlidir ki, ölkədən valyuta axınının qarşısı alınsın. Bunu təmin etməliyik".

Ekspert qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı söhbətlər çoxdan gedir. Amma burada hansı istiqamətlərin əsas götürülməsi, məhz hansı məhsulların istehsalı, rəqabət qabiliyyətli və elm tutumlu olması, həmçinin onların dünya bazarına çıxarılmasına diqqət yetirilməsi məsələsi həmişə müzakirə obyekti olub: "Əgər istehsal sahələri perspektivlidirsə, bu, inkişafa gətirib çıxara bilər. Təbii ki, yalnız pomidor istehsalı ilə inkişaf olmaz. Azərbaycanın brendinə çevrilə bilən məhsulların istehsalına üstünlük verilməlidir. Məsələn, Azərbaycanın bütün dünyada ən yüksək səviyyədə brendi kimi qəbul edilən məhsullarından biri nardır. Çünki o, tərkibinə, dadına, görünüşünə və digər komponentlərinə görə digər ölkələrdə çıxan narların hamısından yaxşıdır. Xaricdə də hamı ən yaxşı nar deyəndə göz önünə Azərbaycan narını gətirir və onu alır. Biz bu cür məhsullar istehsal etməliyik".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/477422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR