Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Kimsənin qarşısında əyilən deyilik

Kimsənin qarşısında əyilən deyilik

Date: 11 October 2016 09:22

Tarix çox müdrik, amma susqun bir müəllimdir və Delfidəki orakul təki suallara birbaşa cavab vermir. Aradığımız sualların cavabını, bizi təlaşlandıran və narahat edən məsələlərin çözümünü dolayı yolla, indiyədək yaşanmış hadisələrin bəzilərini xatırlatmaqla, alleqoriyalarla açıqlayır.

Tarixin qarışıq, çətin, mürəkkəb təhkiyəli cavablarını anlayan millətlər faciələrdən, vətəndaş müharibələrindən, istilalardan, parçalanmaqdan və müstəqilliklərini itirməkdən qurtularaq fərqli yolu tutur, inkişaf edir, güclənirlər. Çünki onlar tarixin qarışıq cavabındakı məzmunu anlaya bilirlər.

Hər şeyin deyildiyi kimi olduğunu düşünüb kənardan məsləhət verən, inqilablara və qiyamlara təşviq edən, "Hələ siz küçələrə çıxın, mitinqlər keçirin, istefa tələb edin - qalanı yaxşı olacaq!" söyləyən "demokrat dostlar"a, əcnəbi siyasətçilərə və xüsusilə də Qərbin "demokratiya beşikləri"nə inanan xalqlar isə uduzurlar. Onlar tamahlarına, illüziyalarına, boş xəyallarına uduzurlar və günün birində letargiya yuxusundan ayılanda görürlər ki, ölkə viran olub, hamı hamıya qarşı vuruşur, kimin hansı düşərgədə olduğu bilinmir.

Ən işlək sözlərin "Xalq", "Qurtuluş", "Cəbhə", "Mübarizə", "İnqilab" və s. təki bu qəbildən olduğu kəlmələrin şüarlaşdığı ölkələrdə vəziyyət faciəvidir: silahlı qruplaşma nə qədər qəddar, xain, siqlətsizdirsə, onun adı bir o qədər təmtəraqlı və bəlağətli olur həmişə.

... "Əş Şəab yurid iskat ən nizam!" Ərəb dilindən tərcüməsi "Xalq hakimiyyətin devrilməsini istəyir!" Küçələrə çıxıb demokratiya, azad seçkilər, yeni iqtidar tələb edənlər belə qışqırırdılar. Onlar inqilab etdiklərini düşünürdülər.

2010-cu il, 17 dekabr. Tunisin Sidi bu Zid vilayətindəki Sid Buzid şəhərinin mərkəzi küçələrindən birində meyvə-tərvəz satan Mohəmməd Buəzizinin arabasını polislər müsadirə etdilər, mallarını lda təpiklə vurub dağıtdılar. Çarəsiz Buəzizi özünü polis idarəsinin qarşısında yandırdı.

Tunisdəki "Xurmalar inqilabı" belə başlandı, sonradan Şimali Afrika və Yaxın Şərqdəki ərəb ölkələrini silkələyən "ərəb baharı"na start belə verildi.

1848-1849-cu illərdə Avropadakı üsyanlar dövrünü "Xalqlar baharı" adlandırmışdılar və ABŞ-dakı taktiklərlə strateqlər də ərəb ölkələrində Vaşinqtonun maraqlarını "tam və geniş miqyasda təmin etməyən" hakimiyyətləri devirmək üçün məhz həmin addan yararlanaraq "Ərəb baharı" adlı "inqilablar ixracı" prosesinə başladılar.

Bu prosesə ən çox sevinən terrorçular oldular. "Əl Qaidə" terror təşkilatının lideri Əyman əz Zəvahiri 2011-ci ilin sentyabrında demişdi: "Biz ölkələrə əsl islamı gətirəcək "ərəb baharı"nın tərəfindəyik".

Terrorçuların liderinin açıqlamasınna çox adam fikir vermədi, müsəlmanlar yenə onları aldadanların yalanlarına, "demokratiya, insan haqları və vətəndaş cəmiyyəti" ilğımına inandılar.

Tunisdə prezident Zin əl Abidin ben Əli ölkədən qaçdı, Misirdə Hüsni Mübarək 30 illik hakimiyyətdən sonra devrildi, Liviya lideri Müəmmər Qəzzafii vəhşicəsinə qətlə yetirildi, Yəmən prezidenti Əli Abdalla Saleh istefaya vadar olundu. Daha sonra idarə olunan ssenarili "inqilab" dalğası İordaniyaya, Suriyaya, Bəhreynə, Sudana, Qərbi Saxaraya, Cibutiyə, Mərakeşə sıçradı.

Nəticələr göz qabağındadır: prezidentlərin devrildiyi ölkələrdə siyasi xaosdur, Liviyada bir-birlərinə düşmən kəsilmiş iki hakimiyyət var, Əlcəzairdə dövlət qurumları iflic durumdadır, Yəmən vətəndaş savaşı burulğanında qıvrılır, Suriya hər gün məhvə yaxınlaşan xaos məkanını xatırladır.

Ərəblər hələ də tarixin dediklərini anlamırlar və başa düşmürlər ki, indiyədək heç zaman, heç yerdə inqilab hansısa xalqa səadət, uğur, inkişaf gətirməyib.

İnqilablar yalnız onu başlayıb gerçəkləşdirənləri varlandırır, xalqı isə alətə çevirir.

Bəşər tarixində normal, məntiqli sonuca malik bir (!) inqilab da yoxdur: hamısı qanla, faciələrlə, qırğınlarla, savaşlarla, geriləmələrlə və ən sonra guya uğrunda mübarizə aparılıb canların fəda olunduğu müstəqilliyin "güclü hami"yə satılması, bağışlanması ilə başa çatır.

Hər inqilabın öz qiyməti var: yerindən, xalqından, dövlətindən və bu kimi amillərdən asılı olaraq qiyam dəyərində də ola bilər, onillər boyu davam edən dilətutma və şirnikləndirmə prosesinin başa gəldiyi on milyardlarla dollar məbləğində də.

Azərbaycanda da inqilab etmək istədiklərini deyən, əslində isə ABŞ və Avropadakı "oyun müəllifləri"nin ssenarilərinə uyğun hərəkət edənlər mövcud hakimiyyətin siyasətinə alternativlər irəli sürməklə məşğul olduqlarını vurğulayırlar.

Hər halda iddiaları belədir.

Amma Azərbaycanın indiki xarici və daxili siyasətinin alternativi demokratiya, inkişaf və tərəqqi yox, xaosdur.

Dövlət başçısı İlham Əliyev söylədi: "Azərbaycan xalqı görür ki, yürüdülən siyasətə alternativ siyasət yoxdur. Alternativ siyasət fəlakət ola, yenə Azərbaycanı uçuruma apara, ölkəni qırğın meydanına çevirə bilər".

O, tam haqlıdır və müxalifət "lider"lərindən fərqli olaraq, xalqını, dövləti düşünür.

Xam xəyallara qapılmayaq: "ərəb baharı"nın sonsuz fəlakətlər yaratdığı ərəb ölkələrini bir kənara qoyub postsovet məkanına nəzər salsaq belə, "inqilab" yellərinin səmuma dönüb hakimiyyətləri devirdiyi Ukrayna, Gürcüstan və Qırğızıstanda itkilərin qazancdan dəfələrlə artıq olduğunu görərik.

Ukraynadakı "Maydan" hərəkatı ölkədə bitmək bilməyən siyasi böhran yaradıb: dünənədək "düşmən" olduqlarını bəyan edən Yuliya Timoşenko ilə devrilən Viktor Yanukoviç birləşməyə hazırlaşırlar, prezident Pyotr Poroşenko rəqiblərinin arasında müttəfiq arayır, bu arada Ukrayna vəd olunan "dividend"ləri ala bilmədiyini anlayır. ABŞ silah, Avropa İttifaqı ən sıx əməkdaşlıq və hətta üzvlüyə namizədlik vəd etsələr də, amerikalıların yolladığı "silah və hərbi texnika" durbinlər, bir də gecəgörmə cihazları, "yüz milyardlarla dollarlıq güzəştli yardımlar paketi" kimi təriflənən "maliyyə köməyi" isə vur-tut 104,76 milyon dollarlııq yüksək faizli kreditlər oldu.

Ukrayna Krımı itirdi. Qazancı - bilinmir, daha doğrusu, Ukraynada kimsə anlamır.

İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropanı xarabazarlıqdan çıxaran və dirçəldən "Marşall planı"nın yeni variasiyasının Ukraynaya tətbiq olunacağı deyildi. Qərbin, daha doğrusu, ABŞ-ın aşkar və kobud təzyiqləri altında rəsmi Kiyev Rusiya ilə düşmən oldu. Sonuc - Rusiya bazarları Ukrayna mallarının tam əksəriyyəti üçün qapanıb.

Avropa İttifaqı Kiyevlə assosiativ üzvlük barədə anlaşma imzaladı. Adi kağız parçası. Əvəzində Rusiya bəyan etdi ki, Ukrayna MDB ölkəsi olsa da, Aİ ilə əməkdaşlıq edir və bu səbəbdən də Kiyev MDB ölkələrinin öz aralarında tətbiq etdikləri gömrük rüsumları ilə güzəştli ticarət rejimindən yararlana bilməz.

Bu, Ukrayna üçün yüz milyon dollarla itki, Rusiya bazarlarının əldən çıxması deməkdir. Müqabilində Avropa İttifaqı bazarlarını hələ də Kiyev üçün açmayıb.

Gürcüstan... Turistlər, "Borjomi", sürüclük vəsiqəsinin tez alınması, rüşvətin azalması, Tiflisin mərkəzi küçələrindəki qlamur kafelər. Vəssalam - budur "qızılgüllər inqilabı"nın Gürcüstana verdiyi "sürətli inkişaf".

Əvəzində Gürcüstan Cənubi Osetiya və Abxaziyanı faktiki olaraq itirib: həmin məkanlardakı separatçı rejimlər yerli sakinlərə Rusiya pasportları paylayıblar.

Rəsmi Tbilisi iqtisadi inkişaf barədə istədiyi qədər bəyanatlar verə bilər: reallıq odur ki, Gürcüstan ABŞ-ın maliyyə yardımlarından asılı, sürəkli inyeksiyalara ehtiyac duyan dopinqli iqtisadiyyata malik ölkədir.

Və Qırğızıstan... Rəsmi Bişkek əvvəlcə ABŞ və Avropa Birliyinin tələbləri çərçivəsində hərəkət etdi, xarici və daxili siyasətini Qərbin tələbləri çərçivəsində formalaşdırdı. Amma az sonra Rusiyanın pressinqinə dözməyən Bişkek amerikalı hərbçiləri "Manas" aerodromundan qovdu, MDB çərçivəsində Rusiyanın yaratdığı bütün neorevanşist strukturlara "həvəslə və könüllü" qatıldı.

İnqilabların qurbanı olmuş ölkələr Asiyada, Afrikada, Cənubi Amerikada da var və onların sayı az deyil.

Azərbaycan bu siyahıda yeni ad olmaq niyyətində deyil. Müstəqil siyasət yürüdən, öz sözünü deyən, bütün məsələlərlə bağlı prinsipial mövqe nümayiş etdirən, heç kəsin qabağında əyilməyən ölkəyik və belə də olacaq.

Daxildə "demokratiya fədaisi" kimi tanınmaq istəyən siyasi ölülər isə bilməlidir: kimsənin qarşısında əyilən deyilik.

Elçin Alıoğlu
Milli.Az


Tags:  Kimsənin qarşısında əyilən deyilik

RƏYLƏR


Top news