Mahmud Qurbanov: "1 xal yetər"

Mahmud Qurbanov: "1 xal yetər"
11:47 11 Oktyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu bu gün Çexiyaya qarşı keçirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, müsahibə verən millinin baş məşqçisi həm Norveçlə baş tutan ötən oyunu dəyərləndirib, həm də çexlərlə baş tutacaq matç barədə danışıb. 

- DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin Norveç üzərində (1:0) qələbəsi hələ də danışılır. Səmimi cavab verin, bu qalibiyyəti gözləyirdizmi?
- Püşk atılanda, rəqiblərimiz bəlli olanda bu nəticəyə imza atacağımızı düşünməzdim. Amma səfərdə San-Marinoya qalib gələndən sonra bizdə inam yarandı ki, Bakıda da Norveçi məğlubiyyətə uğrada bilərik. Rəqibdən asılı olmayaraq, hər qələbə oyunçularda ruh yüksəkliyi yaradır, inamı artırır. Düzdür, Norveçlə matçda elə bir oyun göstərmədik. Amma uşaqlar bacarıqlarını ortaya qoydular, futbol oynamağa çalışdılar və sona qədər mübarizə apardılar. Sevindirici haldır ki, əlimizə düşən imkanı qola çevirdik. İki oyundan 6 xal toplamaq həm futbolçular, həm məşqçi heyəti, həm də jurnalistlər və azarkeşlərdə yığmamıza böyük inam yaratdı.
 
- Turnir cədvəlində Almaniya ilə daban-dabana nə vaxta kimi gedə biləcəyik?
- Bu, oyunlardan asılıdır. İndi bizi Çexiya ilə çətin səfər matçı gözləyir. Futbolda proqnoz vermək mümkün deyil. Amma Çexiyaya məğlub olmaq fikrimiz yoxdur. Çalışacağıq ki, Ostravadan xalla qayıdaq.
 
- Hər halda, Çexiya Norveçdən daha güclü komanda hesab edilir...
- Elədir, çexlər daha güclüdülər. Düzdür, son matçda Almaniyaya 0:3 hesabı ilə uduzublar. Amma nəzərə almaq lazımdır ki, rəqibləri Almaniya idi. Bu oyuna görə onlar haqda fikir formalaşdırmaq olmaz. Bizə qarşı isə evdə oynayacaqlar və bu, Çexiya üçün əlavə üstünlükdür. Çexlər norveçli futbolçulardan daha keyfiyyətlidilər.
 
- Çexiya yığmasının əsas üstünlüyü nədədir?
- Onlar futbol oynamağa çalışırlar. Biz Çexiyanın Almaniya ilə görüşünü seyr etdik. Həm fiziki, həm də texniki cəhətdən yaxşıdılar. Almaniyaya uduzsalar da, qol epizodları yarada bilirdilər. Kombinasiyalı oyun göstərməyə meyillidilər.
 
- Yığmamızın Çexiya ilə görüşdə daha çox əks-hücumlara bel bağlayacağını demək olarmı?
- Yəqin ki, elə olacaq. Oyundan çox şey asılıdır.
 
- Ardıcıl qalibiyyətlərdən sonra Çexiya ilə səfər matçında da qələbəyə oynayacağıq, yoxsa 1 xal da bizim üçün yaxşı nəticə sayılacaq?
- Biz bütün oyunlarda qələbə qazanmaq istərdik. Ancaq Ostravada 1 xal da bizim üçün yetərli olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR