Daşkənddə Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası nümayiş etdirilib

Daşkənddə Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası nümayiş etdirilib
12:27 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Özbəkistanın və Orta Asiyanın ən böyük kitab satışı və informasiya mərkəzi olan "Kitab aləmi" Cəmiyyətində Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası nümayiş etdirilib.
Azərbaycanın Özbəkistandakı Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, əsəri Özbəkteatr Yaradıcı Mərkəzi və Daşkənddəki Diydor rejissorluq və aktyorluq fəaliyyəti teatr studiyası səhnələşdirib.
Tədbirin açılışında çıxış edən "Kitab aləmi" kitab satışı və informasiya mərkəzinin direktoru Şuxratcon Axundcanov Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqisinə, ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu qeyd edib, məhz bu səbəbdən həyata keçirdikləri layihəyə ilk dəfə olaraq Azərbaycan əsəri ilə başladıqlarını vurğulayıb. 
Daha sonra gənc və istedadlı sənətçilərin iştirakı ilə "Arşın mal alan" musiqili komediyasından müxtəlif səhnələr nümayiş etdirilib.
Tədbirə Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təşkilati dəstək verib. 
Qeyd edək ki, “Arşın mal alan” musiqili komediyası Özbəkistanda çox populyardır. Üzeyir bəy Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər paytaxt Daşkənddəki Opera Teatrında və Mukimi adına Dövlət Musiqili Dram Teatrında bir neçə dəfə tamaşaya qoyulub.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/daskendde-uzeyir-bey-hacibeylinin-arsin-mal-alan-musiqili-komediyasi-numayis-etdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR