Bütün siyasət əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətindədir

Bütün siyasət əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətindədir
14:23 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

İclasda dövlət başçısının nitqi diqqət çəkib. Belə ki, prezident İlham Əliyev bildirib ki, 2016-cı il dünya üçün ağır illərdən biri olub, qlobal iqtisadi böhran davam edib: “Azərbaycan müstəqil siyasət yürüdür, öz sözünü deyir, bütün məsələlərlə bağlı prinsipial mövqe nümayiş etdirir, heç kəsin qabağında əyilmir. Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır. Azərbaycan çoxsaylı beynəlxalq tədbirlər təşkil etməklə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu gücləndirməyə çalışır. 2016-cı ilin 9 ayında Azərbaycan iqtisadiyyatı inkişaf edib. 2016-cı ilin 9 ayında qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı 2,4 faiz artıb. Sosial layihələr uğurla icra edilib. 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, böyük yol layihələri icra edilib, bir neçə şəhərdə içməli su layihələri başa çatdırılıb. İnfrastruktur layihələrinin icrası davam etdirilir. 121 mini daimi olmaqla 154 min yeni iş yeri yaradılıbdır. Mühüm nəqliyyat və enerji layihələri uğurla həyata keçirilir, Azərbaycan çox mühüm nəqliyyat mərkəzinə çevrilir. Qaçqın və məcburi köçkünlərin problemləri uğurla həll olunur. Bu ilin proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Ölkə üzrə mövcud olan 16 fin tipli qəsəbənin sonuncusunun ləğvi başa çatdırılacaq".

Prezidentin fikirlərini şərh edən millət vəkili Aydın Mirzəzadə bildirdi ki, dövlət başçısının çıxışındakı bir məqam xüsusilə vurğulanmalıdır: “Dövlət başçısı bildirdi ki, əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması hökumətin əsas vəzifəsi olacaq. Sosial sahəyə diqqətin artırılması və ayırmaların artırılması prioritet məsələlərdən biri olmalıdır. Söhbət təbii ki, pensiyaların zamanında maliyyələşməsi və vaxtaşırı artırılmasından gedir. Bu gün ölkədə sosial qruplara ödənişlər bir gün də gecikdirilmir. Digər tərəfdən, cənab prezident 2016-cı ili ölkə iqtisadiyyatı üçün ağır il adlandırdı. Lakin bununla bərabər məlum oldu ki, 9 ayda 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, böyük yol layihələri icra edilib. Bunlar böyük uğurlardır”.

A.Mirzəzadə bildirib ki, bütün siyasət əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətindədir: “Milli valyutanın dollara nisbətdə ucuzlaşmasına, neftin qiymətinin azalmasına baxmayaraq, iş yerlərinin sayının azalması prosesi getmir. Bundan əlavə, ötən ay keçirilən referendumda işçilərin kütləvi ixtisarına yol verməyən bənd daxil edilib”.

Millət vəkili özəl sektorda ÜDM-in artımı istiqamətində aparılan islahatlara toxunaraq bildirdi ki, vergi güzəştlərinin tətbiqi sahibkarlara geniş imkanlar yaradır: “Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı oldu. Bu xidmət Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək məqsədi ilə sosialyönümlü layihələri reallaşdıracaq”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR