Bakı yeni fəthə başlayır

Bakı yeni fəthə başlayır
14:37 11 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbulda 23-cü Dünya Enerji Konqresi davam edir. "Embracing New Frontiers" ("Yeni üfüqləri fəth edək") sloqanı ilə keçirilən konqresdə dünyanın 85 ölkəsindən dövlət və hökumət başçıları, nazirlər, yüksək mənsəbli məmurlar iştirak edirlər. Onlar dünyanın yeni qlobal enerji gündəmini formalaşdırmağa çalışırlar.

Konqresin sloqanı ilk baxışdan sadə təsir bağışlasa da, bir çox mənaları və sahələri əhatə edir, çünki "Embracing New Frontiers" kəlmələrini "yeni əməkdaşlıq formalarının reallaşdırılması", "tərəfdaşlığın və istehsalın yeni variantlarının arayışı", "tərəfdaşlıq və əməkdaşlıq üçün fərqli müstəvilər" kimi də təqdim etmək olar.

İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında "Türk axını" və "Akkuyu" atom-elektrik stansiyasının inşası ilə bağlı əldə edilmiş razılaşmaların əldə olunması, Azərbaycanın regiondakı geosiyasi rolu və çəkisinin bir daha vurğulanması, Türkiyə-Azərbaycan münasibətlərinin onsuz da maksimal səviyyədə olan durumunun daha da aktivləşdirilməsi ilə bağlı anlaşmalar baxımından bəhs etdiyimiz məqamlar xüsusi aktuallıq, əhəmiyyət kəsb edir.

İstanbul konqresi hələ davam etsə də, artıq ilkin nəticələr var və onlara nəzər salaq.

1-ci nəticə. Ankara Moskva ilə anlaşdı

İstanbul konqresində bir neçə dövlət başçısı iştirak etsə də, siyasətçilərin, medianın və ekspertlərin diqqəti Rəcəb Tayyib Ərdoğana, Vladimir Putinə, İlham Əliyevə və Nikolas Maduroya yönəlmişdi. Türkiyə, Rusiya, Azərbaycan və Venesuelanın dövlət başçıları toplantıya qatılmaqla yanaşı, ikitərəfli görüşlər də keçirdilər. Görüşlərdə müzakirə olunan məsələlərin təfərrüatları və kontekstin detalları barədə geniş məlumat verilmədi. Anlaşılandır - dövlətlərarası münasibətlərin qlobal geosiyasətə və bazarlara təsir edəcək nüansları barədə təfsilatlar deyilmir. Belə sahədə işlər görülür, sözlərə üstünlük verilmir.

Rusiya prezidenti Vladimir Putinin İstanbula səfəri, Ərdoğanın onu hava limanında qarşılaması simvolik idi. Ötən ilin noyabrın 24-də Türkiyənin Suriya ilə sərhədində Rusiyanın Su-24 bombardmançı təyyarəsinin Türkiyənin F-16 qırıcıları tərəfindən vurulmasından sonra Putin ilk dəfə idi ki, Türkiyə torpaqlarına ayaq basırdı.

Türkiyə insidentlə bağlı üzrxahlıq edəndən sonra iki ölkənin dövlət başçıları Çində və Rusiyada bir neçə dəfə görüşmüşdülər.

İstanbulda R.T.Ərdoğanla görüşəndən sonra V.Putin Venesuelanın dövlət başçısı N.Maduro ilə də danışıqlar aparıb.

Daha sonra Rusiya, Venesuela və İspaniya arasında energetika sahəsində bir neçə anlaşma imzalanıb.

İstanbul konqresi Ankara-Moskva münasibətlərinin normallaşması istiqamətində müstəsna rol oynadı. Belə ki, Rusiyanın "Qazprom" şirkətinin bu gün yaydığı açıqlamaya görə, Rusiya və Türkiyə "Türk axını" layihəsi çərçivəsində hər biri ildə 15,75 milyard kubmetr təbii qaz nəql edəcək iki boru kəmərinin inşası barədə razılığa gəliblər. Boru kəmərlərindən biri Türkiyədə təbii qaza olan daxili tələbatın ödənməsi, digəri isə Rusiyanın "mavi yanacağı"nın Avropa Birliyi ölkələrinə çıxarılması üçündür.

Marşrutun Qara və Aralıq dənizlərindən keçən hissələrinə Rusiya, qurudan keçəcək hissəsinə isə Türkiyənin BOTAŞ şirkəti nəzarət edəcək.

İkinci boru kəmərinin inşası üçün Rusiya və Türkiyə birgə müəssisə yaradacaqlar.

Qara dənizin təkindən keçəcək hər iki kəmərin inşası 2019-cu ilin dekabrınadək başa çatmalıdır.

İstanbul konqresində Ərdoğanla Putin arasındakı danışıqlarda əldə edilən digər vacib anlaşma Türkiyənin ərzaq məhsullarının Rusiya bazarlarında satılmasına qoyulmuş yasağın ləğv ilə bağlı idi. Ankara üçün bu məsələ ciddi önəm kəsb edirdi, çünki ötən il həmin malların Türkiyədən Rusiyaya ixrac həcmi 500 milyon dollara çatmışdı.

Sanksiyalar nəticəsində Türkiyə və Rusiya arasındakı ticarət dövriyyəsinin ümumi həcmi bu ilin ilk yarısında 40,3 faiz aşağı düşüb.

İndisə Türkiyədən Rusiyaya 17 adda məhsulun ixracına tətbiq edilən gömrük yasağı aradan qaldırılıb.

Ankara və Moskvanın arasındakı razılaşmaların əldə olunmasında Azərbaycan zahirən görünməyən, amma kuluarlarda çox aktiv gerçəkləşdirilən diplomatik səylərin və vasitəçiliyin ən ciddi tərəflərindən biri idi. Məhz rəsmi Bakı bu iki ölkə arasında son aylarda vasitəçilik edərək Ankara-Moskva münasibətlərinin normallaşması üçün bütün məqbul vasitələrdən istifadə etmişdi.

İstanbulda Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə səmimi davranışları, zarafatlaşmaları diqqətdən qaça da bilməzdi. Fəqət, Rusiya və Türkiyədəki siyasətçilər, diplomatlar və ciddi medianın nüfuzlu mənsubları birmənalı olaraq deyirlər ki, belə ünsiyyət Azərbaycanın dövlət başçısı İlham Əliyevin mövqeyi, onun hər iki ölkənin prezidentləri ilə səmimi dostluq münasibətləri olmadan baş tutmaya da bilərdi.

Türk analitiklərdən biri isə bu gün Twitter-dəki profilində yazıb: "Putinlə münasibətlərimizin normallaşması üçün İlham Əliyevə xüsusi minnətdarıq".

2-ci nəticə. Suriya məsələsi

İstanbul konqresinin ən önəmli nüanslarından biri də Suriyadakı qanlı vətəndaş müharibəsindəki mövcud situasiya ilə bağlı idi. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov danışıqların təfərrüatları barədə danışmaq istəməyib.

Fəqət, bəllidir ki, Suriyada son həftələrdə ən ciddi problem prezident Bəşər Əsədə sadiq qoşunların Hələb şəhərini mühasirəyə alması ilə bağlıdır. Şəhərdə milyonlarla dinc sakinlə yanaşı, ABŞ-ın başçılıq etdiyi koalisiyanın, o cümlədən Türkiyənin dəstəklədiyi çoxsaylı silahlı müxalifət qrupları var.

ABŞ hazırda Suriya və Rusiyanı Hələbdə "hərbi cinayətlər"də suçlayır, şəhər səmasını "uçuşlara yasaq zona" elan edə biləcəyini deyir. Yəni amerikalılar Rusiyanın Hələbdəki bombardmanlarına son qoymaq niyyətindədirlər.

Qərbin elitalarının Rusiyaya qarşı yetərincə sərt mövqe tutduğu, Kremlin isə Suriya ilə bağlı ABŞ-la bütün müzakirələri və danışıqları dayandırdığı situasiyada Türkiyə ilə yanaşı, Azərbaycan da Moskvanın situativ müttəfiqinə çevrilmək imkanları əldə edib. Lakin rəsmi Bakı Qərblə münasibətləri birmənalı şəkildə sərinləşdirərək Rusiyaya meyllənmək niyyətində olmadığından Vaşinqtonla Moskva arasında dialoqun bərpası istiqamətində vasitəçiliyə razıdır.

Bu fikir də İstanbul konqresində üstüörtülü olaraq səsləndirilib.

Rusiya prezidenti Vladimir Putinin Suriyadakı vəziyyətlə bağlı olaraq Fransaya səfərini bu gün təxirə salması da təəccüblü deyil: BMT Təhlükəsizliu Şurasında Fransanın səsverməyə çıxardığı "Suriya qətnaməsi"nə Moskvanın veto qoymasını unutmayaq.

Eyni zamanda Türkiyənin də Suriya məsələsində Rusiya ilə əməkdaşlığın intensivləşməsindən məmnun olduğunu etiraf etməliyik. Sentyabrın sonlarında R.T.Ərdoğan ABŞ-a müraciət  edərək amerikalıların İŞİD-in faktiki paytaxtı, Suriyadakı Rəqqaya birgə hücuma çağırdı. ABŞ isə kürdlərlə münasibətləri korlamaq və kürdlərin PKK, YPG, PYD təki terror təşkilatlarını zəiflətmək istəmədiyindən hələlik susur.

Rəqqaya hücum kürdlərin Suriyanın şimalında Türkiyə sərhədi boyunca "Rojava" adlı anklav yaratmaq arzularını puç edəcək, Fərat çayı ilə ayrılmış iki kürd separatizm məkanının birləşməsinə imkan verməyəcək.

Belə situasiyada Azərbaycanın regiondakı geosiyasi mövqeləri möhkəmlənir, siyasi çəkisi artır: ən azı, ona görə ki, Rusiya-Türkiyə-Suriya-ABŞ müstəvisində tərəflərin hər biri Bakının diplomatik və siyasi imkanlarından yararlanmaq niyyətindədir.

3-cü nəticə. Maduro ilə tərəfdaşlıq

Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii qaynaqlarla zəngin olmayan ölkələr isə çalışırlar ki, onlara resurslar müxtəlif yerlərdən gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır və həm nefti, həm qazı şaxələndirilmiş yollarla dünya bazarlarına çıxarır.

Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olub ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək. Bu gün Azərbaycan başqa ölkələrə böyük həcmdə yatırımlar edir, o cümlədən qardaş Türkiyəyə bizim yatırdığımız və yatıracağımız sərmayə 20 milyard dollara bərabərdir. Bu, bizim iqtisadiyyatımızı, Türkiyə iqtisadiyyatını gücləndirir. Bu, bizim birliyimizi gücləndirir.

Bu gün dünya enerji və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyəni və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki həm təbii ehtiyatlar, böyük coğrafiya, şaxələndirilmiş nəqliyyat infrastrukturu artıq bizdə var. Biz bunu yaratmışıq və biz öz işimizi bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət və maraqlar əsasında qururuq.

Azərbaycan OPEC üzvü olmayan dövlətdir, amma Avropa Birliyinin energidaşıyıcıları təminatı mənbələrinin sayının artırılması və bir satıcıdan asılılığın azaldılması sahəsində yürütdüyü siyasətdə xüsusi yer tutur.

Məhz bu səbəbdən İlham Əliyevlə Nikolas Maduro arasında görüş xüsusi əhəmiyyət kəsb edir.

Venesuela çox ağır siyasi, iqtisadi, maliyyə və investisiya böhranı ilə qarşılaşıb. Dünya bazarlarında xam neftin ucuzlaşması büdcə gəlirlərinin tam əksəriyyətinin məhz "qara qızıl" satışından əldə edən vəsaitin təşkil etdiyi Karakasın durumunu xeyli ağırlaşdırıb. Üstəlik, ölkədə müxalifət fəallaşıb,  mərhum prezident Uqo Çavesin davamçısı və sələfi sayılan N.Maduroya qarşı etiraz aksiyaları səngimək bilmir.

Belə şəraitdə Azərbaycanla əlaqələrin genişləndirilməsi, Venesuela iqtisadiyyatına investiya yatırmağa Bakının sövq edilməsi Karakas üçün önəmli məsələlərdən biridir.

Bakı isə ağır böhranda olan Venesuelada neft-qaz sənayesindən tutmuş, bankinq və tikinti materialları sektorlarınadək ən geniş sahələrdə sərfəli sərmayə obyektləri tapa bilər. Rəsmi Bakının Venesuelada bir neçə şirkəti satın almaq və ya bu şirkətlərin səhmlərinin əksər hissəsinə yiyələnmək istəyi də istisna olunmur.

Eyni zamanda, Venesuelanın hərbi-sənaye kompleksi ilə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi arasında sərfəli, maraqların qarşılıqlı təmin olunacağı əməkdaşlıq başlaya bilər.

Venesuela və Azərbaycan arasında neft-qaz sahəsindəki əlaqələr də OPEC və qeyri-OPEC dövlətləri arasındakı əməkdaşlığın normal formatının nümunəsinə çevrilə bilər.

Nikolas Maduro İstanbulda Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla görüşlərə nə qədər önəm verdisə, Azərbaycanın dövlət başçısı İlham Əliyevlə danışıqları da bir o qədər vacib saydı. Bununla da o, dünyanın böyük dövlətlərinə, supergüclərə aşkar messic ünvanlayaraq müstəqil siyasət yürütməyə çalışan, təkqütblü format almış geosiyasi məkanda Qərbin "buyruq qulu" olmaq fikrində olmayan dövlətlərin təkbaşına müqavimət əvəzinə koordinasiya olunmuş fəaliyyəti seçə biləcəklərinə də işarə vurdu.

... İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi qlobal siyasətə "Embracing New Frontiers" mesajını verdi.

Bakı da yeni üfüqlərin fəthinə başlayıb.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/478348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR