Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycandan yüksək vəzifəli şəxsin bu qurumda təmsil olunması ATƏT PA üçün böyük üstünlükdür"

"Azərbaycandan yüksək vəzifəli şəxsin bu qurumda təmsil olunması ATƏT PA üçün böyük üstünlükdür"

Date: 11 October 2016 15:05

Milli.Az ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin APA-ya müsahibəsini təqdim edir. 

- Azərbaycanla ATƏT PA arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
 
- Azərbaycan ATƏT PA-nın dəyərli üzvüdür. Bu ölkənin ATƏT PA-da Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə aktiv nümayəndə heyəti var. Azərbaycandan yüksək vəzifəli şəxsin bu qurumda təmsil olunması PA üçün böyük üstünlükdür. Çünki bu, ATƏT PA-nın Azərbaycandakı və geniş regionda mövqeyini artırır. Azərbaycan parlamentinin üzvü Azay Quliyev də hazırda assambleyanın vitse-prezidentidir. Daha əvvəl isə o, Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini olub. Mən yazda Azərbaycana son səfərim zamanı orada çox yaxşı qarşılandım. Səfərim zamanı Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarovla görüşdüm. Əvvəl də dediyim ki, insan haqları sahəsində səyləri təbliğ etmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün parlamentlərarası əlaqəni davam etdirmək və intensivləşdirmək lazımdır.
 
- ATƏT PA-nın Azərbaycana əlaqələri inkişaf etdirmək üçün ölkəyə hər hansı nümayəndə heyəti göndərmək niyyəti varmı?
 
- Mən həmişə Azərbaycan və digər bölgə ölkələrindəki həmkarlarımla müzakirələr aparır və əlaqələri inkişaf etdirməyin yollarını araşdırıram. ATƏT PA-nın Skopyedə keçirilən payız görüşündə Cənubi Qafqazdan olan parlamentarlarla danışmaq imkanım oldu. Mən yaxın aylarda, hər iki tərəfə uyğun vaxtda, yenidən regiona səfər edəcəyimə ümid edirəm.
 
- Necə düşünürsünüz, ATƏT PA-nın Azərbaycanda bundan əvvəl keçirilən seçkilərdə və sentyabrın 26-da baş tutan referendumda iştirak etməməsinin səbəbi nədir?
 
- Ötən il bizim tərəfdaşımız olan ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı tətbiq edilən məhdudiyyətdən sonra onlar daha əvvəl planlaşdırdıqları seçki müşahidə missiyasını ləğv etdilər. Bununla əlaqədar Parlament Assambleyası da seçkiləri müşahidə etməmək qərarına gəldi. ATƏT PA-nın prezidentinin dediyi kimi, əvvəlcədən məlum idi ki, əgər bizim tərəfdaşımız olan ATƏT DTİHB seçkiləri müşahidə edə bilmirsə, biz də müşahidə etməyəcəyik. Azərbaycanda sentyabrın 26-da keçirilmiş referenduma gəldikdə, mən düşünmürəm ki, ATƏT PA müşahidə üçün dəvət olunub. Bütün hallarda biz öz resurslarımızı daha çox parlament seçkilərinə yönəldərək referendumları müşahidə etmirik.
 
- ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün planları nədir? Siz hər iki tərəfin parlamentarları arasında görüş təşkil etməyi nəzərdə tutursunuzmu?
 
- Dəfələrlə bəyan etdiyim kimi, münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur. Mən tərəfləri aqressiv ritorikaları dayandırmağa və xüsusilə Minsk prosesinə dəstək ifadə edərək sülh naminə daha konstruktiv səylərə şərait yaratmağa çağırmışam. Bu baxımdan Parlament Assambleyası parlamentarlar səviyyəsində konstruktiv dialoqa təkan verməklə vacib rol oynaya bilər. Bu isə nəticədə inam yarada və etimadyaradıcı tədbirləri təşviq edə bilər. Konkret ideyalar var və biz bunların icrasına yaxınlaşdıqda, ictimaiyyətə geniş məlumat verəcəyəm.
 
- Siz əvvəlki müsahibələrinizdə Dağlıq Qarabağa səfər etmək niyyətinizi açıqlamısınız. Bunu reallaşdırmaq üçün və ya yaxın vaxtlarda regiona səfərlə bağlı hər hansı planınız varmı?
 
- Bu barədə hazırda heç bir məlumat yoxdur. Ümumilikdə düşünürəm ki, sülh səylərinə aktiv şəkildə cəlb olunmuş şəxslər üçün ərazidə vəziyyəti görmək çox vacibdir. Əgər müvafiq kanallar, Bakı və İrəvandakı rəsmi şəxslər təşkil etsələr və əgər bu, davam edən səylərə vacib töhfə olsa, mən Dağlıq Qarabağa səfər etməyə hazıram.

Milli.Az


Tags:  Azərbaycandan yüksək vəzifəli şəxsin bu qurumda təmsil olunması ATƏT PA böyük üstünlükdür

RƏYLƏR


Top news