"İnanclı insan dövlətə xəyanət etməz..."

"İnanclı insan dövlətə xəyanət etməz..."
15:52 11 Oktyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

İçəri şəhər "Cümə" məscidi dini icmasının sədri hacı Surxay Məmmədli sabah keçiriləcək Aşura mərasimləri ilə bağlı qafqazinfo-nun suallarını cavablandırıb.

Milli.Az sözügedən müsahibəni təqim edir:

- Bu il Aşura mərasimlərinin keçirilməsi ilə bağlı yeni qaydalar tətbiq edilib. Monitorinqlər aparmısınızmı, qaydalara riayət olunur?

- Məsələn, küçə yürüşlərinin qadağan olunması yeni qayda deyil. Qanunvericilik bununla bağlı nə deyirsə, ona əməl etmək lazımdır. Biz müstəqil dövlətdə yaşayırıqsa, həmin dövlətin qanunları bizim üçün vacib olmalıdır. Ölkədə 2500-dən çox məscid fəaliyyət göstərir. Əgər hər hansı icma qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçibsə, məsciddə dini ayinləri icra etmək üçün hər cür şərait var. Çox yüksək səviyyədə də bu ayinlər icra olunur. İnanclılar arasında heç bir ciddi narazılıq yoxdur.

- Qaydalara əməl etməyənlərin cərimələnəcəyi deyilmişdi. Cərimələnən varmı?

- Bu günə qədər kimsəyə cərimə sanksiyası tətbiq edilməyib. Heç bir qanun pozuntusuna rast gəlinməyib. Hər şey qaydasında gedir. Bu gün kimsə ola bilər ki, dövlətə, dinə, məzhəbə qarşı sui-istifadə etsin. Belə şəxslər cəzalanmalıdır. Çünki dinimiz də, dövlət də həmişə stabillik istəyir. Əgər bir insan təxribatla məşğuldursa, dinindən, məzhəbindən asılı olmayaraq cəzalanmalıdır.

- Tutaq ki, Masallının hansısa bir ucqar kəndində kimsə evində imam ehsanı verirsə, bunun din üçün nə təhlükəsi ola bilər?

- Heç bir təhlükəsi yoxdur. Bu gün də insanlar öz evində normal şəkildə yas verir, imama ehsan tuturlar. Bu saata qədər kiminsə təxribatla məşğul olduğunu eşitməmişik. Elə Masallının özündən də ciddi bir narazılıq və şikayət bizə daxil olmayıb.

- Amma bunu böyük yas çadırı formasında etmək qadağandır?

- Qanunvericiliklə bu qadağan olunubsa, deyə bilmərəm. Amma bu gün hamının dini inancına böyük hörmət var. Azərbaycanda söz azadlığı var. Dini inanclar cəhətdən ehsan verilməsinə heç bir təhlükə görünmür. Həssas olan bölgələrimizdə də tam qanunlara riayət olunur.

- Aşura mərasiminə hazırlıq nə yerdədir?

- Artıq qanvermə aksiyasına bizim məscidimizdə son hazırlıq işləri aparılır. İmam Hüseynin 14 əsr bundan əvvəl şəhid olma səbəbi azadlığa, hünərə, insanın yaşamasına bir qarantiya oldu. Biz də Qafqaz Müsəlmanları İdarəsi olaraq neçə illərdir ki bu aksiyanı keçiririk. İmam Hüseyn din uğruna o zaman qan verərək şəhid oldu. Biz də qan verməklə xəstələrə kömək edirik. Talassemiya, hemofiliya xəstələrinə illərdir qan verilir. Sabah saat 9-dan etibarən aksiyaya başlayacağıq. Sabah həmrəylik, qardaşlıq günüdür. Bu kontekstdə də işlərimiz gedir.

- Nardaranda aşura tədbirlərinin keçirilməsinə nəzarət necə olacaq?

- Nardaranda dini durum, sabitlik kifayət qədər yaxşıdır. Bu gün orada qorxulu bir təhlükə mənbəyi yoxdur. Dövlətin də ora böyük nəzarəti var. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi monitorinqlər keçirir. Eyni zamanda Nardaranda müqəddəs bir pir var. O pirin əzəməti olduğuna görə insanlar ora axışır. Bu gün hüquq- mühafizə orqanları məsələyə nəzarət edir. Amma inanmıram ki, kimsə müqəddəs bir məbəddə neqativ hallara yol versin.

- Nəzarət tədbirlərinin bu il daha da gücləndirilməsi inanclılar arasında təhlükəli olanların artdığınamı işarədir?

- Əksinə, təhlükəli olanların sayı azalıb. Təhlükəli olanların isə inanclı olduğunu deməzdim. İnanclı heç zaman dövlətə xəyanət etməz. O dövlətinə xalqına sədaqət nümayiş etdirər. Həmin insanlar bu gün kimlərinsə istəyi ilə ölkəmizin ab-havasını korlayırlarsa, heç şübhəsiz ki cəzalanacaqlar. İstər inanclı olsun, istər olmasın. Kimsə təxribat məşğul olsa, birmənalı olaraq hüquq- mühafizə orqanları tərəfindən cəzalanacaq.

- Onlar da belə deyir ki, məsələn, küçə yürüşlərinə qadağaların qoyulması onların azadlıqlarını əlindən almaqdır...

- Nardaran, Bibiheybət, Təzəpir, İçərişəhər Cümə məscidi kimi böyük əraziləri olan məscidlərimiz var. Bu qədər yerlər bəyəm insanlara bəs eləməz? Küçə yürüşlərinin olması məcburdurmu? Bu məscidlərin ərazisi çox böyükdür. Keçən il Təzəpir, Bibiheybət məscidinin həyətində nə qədər boş yerlər qalmışdı. Məcburuq ki, küçələrə çıxıb nəyisə nümayiş etdirək? Ən böyük şüarlar elə məscidlərimizin ətrafında İmam Hüseynə səslənməlidir. Bu yetər. Bəzi qüvvələr bu məsələni şişirdir. Bunu siyasiləşdirməyək, obrazlaşdırmayaq. Sadəcə dolğun və şəffaf şəkildə dəyərlərimizi aşılayaq. Dinimiz deyir ki, insan duyğusal olmalıdır. Məhz İmam Hüseyn matəmi bizə duyğusallığı öyrədir. Məqsədimiz dövlət din vəhdətini qorumaq və bu sintez üzrə hərəkət etməkdir. Heç kim buna qadağa qoymur.

- Sizcə, bu il zəncir vurmaq, baş yarmaq kimi adətlər yenidən ictimai yerlərdə təkrarlana bilər?

- Qafqaz Müsəlmanlar İdarəsinin fətvasında da göstərilir ki, qurşaqdan yuxarı zəncir vurmalar, baş vurmalar yasaq olunub. Hətta İslam ölkələrində də bu məsələyə yasaqlar qoyublar. Bunun yerinə biz qanvermə aksiyası keçirdirik. Bu da bir insanın həyatına həyat bəxş edir. Bundan böyük dəyər ola bilməz.

- Kimsə zəncir vursa, cərimələnəcək?

- Yox, o niyə cəzalanmalıdır. Bu gün qan çıxartmırsa, sadəcə İmam Hüseynə olan eşqini zəncirlə vurursa buna heç bir qadağa qoyula bilməz. Amma bu gün ictimai yerdə kimsə özünə zəncir vurursa, xəncərlə başını qanadırsa bu düzgün deyil. İctimai yerdə insanlar qorxa, onlarda vahimə, xaos yarana bilər. Bunlar da qadağandır. Amma kimsə evində zəncir vurursa, qadağadan söhbət gedə bilməz. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR