Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur modelyer azərbaycanlı qızların açıq-saçıqlığından gileyləndi - FOTOLAR

Məşhur modelyer azərbaycanlı qızların açıq-saçıqlığından gileyləndi - FOTOLAR

Date: 11 October 2016 16:48

Azərbaycanlı modelyer Şəlalə Maqsudova Publika.az-ın qonağı olub. Modelyer onu dəb sahəsində narahat edən problemlərdən, qızlarının geyimlərinə ciddi nəzarət etdiyindən danışıb. Ş.Maqsudovanın ən böyük gileyi isə xanımlarımızın sifarişləri arasında açıq-saçıq geyimlərin üstünlük təşkil etməsi olub.

- Necə oldu ki, dizayner olmağa qərar verdiniz?

- Uşaqlıq arzum idi, özümü dərk edəndən dizayner olmaq istəmişəm. Arzumu reallaşdırmaq üçün kiçik yaşlarımdan paltar tikməyi öyrənmişəm. Bağçaya gedəndə bütün rəngli karandaşlarımı da özümlə birlikdə aparır, bir küncdə sakitcə oturub rəsm çəkirdim, ya da gəlinciklərim üçün paltar düzəldirdim. Bir az böyüyəndən sonra qonşu qızları da toplayıb öz xəyalımda tikdiyim paltarların dəfiləsini keçirirdim.

- Sizi yaradıcılığa nə ruhlandırır?

- Orta məktəbdə oxuyanda lazımsız əşyadan belə nə isə düzəltməyə çalışırdım. Adicə həyətdəki ağac kötüklərində də maraqlı əşyalar, rəsmlər hazırlayırdım. Onun hazırlanma prosesi, ətrafdakı insanların maraqlı baxışları, aldığım dəstək mənə inanılmaz zövq verirdi. Hətta yorulmaq bilmirdim, bir işi ərsəyə gətirmək üçün saatlarla məşğul olurdum. Bununla belə məktəblər arası yarışlarda da tez-tez yarışlarda iştirak edir, birincilik əldə edirdim. Özümü dərk etdikcə daha da iddialı olur, bu sənətdə imzamı təsdiqləmək üçün əlimdən gələni edirdim.

- Sizin işləriniz adilikdən çox uzaqdır. Bu, sizin daxili dünyanızla bağlıdır?

- Hər zaman fərqlilik dalınca qaçmışam. İnsanları təəccübləndirməyi və bu zaman onların simasında yaranmış ifadəni görməyi sevirəm. Orta məktəbdə oxuyanda “klyonkalardan” qəribə geyimlər hazırlayırdım. İndi məşhur dizaynerlərin “klyonkadan” hazırladığı geyimləri görəndə uşaqlığım yadıma düşür. Əlbəttə ki, Qaxın uzaq kəndində yaşayan bir qız üçün həmin vaxt hazırladığı geyimləri efirə çıxarmaq qeyri-mümkün idi, ancaq rayonda təşkil olunan tədbirlərdə nümayiş etdirməklə kifayətlənirdim. Buna baxmayaraq, ruhdan düşmürdüm.

- Sizin üçün insanları təəccübləndirmək, yoxsa xanımı gözəl göstərmək daha vacibdir?

- Bunların hər ikisi ayrılmaz hissədir, çünki bunun kökündə sənətimi sevmək dayanır.

- Bunların ikisini də eyni zamanda həyata keçirmək mümkündür?

- Əlbəttə ki! Məncə, məndə hər ikisi alınır. Üstəlik, işlərimi sürətlə görürəm.

- Müasir qadınların dəbə olan ehtirasında sizi ən çox nə təəssüfləndirir?

- Xanımların açıq-saçıq geyimlərə meylli olması məni həqiqətən də təəssüfləndirir. Gözəlliyin seksuallıqla, açıq-saçıqlıqla heç bir əlaqəsi yoxdur. Zənnimcə, bağlı geyimlə də gözəlliyi vurğulamaq olar. Təəssüflər olsun ki, xanımların əksəriyyəti açıq-saçıq geyimlər sayəsində cazibədar görünmək istəyir.

- Sizcə, bu, doğru deyil?

- Özüm açıq-saçıq geyimləri sevmirəm, öz qızlarımın da geyimlərinə ciddi nəzarət edirəm. Yeri gəlmişkən, uşaqların bahalı geyinməsinə də qarşıyam. İllər əvvəl çox açıq-saçıq olmayan dəfilə hazırladım. Qapalı geyimlər üstünlük təşkil etdiyi üçün dəfilə diqqət çəkmədi. Sonrakı illərdə bu amili nəzərə aldım, dekoltelərə də yer verdim. Çox maraqlıdır ki, növbəti dəfiləni izləyicilər daha tez qəbul elədi. Bəlkə də zəmanəmizin modelyeri deyiləm.

Nə qədər qəribə səslənsə də, elə qadınlar da var ki, paltar sifariş verəndə “Elə geyim tikin ki, ərimin yanında çox açıq görünməsin, ərim yanımda olmayanda formasını dəyişə bilim” deyirlər. Əvvəllər belə xanımlarla mübahisələrim olurdu, axı günahın da bir ucu mənə gəlir. Amma çox vaxt təsir etməyi bacarıram. Əgər geyimi həyat yoldaşın bəyənibsə, qeyrisinin yanında paltarını qısaltmağın, səni bəyənməsinin nə önəmi var ki?

- Əks cinsin diqqətini çəkmək və sevgisini qorumaq üçün qadından gözəl geyinmək tələb olunur? Stilini, tərzini tez-tez dəyişməlidir?

- Seviləsi qadın olmağın birinci şərti sənin daxili dünyan, səmimiliyin və sadəliyinlə əlaqədardır. Geyim tərzi, saç və makiyaj da vacibdir, amma onlar ikinci planda gəlir. Nədənsə müasir insanları qarşı tərəfin xarakterindən, mənəvi aləmindən çox, onun geyimi maraqlandırır. Əslində, bu da məni narahat edən məsələlərdən biridir. Diqqət mərkəzində olmaq üçün gərək tez-tez stilini dəyişəsən, qeyri-adiliyini nümayiş etdirəsən.

- Yəni, sizin üçün insani keyfiyyətlər daha vacibdir?

- Bəli, özüm modelyer olsam da, mənim üçün mənəvi dəyərlər hər şeydən üstündür. Bir çox xarici modelyerlər var ki, sadə geyinsələr də, işlərinə baxanda heyrətdən donub qalırsan. Bununla belə özləri qeyri-adi geyinməyə can atmır. Mən də həmçinin öz stilimə çox fikir vermirəm. Amma bir çox cəmiyyətdə belə hallar qəbul edilmir. Modelyerin özündən də qəribə və qeyri-adi geyinməyi tələb edirlər. Bu, mənim də başıma gəlib. Əvvəllər çoxlu fotosessiyalar etdirir, öz işlərimi insanlara nümayiş etdirirdim, amma özümü unudurdum. Nəticədə işlərim arxa planda qalırdı, öz geyim tərzimi müzakirə və tənqid edirdilər.

- Müasir qadın geyimlərinin bəzi detallarını modelyerlər kişi qarderobundan mənimsəyib. Kişilərdə isə belə hallara rast gəlinmir. Bunu necə izah etmək olar?

- Bəli, tarixən modelyerlər kişi geyimlərinə çox müraciət edib. Məsələn, şalvar əslində, kişilərin geyimi olub. Lakin qeyd etmək lazımdır ki, bu gün kişilər də qadın kimi rəngarəng geyinir, hətta güllü parçalara müraciət edir.

- Qadını hansı geyimlər yaşlı göstərir?

- Bu, qadının bədən quruluşundan, dəri rəngindən çox asılıdır. Azərbaycanda kök, dolu bədənli xanımlar üstünlük təşkil edir. Müşahidələrim əsasında onu deyə bilərəm ki, kök xanımlar öz bədən ölçülərinə uyğun geyinmir, dolayısı ilə köklük qadını yaşlı göstərir. Halbuki düzgün geyim seçimi bu problemi gizlətmək mümkündür. Əksinə, dəb hiylələri ilə daha cavan görünə bilərlər.

- Bu gün moda sizin üçün qazanc mənbəyidir, yoxsa fantaziyaları ifadə etməyin bir üsulu?

- Bir neçə il əvvəl dəfilə çıxartmaq istəyirdim, ondan gəlir götürə bilməyəcəyimi bilə-bilə evimdəki son çörək pulumu kolleksiyanın hazırlanmasına verdim. Beyimdəki ideyaları həyata keçirmək üçün heç bir təmənna güdmədən “Ağ-qara” adlı kolleksiyamı hazırladım və insanlara göstərdim. O cümlədən “Zəmanəmizin vəhşi insanları” kolleksiyasını da hazırlayanda qazancı hesaba almamışdım.

- Bu, sizin cibinizə zərər vermir? Həyat yoldaşınız etiraz etmir?

- Həyat yoldaşım işimi nə qədər sevgi ilə gördüyümdən xəbərdardır. Bu səbəbdən də mənə heç vaxt mənfi reaksiya göstərməyib. Əksinə, ən böyük dəstəkçim məhz həyat yoldaşımdır. Sənətimin xəstəsiyəm, lakin bu, o demək deyil ki, gördüyün hər işdən çoxlu pullar qazanmalısan. Dəb biznesi Azərbaycanda yeni-yeni inkişaf etməyə başlayır. Bunun üçün böyük sərmayə lazımdır, o sərmayənin qarşılığını ala biləcəyin sual altındadır.

- Yeni planlarınızda nələr var?

- İşlərin çox olduğu üçün sifarişlərə bir qədər fasilə vermişəm. Amma ağlımda gözəl ideyalar var, yaxın gələcəkdə onları həyata keçirəcəyəm.

- Heç olubmu ki, sifarişçilər sizin işinizi bəyənməsin?

- İşimdə çox səbirliyəm, çalışıram ki, mənə müraciət edən insan heç vaxt narazı getməsin. Narazılıq hər yerdə var, sadəcə, ortaq məxrəcə gəlməyi bacarmalısan. Mənim 10, 20 illik daimi sifarişçilərim var ki, hara getsəm də yenə axtarıb tapırlar. Çünki mən onların nazi ilə oynayıram. Əgər mənə etibar ediblərsə, niyə onun zövqünə uyğun olan geyim hazırlamayım?

- Fransuza Saqanın geyimlə bağlı maraqlı fikri var: O, “Əgər bir kişi paltarı qadının əynindən çıxarıb atmaq istəmirsə, o paltarın heç bir mənası yoxdur”. Bir modelyer kimi sizin də fikirlərinizi bilmək maraqlı olar.

- Yəqin ki, o paltarda qadını daha gözəl görmək istəyi ilə bağlıdır. Burada yazıçı geyimin qadının bədənindəki qüsurları örtməsinə də sətiraltı işarə vurub.

- Gözəl geyinmiş qadınların təhlükəli olduğunu, yaxud da şöhrətpərəst olduğunu deyirlər. Bu həqiqətən belədir?

- Şöhrətpərəst insanlar daha dəbdəbəli geyinməyi sevir, amma bunu hamıya şamil etmək olmaz.

- Bahalı paltar geyinmiş insanın üzünə həmişə bütün qapılar açıq olur?

- Çox vaxt belə olur, “İnsanı geyimə görə qarşılayıb, ağlına görə yola salırlar”.

- Məşhurlardan kimlərlə çalışırsınız?

- Çoxlar ilə, amma bununla bağlı bir məsələni xatırlamaq istərdim. Uzun illərdir ki, bu sənətdəyəm. Aydın məsələdir ki, karyerasına yeni başlayan insan ilk illərdə tanınmır. Təəssüf ki, bir çox məşhurlarımız bundan sui-istifadə edib. Xalq artistlərimiz üçün geyimlər hazırlamışam, onlar isə səhnəyə çıxanda mənim adımı nəinki çəkmirdi, hazırladığım geyimi Avropadan aldığını iddia edirdi. Çoxları üçün pulsuz paltar tikməyimə baxmayaraq, bir təşəkkürü belə etmir, üstəlik haqqımı tapdalayaraq, ya xaricdən aldığını, ya da başqa konsertdə çıxıb modelyerə tikdirdiyini söyləyirdilər. Verilişlərin birində uzun müddət onun üçün geyim hazırladığım insan paltarlarının İtaliyadan gəldiyini demişdi.

- Yəqin ki, belə hadisələrdən sonra o tanınmışlarla əlaqəniz korlandı. Kimlər idi onlar?

- ... (Düşünür) Adlarını çəkmək istəmirəm, sadəcə mənim üçün böyük dərs oldu. Mən inanırdım ki, gün gələcək, öz imzamı tanıda biləcəyəm.

- Niyə yalan danışırdılar ki?

- Çünki onlar belə hesab edir ki, xaricdən gələn geyimlər bahalı, yerli dizaynerlərin geyimləri isə ucuzdur. Bunu guya özlərinə yaraşdırmırdılar. Şükürlər olsun ki, idi belə hallar azalıb, yerli modelyerlərə geyim tikdirmək dəbdədir.

- Tikməyi və eskiz çəkməyi bacarmayan biri yaxşı dizayner ola bilər?

- Pulun hesabına müvəqqəti məşhurluq etmək olar, bu sənətdə möhürünü vurmaq üçün uzun müddət çalışmalısan. Şəxsən mən sənətimlə bağlı hər işi bacarıram. Məsələn, həm çəkirəm, həm biçirəm, həm tikə bilirəm, həm də parçadan anlayıram. Maddiyyat çox önəmlidir, pul olanda istedadın olmasa belə, istədiyin materialı alıb özünü modelyer kimi təqdim etmək asandır.

- Moda elə bir qəddarlıqdır ki, analar, hamilə qadınlar ona görə, övladlarını belə qurban verməyə hazırdır?

- Dikdaban ayaqqabı geyinmiş hamilə qadın görəndə mən də bu fikrə gəlirəm. Qadın hamilə olanda bədən ölçüləri itir və depressiyaya düşür. Hamiləlik dövründə dikdaban ayaqqabı geyinməyi məsləhət görmürəm, çünki sağlamlıqlarına zərər verirlər. Sadəcə, düzgün geyimlə gözəl görünmək olar.

- Uzun müddət eyni paltarda gəzmək sağlamlıq üçün təhlükəlidir?

- Elə xanımlar var ki, paltardan tez doyur. Yaxud eyni paltarı uzun müddət geyinmək psixoloji cəhətdən insanı sıxa bilər. Hətta çoxları stressini alış-verişlə təzə geyim almaqla atmağa üstünlük verir. Bunun dəfələrlə özüm də şahidi olmuşam. Yanıma gələn qadınlar özləri etiraf edir ki, onlar üçün depressiyadan çıxmağın yeganə yolu paltar tikdirmək və ya almaqdır. Daha dəqiq desək, gözəl görünməkdir. Amma paltarın parçası keyfiyyətlidirsə, köhnəlməyibsə, heç bir təhlükə ola bilməz.

- Əgər bir qadın imicini dəyişmək istəyirsə, nədən başlamalıdır?

- İlk növbədə iddialı olmalıdır.

- Gözəl görünmək üçün çoxlu pulun olmalıdır?

- Yox, zövqün olması daha vacibdir.

- Ən bahalı libaslarınızın qiymətini öyrənmək olar?

- Paltarın parçasından, əl işinin olub-olmamasından asılıdır. Ən bahalı paltarım gəlinlik olub, dörd min manata başa gəlmişdi.

- Qadının ən dəyərli cavahiratı nədir?

- Təmizliyi.

- Həyat yoldaşınız geyimlərinizə müdaxilə edir?

- Qapalı geyimlərə üstünlük verdiyimi bildiyi üçün aramızda belə problem yaşanmayıb.

- Bəs onun geyimlərini kim seçir?

- Həyat yoldaşım azərbaycanlı kişilər kimi klassik geyinir, amma hərdən idman tərzində də geyinməsini məsləhət görürəm.

- Niyə azərbaycanlı modelyerlər ziyafət libaslarının hazırlanması ilə məşğul olur, gündəlik geyimləri isə hazırlamağa maraq göstərmir.

- Bu, birbaşa pulla bağlıdır. Ziyafət geyimləri modelyer üçün daha qazanclıdır. Gündəlik geyimlər ucuz başa gəlir. Sözsüz ki, bu da çoxlarına sərf eləmir.

- Səhv etmirəmsə, kişi sifarişçiləriniz də var. Qadınlar, yoxsa kişilər daha kaprizlidir?

- Mənə müraciət edən insanlar işimə və zövqümə bələddir. Bu yaxınlarda Rəhim Rəhimlinin Aygün Kazımova ilə çıxış etdiyi konserti üçün paltar hazırlamışdım. Aramızda heç bir problem olmadı, hazırladığım səhnə kostyumundan çox razı qaldı. Amma müqayisədə qadınlar daha nazlıdır.

- Hər çıxan dəbin arxasınca qaçmaq doğrudur?

- İstənilən məsələdə ifrata varmaq lazım deyil, gülünc görünür. Məsələn, illər əvvəl sarı dəbdə idi deyə, bütün şəhər bu rəngə üstünlük verirdi. Bu mənzərə həqiqətən çox sıxıcı görünürdü.

Aytən






























Tags:  Məşhur modelyer azərbaycanlı qızların açıq-saçıqlığından gileyləndi FOTOLAR

RƏYLƏR


Top news