"72 şəhid" ifadəsi nə qədər doğrudur?

"72 şəhid" ifadəsi nə qədər doğrudur?
22:42 11 Oktyabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Kərbəla şəhidlərinin sayı barədə tarix kitablarında dəqiq və yekdil rəy yoxdur. Həm qədim, həm də müasir mənbələrdə şəhidlərin sayı ən müxtəlif ədədlərlə ifadə olunur.

Belə ki, hətta bir mənbədə verilən ədəd başqa mənbədə göstərilən ədəddən iki dəfə artıq olur. Bəzən eyni bir kitabın müxtəlif səhifələrində ziddiyyətli rəqəmlərə rast gəlirik. Kərbəla şəhidləri arasında eyni adlı, yaxud adları oxşar olan şəxslər çox olduğuna görə, onların seçilib müəyyən edilməsi çətinləşir. Bəzən iki müxtəlif adam kitablarda bir nəfər kimi xatırlanıb, yaxud əksinə. Bəzən isə katiblərin xətası üzündən bircə hərf, yaxud nöqtənin dəyişdirilməsi nəticəsində ciddi fərqlər yaranıb.

Milli.Az islam.az-a istinadən bildirir ki, Aşuranın ədalətli şahidlərinin böyük əksəriyyəti həmin gün qətlə yetirili. Buna görə də bu böyük faciənin rəvayətçiləri arasında düşmən tərəfdə İmam Hüseynin (ə) əleyhinə döyüşmüş şəxslər mühüm yer tutur. Onların rəvayətini düzgün qəbul edib-etməmək barədə də fikir ayrılıqları vardır.

Və nəhayət, aşura faciəsindən sonra şəhidlərin əksər hissəsinin başı bədənindən ayrılaraq, Şama aparılmışdı. Bunlardan əlavə, cəsədlər onsuz da qılınc, ox və nizə yaralarından tanınmaz hala düşmüşdü. Bu vəziyyətdə olan cəsədləri tanımaq, onların şəxsiyyətini dəqiq müəyyən etmək ciddi çətinlik törətməyə bilməzdi.

Əli Nəzəri Münfərəd "Qisseyi-Kərbəla" kitabında göstərir ki, Kərbəla şəhidlə¬rinin sayı barədə mötəbər mənbələrdə 61, 72, 78, 82, 87 və 145 ədədlərini  ifadə edən nəzəriyyələr vardır.

"İmam Hüseynin (ə) həyatı" kitabının müəllifi İmadzadə İsfahani yazır ki, İmam Hüseyn (ə) Məkkədən çıxıb İraq istiqamətində yola düşərkən, 86 nəfər səhabə onu müşayiət edirmiş. Başqa bir rəvayətə görə, onların sayı 82 imiş.

İbn Əsirin "Əl-Kamil", Bəlazurinin "Ənsabül-əşraf" kitablarında və Təbəri tarixində Kərbəla şəhidlərinin sayı 72 nəfər göstərilir. Şeyx Müfid "əl-İrşad" kitabında şəhidlərdən 32 nəfərin süvari, 40 nəfərin isə piyada olduğunu xəbər verir. Şeyx Abbas Qummi "Müntəhal-amal" əsərində İmamın qoşununun tərkibi barədə müxtəlif nəzəriyyələrin mövcudluğunu bildirərək, onlardan üçünü diqqətəlayiq hesab edir: 32 süvari və 40 piyada, 32 süvari və 82 piyada, 45 süvari və 100 piyada.

Əllamə Möhsin Əmin Amuli "Əyanüş-şiə" əsərində Bəni-Haşim şəhidlərinin sayını 30, qalan şəhidlərin sayını isə 106 nəfər göstərib. Məşhur tarixçi Məsudi "İsbatül-vəsiyyə" əsərində şəhidlərin 61 nəfər olduğunu  yazsa  da, "Mürucüz-zəhəb" əsərində onların sayını 87 nəfər göstərir. Salnaməçi Yəqubi İmam Hüseynlə (ə) birgə Kərbəlaya gələnlərin sayının 62 yaxud 72 olduğunu yazır.

Burada Şeyx Abbas Qumminin "Nəfəsül-məhmum" kitabından aşağıdakı sətirləri qeyd etmək yerinə düşər: "Allah-təala dünyanın əvvəlindən sonuna kimi 1000 nəfərin vasitəsilə öz dinini müdafiə etmiş və edəcəkdir. Bunlardan 313 nəfəri  Talutun qoşunu, 313 nəfəri Bədr döyüşünün iştirakçıları, 313 nəfəri də İmam Mehdinin (əc) səhabələridir. Qalan 61 nəfəri isə aşura günü İmam Hüseynlə (ə) şəhid oldu" (Əlbəttə, bəzi tədqiqatçıların fik¬rincə, bu 61 nəfər Bəni-Haşimdən olmayan şəhid¬lərdən ibarətdir).

Bəzi tədqiqatçılar Kərbəla şəhidlərinin sayını öyrənmək üçün Dəməşqə göndərilən kəsik başların sayını əsas tutmağı təklif etmişlər. Lakin burada da qarşıya iki problem çıxır:

Birincisi, rəvayətə görə, Kərbəla şəhidlərinin heç də hamısının başı bədənindən qoparılmamışdı. Deməli, şəhidlərin sayı ilə kəsik  başların sayı arasında fərqin olması tamamilə təbiidir.

İkincisi, kəsilmiş başların sayı barədə rəvayətlər də yekdil deyil. Məsələn, Şeyx Müfidin "əl-İrşad" və Şeyx Abbas Qumminin "Müntəhal-amal" kitablarında 72 başın Kufəyə göndərildiyi qeyd olunur. Təbəri də öz tarixində əvvəlcə bu rəqəmi qeyd edir, amma cəmi bir neçə səhifədən sonra hər qəbilənin neçə şəhid başı apardığını sadalayaraq yekun vurur: "Bunların cəmi 70 baş oldu". İbn Səbbağ Maliki "əl-Füsulül-mühimmə" əsərində göndərilən başların 70 olduğunu yazır. Seyyid ibn Tavus "Lühuf" kitabında, Əllamə Məclisi "Biharül-ənvar"da 78 ədədini göstərirlər.

Kərbəla şəhidlərinin sayı və şəxsiyyəti barədə araşdırmalarda qədim ziyarətnamələrin mətni də əvəzsiz rol oynaya bilər. Bu mənada iki qədim mənbə - "Ziyarəti-Nahiyeyi-müqəddəsə" və "Ziyarəti-rəcəbiyyə" daha əhəmiyyətlidir. Hicri 252-ci ildə İmam Mehdi (ə) tərəfindən Şeyx Mühəmməd ibn Qalib İsfahani adlı şəxsə göndərildiyi iddia olunan "Ziyarəti-Nahiyeyi-müqəddəsə"də 80 nəfər Kərbəla şəhidinin adı çəkilir və onların hər birinin ruhuna salam göndərilir. Bu 80 nəfərdən 17-si Bəni-Haşimdəndir. Seyyid ibn Tavusun "İqbal" kitabında nəql olunmuş "Ziyarəti-rəcəbiyyə"də isə 88 nəfərin adı çəkilir ki, bunların 13-ü Bəni-Haşimdəndir. Bu iki ziyarətnamədəki adlar arasında ciddi fərqlər vardır. Onların birində olan adların bəzisi digərində yoxdur; müştərək adların da bir neçəsində fərqlər görünür.

Kərbəlada şəhid olmuş Bəni-Haşim cavanlarının sayı barədə də mənbələrdə ziddiyyət nəzərə çarpır. Müxtəlif kitablarda onların sayının 13-lə 23 arası, 27, 30 və hətta 50 olduğu barədə məlumatlar verilir. Bunların arasında 17 və 18 ədədləri daha çox nəzərə çarpır.

Daha yeni dövrün məhsulu olan kitablarda da Kərbəla şəhidlərinin sayı və şəxsiyyəti barədə fikir ayrılıqları həll olunmamış vəziyyətdə qalmaqdadır. Məsələn, İmadzadə İsfahani "İmam Hüseynin (ə) həyatı" kitabında şəhidlərin sayı barədə bir neçə cədvəl-siyahı təqdim edir. Lakin bu cədvəllərin nəticələri fərqlidir: 111 nəfər, 130 nəfər və 139 nəfər. Müəllif elə həmin kitabdaca əlifba sırası ilə şəhidlərin hər biri barədə ayrı-ayrılıqda qısa məlumat verərkən, 114 nəfərdən söhbət açır.

Əli Nəzəri Münfərəd "Qisseyi-Kərbəla" kitabında ümumilikdə Kərbəla şəhidlərinin sayı barədə 6, Əhli-beyt şəhidlərinin sayı barədə 11 cür nəzəriyyəni siyahı şəklində təqdim edir. Çox dəyərli məlumat-ları özündə əks etdirən, Cavad Mühəddisi tərə¬findən qələmə alınmış "Fərhənge-aşura" kitabında da bir neçə siyahı verilir. Kitabın mətnini araşdırarkən, üst-üstə cəmi 128 nəfər şəhidin (Bəni-Haşimdən olan-lar da bura daxildir) barəsində məlumatı görürük.

İmam Baqir və İmam Sadiqin (ə) səhabəsi olmuş mühəddis Füzeyl ibn Zübeyr Kufi Əsədiyə aid edilən "Hüseynlə (ə) birlikdə qətlə yetirilənlərin adı" risaləsində 107 nəfər şəhidin adı verilir ki, bunların 20-si Bəni-Haşimdəndir. Lakin bu siyahıda yalnız Kərbəlada deyil, Kufədə də şəhid olmuş bir neçə adamın adına rast gəlirik.

Seyyid İbrahim Musəvi Zəncani "Vəsilətüd-dareyn" kitabında İmam Hüseynin (ə) şəhid dostlarının adının ən geniş siyahısını təqdim edir. Həmin kitabda Bəni-Haşimə mənsub 50 nəfərin və Bəni-Haşimdən olmayan 184 nəfərin adı yer tutur. Lakin burada da Kufə şəhidlərinin adları Kərbəla şəhidlərinin adlarına qarışıb. Həmçinin, bu kitabda Kərbəlada şəha¬dətə çatması zəif mənbələrdə vurğulanan xeyli adlar da mövcuddur.

Kərbəlada, şəhidlərin ümumi məqbərəsinin zərihi (məhəccəri) üzərindəki böyük lövhədə bu ədalət qurbanlarının sıyahısı həkk olunub. Həmin siyahıda 120 nəfərin adı nəfis xətlə yazılıb. Bunların 16-sı Bəni-Haşimdəndir. Amma lövhədə Həzrət  Abbasın və Həbib ibn Müzahirin adları yoxdur. Onlar da siyahıya əlavə olunsa, 122 alınar.

Bu sətirlərin müəllifi aşura şəhidlərinin sayı və şəxsiyyəti barədə müstəqil araşdırma apararaq, müəyyən nəticələrə gəlmiş və bunları 2004-cü ildə nəşr olunmuş "Aşura şəhidləri" kitabında təqdim etmişdir. Alınan nəticələr bundan ibarətdir: Aşura günündə Kərbəla səhrasında Bəni-Haşimdən olmayan 88 nəfərin şəhid olması şübhəsizdir. Bunlardan əlavə, daha 9 nəfərin də şəhid olması ehtimal edilir. Bəni-Haşim şəhidlərinin sayına gəlincə, onların ən azı 17 nəfər olduğu qəti məlumdur. Bu 17 nəfərdən əlavə, daha 10 nəfər Haşimi şəhidinin adlarına mənbələrdə rast gəlirik. Beləliklə, ümumilikdə aşura şəhidlərinin sayı 105-lə 124 arasındadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR