Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İman və şücaət nümunəsi - Əli Əkbər ağa (ə)

İman və şücaət nümunəsi - Əli Əkbər ağa (ə)

Date: 11 October 2016 23:47

Aşura hadisəsinin paklıq və mərdlik nümunələrindən biri də Əli Əkbər (ə) idi. Həzrət Əli Əkbər (ə) İmam ailəsində dünyaya gəlmişdi. Atası İmam Hüseyn (ə) və anası Cəlil qəbiləsindən olan Leyla xanım idi. O, İmamın böyük oğlu idi. Bəziləri isə İmam Səccadı (ə) İmamın böyük oğlu olduğunu söyləyirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmamdan (ə) aldığı tərbiyə nəticəsində kamal sifətlərə malik olmuşdur. Gözəl dini elmə və fəzilətə malik bir cavan idi. Xasiyyəti, danışığı, rəftarı və mətanəti ali həddə idi. Yazılana görə hər danışığı və rəftarı, əxlaqı Peyğəmbəri-Əkrəmi (s) xatırladı. Buna görə də insanlar onun üzündə Peyğəmbərin (s) nişanələrini axtarırdılar. İsmət və təharət nəslinin davamçısı idi. Əli Əkbər (ə) elə bir cavan idi ki, hətta Müaviyə belə onun fəzilətini etiraf etmişdi. Bir gün Müaviyənin yanında belə bir mövzunu müzakirə edirdilər ki, dini rəhbər kimə layiqdir? Oturanlar dedilər: Sən hamıdan layiqlisən. Ancaq Müaviyənini özü dedi: "Yox, belə deyildir. Hüseyn ibni Əlinin (ə) oğlu Əli (ə) daha layiqlidir. Çünki həm Peyğəmbər (s) nəslindəndir, həm Bəni-Haşimin şücaəti onda təcəlli edir, həm də Bənu-Üməyyənin səxavəti onda vardır". Əlbəttə Bəni-Üməyyənin səxavəti yalan söhbətdir. Amma o zaman ki, düşmənin dilindən belə etiraf eşidirsən, gör indi dostlar nə deyirlər? Müaviyə Şamda ola-ola Əli Əkbər (ə) haqqında belə danışırdısa, bu o demək idi ki, onun sorağı Hicaza qədər gəlib çatmışdı.
O zaman ki, İmam Hüseynin (ə) qiyamı üçün zəminə yaranır və İmam fəsadla mübarizə aparmaq üçün beyət etmir və Mədinədən xaric olur, Əli Əkbər ağa (ə) atasının yanında idi. Bir neçə ay Məkkədə qalandan sonra İmam (ə) qərara alır ki, Kufəyə tərəf hərəkət etsin. Əli Əkbər də (ə) böyük qürurla bu karvanda idi.
Tarixçilərin nəql etdiklərinə görə Hüseyn (ə) karvanı Qəsr bəni Məqatilin evinə çatır, bir qədər istirahət edəndən və su götürəndən sonra hərəkət zamanı İmam Hüseyni (ə) qısa yuxu aparır. Oyanan zaman buyurur: "İnnə lillah və inna ileyi raciun. Vəl həmdulillahi Rəbbil aləmin". Bu cümləni üç dəfə təkrar edir. Əli Əkbər (ə) atın üstündə idi və bu zikri eşidəndə atasına yaxınlaşıb, deyir: "Atacan, canım sənə fəda olsun. Allaha niyə həmd etdin?" İmam (ə) buyurdu: "Başımı atın yüyəninə qoymuşdum ki, məni yuxu apardı. Atlılar gördüm ki, deyirdi: "Bu qrup seyr edirlər, ölüm də onların ardınca düşüb". Başa düşdüm ki, bu səfərdə şəhid olacağıq". Əli Əkbər (ə) soruşur: "Atacan, məgər biz haqlı deyilikmi?" Buyurdu: "Niyə, oğlum. Hamının qayıtma yeri o olan Varliğa and olsun ki, biz haqlıyıq". Əli Əkbər (ə) deyir: "Deməli, haqq yolunda ölməkdən qorxmaq nəyə lazım?" Hüseyn ibni Əli (ə) buyurdu: "Allah sənə xeyr əvəz versin. Ataya xatir övladına verdiyi ən yaxşı mükafatı versin".
Bir neçə gün sonra düşmən Fəratı mühasirəyə alaraq, İmam Hüseyn (ə) və Əhli-Beytini (ə) susuz qoyur. Kərbəlaya nə qədər çox yaxınlaşırlarsa, su azlığı bir o qədər artır. Məhərrəm ayının 8-də İmam Hüseyn (ə) Əli Əkbəri (ə) 30 atlı ilə bir yerdə su gətirməyə göndərir. Hədəf su gətirmək olsa da, ancaq su gətirmək üçün Ömər Sədin ordusu ilə vuruşmaq lazım olacaqdı. Bu atlılar ordunu sıralarını dağıdırlar. Fərata daxil olur və su məşklərini doldururlar. Sonra xeymələrə tərəf hərəkət edirlər. Qayıdanda Kufə ordusu ilə yenidən üzləşirlər və şücaətlə onları dağıdıb, suyu xeymələrə gətirə bilirlər.
Aşura gecəsi

İmam Hüseynin (ə) tərəfdaşları, xüsusilə də Bəni-Haşim cavanları üçün Aşura gecəsi çox dəyərli, eşq və imanın təcəlli etdiyi gecə idi. Haşimi cavanları bir-birinə tövsiyə edirdilər ki, sabahısı gün bu qızıl anlardan istifadə edərək, İmamı (ə) himayə etmək üçün fədakarlıq göstərəcəklər. Əli Əkbər (ə) də o kəslərdən idi ki, sabahki döyüşdə irəlidə gedənlərdən olacağını israrla bəyan edirdi. O zaman ki, İmam Hüseyn (ə) tərəfdaşlarını toplayır və buyurur: "Gecənin qaranlığı sizi bürümüşdür, beyətimi sizin üzərinizdən götürürəm. Gecənin qaranlığından istifadə edin və dağılın. Hər kim istəyirsə, ailəsinin əlindən tutub getsin. Bu insanlar məni izləyirlər. Əgər məni ələ keçirtsələr, başqaları ilə işləri olmaz", cavanlar xüsusi reaksiya verirlər. Səhabələr, cavanlar vəfadar olduqlarını və şəhadət üçün hazır olduqlarını bildirirlər. İlk sözü Əbilfəzl Abbas (ə) və Əli Əkbər ağa (ə) bəyan edirlər: "Niyə elə edək? Səndən sonra sağ qalmaq istəmirik!". Sonra Bəni-Haşim cavanları sabahkı döyüşdə vuruşacaqlarını və fədakarlığa hazır olduqlarını bildirdilər. İmamın tərəfdaşları və qohumları səhərə qədər oyaq qalıb, ibadətlə məşğul oldular. Əli Əkbər ağa (ə) da atasının xidmətində idi və onun əmrini gözləyirdi. Günəşin çıxmağına dəqiqələr qalırdı. Günəş çıxır. Haqla batil arasındakı döyüş başlanır. İmamın (ə) səhabələri bir-bir meydana gedib, şəhid oldular. O zaman ki, səhabələrdən heç kim qalmır, növbə Bəni-Haşim cavanlarına çatır.
Həzrət Əli Əkbər (ə) xoşsima, şücaətli bir cavan idi. İmam Hüseynin (ə) yanına gəlir və atasından meydana çıxmaq üçün icazə istəyir. Atası icazə verir. Oğul atına süvar olur. Ata oğlu ilə xüdafizləşir. İmam (ə) cavan oğluna nəzər salır. Ağrılı həsrətlə, ancaq şövqlə onu başdan ayağa süzür. Qatıymayan bir insana nəzər salan kimi məyus halda nəzər salırdı. İmam (ə) buyurur: "Allahım! Şahid ol ki, simasında, danışığında, əxlaqında, məntiq və əməlində ən çox Peyğəmbərinə (s) bənzəyən insanı bu ordunun üzərinə göndərdim. Biz o zaman ki, Peyğəmbərə (s) müştaq olurduq, bu cavanın simasına nəzər salardıq. Allahım! Torpağın bərəkətini bu insanlardan al və onları dağıt. Onlar bizi dəvət etmişdilər ki, kömək etsinlər. Ancaq döyüş və qətllə bizə təcavüz etdilər".
Bu zaman Əli Əkbər ağa (ə) meydana tələsir. Onun zahiri Peyğəmbərə (s), şücaəti Əliyə (ə), böyüklüyü İmam Hüseynə (ə) bənzəyirdi. Özünü tanıtmaq üçün şeir deyirdi və əsgərlərə hücum edirdi. O, belə deyirdi: "Mən Əli (ə), Hüseyn ibni Əlinin (ə) oğluyam. Cəddim Allahın Peyğəmbəridir (s). Allaha and olsun ki, bizə heç bir zaman napaklar hökumət etməməlidir. Mən bu nizə və qılıncla haqqı və atamı müdafiə etmək üçün o qədər vuruşacağam ki, nizəm əyilər, qılıncım kütləşər. Sizə zərbə vuracağam".
Əli Əkbər ağa (ə) döyüşdə mərdliklə vuruşdu və çoxlu sayda düşməni həlak etdi. Zərbələri o qədər güclü idi ki, düşməni qorxuya salırdı. O, hücum edəndə düşmən deyirdi: ehtiyatlı olun. İsti hava və susuzluq, silahın ağırlığı onu şiddətlə yormuşdu. Bir anlıq döyüşdən ayrıldı və xeymələrə tərəf gəldi. Su içib, yeni güclə qayıtmaq istədi. Ancaq xeymələrdə su yox idi və Hüseyn ibni Əli (ə) Əli Əkbərdən (ə) də susuz idi. İmam (ə) ona buyurur: "Oğlum! Həzrət Muhəmmədə (s), Əliyə (ə) və mənə çox çətindir ki, məndən kömək istəyəsən və su istəyəsən və mən də onu sənə verə bilməyim". Sonra ondan istəyir ki, yenidən meydana qayıtsın. Ümid edirdi ki, Peyğəmbərin (s) əlindən su içəcəkdir. Əli Əkbər (ə) döyüşə qayıdır və vuruşur. Düşmən hər tərəfindən onu yaralamışdı. Hər tərəfindən qan axırdı, ona görə gücsüz olub, yerə yıxılır. Yerə düşən bir ulduza bənzəyirdi. İmam (ə) özünü Əli Əkbərə (ə) çatdırır. Başını dizinə qoyur və üzündəki qanı təmiziləyir. Əli Əkbər ağa (ə) son dəfə gözünü açır və atasına baxır. Sonra canını tapşırır. Onun 27 yaşı var idi. İmam Hüseyn (ə) övladını Allah yolunda qurban verdi və buna görə iftixar edirdi. İmam (ə) əyilir və üzünü oğlunun qanlı üzünə qoyur. Sonra Haşimi cavanlarından istəyir ki, onu şəhidlər xeyməsinə aparsınlar.
Üç gün sonra İmam Səccad (ə) Kərbəla şəhidlərini dəfn etmək üçün gəlir. Atasını dəfn edir və qardaşı Əli Əkbəri (ə) də onun ayaqlarının altında dəfn edir. İmam Hüseynin (ə) qəbrinin altı guşəsinin ikisi Əli Əkbərin (ə) qəbrini göstərir. Bu gün İmamı (ə) ziyarət edənlər bu cavanı da ziyarət edirlər. Hər kim İmam Hüseynə (ə) salam verir, Əli ibni Hüseynə (ə) də salam verir. Əli Əkbər ağa (ə) Kərbəla qiyamında fədakarlıq göstərdi və İlahi hüccəti və zamanın İmamını (ə) müdafiə etdi. Bütün cavanlar üçün şəhadət və şücaət nümunəsinə çevrildi.

Milli.Az


Tags:  İman şücaət nümunəsi Əli Əkbər ağa

RƏYLƏR


Top news