Piyada keçidlərində eskalatorlar niyə işləmir?

Piyada keçidlərində eskalatorlar niyə işləmir?
07:37 12 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azəravtoyol" bir tərəfdən bəzi eskalatorların nasazlığını etiraf edir, o biri tərəfdən bunu piyadaların bəhanəsi sayır

Paytaxtda piyadaların yolu rahat və təhlükəsiz keçməsi üçün yeraltı və yerüstü keçidlərin yaradıldığının hamımız şahidiyik. Amma əksər zamanlarda bu keçidlərdə eskalatorlar işləmir. Keçidlərdəki eskalatorların yararsız vəziyyətə düşməsi, xüsusilə də yaşlı, əlilliyi, səhhətində problemi olan insanların bu keçidlərdən istifadəsini çətinləşdirir və onları yolun təhkükəli, qadağan olunmuş hissəsindən keçməyə təhrik edir.

Mərkəzi Bankın, Heydər Əliyev Sarayının yaxınlığındakı piyada keçidlərində eskalatorlar işləmir. Gələn-gedən piyadalar bu haldan narazıçılığını bildirir. Eyni vəziyyət "Hilton" hoteli yaxınlığındakı piyada keçidində də müşahidə olunur.

Mərkəzi Bankın yaxınlığındakı piyada keçidindən istifadə edən piyada Zülfüqar Hüseynov və Rafiq Qəniyev xeyli zamandır ki, eskalatorun işləmədiyindən şikayətlənirlər: "İstəyəndə qoşurlar, istəməyəndə söndürürlər. Yaşlı insanlarıq, eskalator işləməyəndə pilləkənləri qalxıb-düşmək bizə ağır gəlir. Yolu birbaşa keçmək məcburiyyətində qalırıq. Nə edək? Axırda bir gün bizi cərimələyəcəklər ki, niyə piyada keçidindən istifadə etmirsiniz? Piyada keçidləri normal vəziyyətdə olmalıdır ki, onlardan istifadə edə bilək. Bir halda ki bu keçidlərə baxmayacaqdılar, eskalatorlar işləməyəcəkdi, bunlar nəyə lazım idi? Bu eskalatorların tez-tez sıradan çıxması onların təhlükəli olma ehtimalını da artırır. Hər dəfə pilləkənlərə qorxaraq ayaq basırıq ki, indi qırılacaq, yıxılacağıq".

Milli.Az xəbər verir ki, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Ekspress"ə bildirib ki, hal-hazırda Bakı şəhərində yeraltı və yerüstü keçidlərdə eskalatorların işləməməsi ilə bağlı hər hansı problem yaşanmır: "Tək Mərkəzi Bankın yaxınlığındakı yeraltı piyada keçidində müəyyən problemlər yaşanır. Həmin piyada keçidinin istismarını bir özəl şirkət həyata keçirir və onlar həmin eskalatoru təmir edəcək. Həmin özəl şirkətin rəhbərliyinə rəsmi olaraq müraciət olunub və xəbərdarlıq edilib ki, nasazlıq qısa müddətdə aradan qaldırılsın".

Bundan başqa, dediyinə görə, "Hilton" hotelinin yaxınlığında olan yeraltı piyada keçidində bir eskalatorda müəyyən nasazlıq yaranıb. Nəcəfli bildirib ki, buna səbəb həmin eskalatorun bir ehtiyat hissəsinin sıradan çıxmasıdır: "Həmin hissə də sifariş olunub. Yaxın günlər ərzində sifariş olunmuş hissə bura çatacaq və eskalator təmir olunacaq".

Eskalatorların xarici ölkələrdən - Almaniya, Çin, Türkiyədən - gətirildiyini deyən müsahibimizin sözlərinə görə, bu səbəbdən də eskalatorda hansısa hissədə nasazlıq olanda, həmin hissələr də xaricdən gətirilir və bu prosedur 5-15 gün arası çəkir. "Bu səbəbdən də eskalatorlar bir müddət işləmir. Lakin sonradan təmir olunur və işə salınır. Ümumiyyələ, eskalatorlar mexanizmdir, onlarda hər hansı problemlər yarana bilər".

A.Nəcəflinin dediyinə görə, xeyli piyadalar eskalatorlardakı nasazlıqları sadəcə bəhanə gətirir ki, yolu istədiyi yerdən keçsin: "Eskaltorlarla hərəkət etmək tam təhlükəsizdir. Onların işləməməsi ilə bağlı yayılan fikirlər isə yolu birbaşa keçmək üçün piyadaların gətirdikləri bəhanədir".

Yol təhlükəsizliyi və yol hərəkəti qaydaları üzrə ekspert Azər Allahverənovun qəzetimizə dediyinə görə, yerüstü və yeraltı keçidlərdə eskalatorların işləməməsi insanlara əlavə problemlər açır: "Biz hər yerdə deyirik, bəyan edirik ki, insanlar yeraltı və yerüstü keçidlərdən istifadə etməlidir. Çünki yollardan birbaşa keçərkən öz həyatlarını təhlükə altına ata bilərlər. Eskalatorun işləməməsi insanı çətin duruma salır. Əlilliyi olan və ya yaşlı insanlar işləməyən eskalatorlarla hündür pillələri qalxmalı olur. Bu isə onlara çox çətin başa gəlir. Obyektiv səbəbdən işləməyən eskalatorlardan istifadə etməyib birbaşa yolu qadağan olan hissədən keçərək həyatlarını təhlükə altına atırlar. Nəticə etibarilə bir tərəfdən həyatları təhlükə altına düşür, digər tərəfdən qəza şəraitinin yaranmasına səbəb olurlar".

Allahverənov bildirib ki, piyada keçidlərinin salındığı ilkin mərhələdə yeraltı və yerüstü keçidlərin müəyyən standartlara cavab vermədiyinin şahidi olurduq: "Yerüstü keçidlərin bir qismi elə konstruksiya ilə tikilmişdi ki, isti havada onun içərisindən keçmək olduqca çətin idi, çünki keçidlərin daxilində havasızlıq olurdu. Lakin tədricən bu çatışmazlıqlar qismən aradan qaldırıldı. Bir çox yerüstü keçidlərdə ventilyatorlar quraşdırılıb. Amma bununla yanaşı, hər hansı çatışmazlığın yaranmasını, eskalatorun xarab olmasını gözləmək lazım deyil. Mütəmadi olaraq monitorinqlər aparılmalıdır. Eskalatorların vəziyyəti yoxlanılmalıdır".

Eskpert onu da bildirib ki, Bakı şəhərinin bəzi yeraltı və yerüstü keçidlərdə ciddi problemlər var: "Bəzi keçidlərinə yağış yağarkən su dolur. Bu da drenaj sisteminin olmaması ilə bağlıdır. Həmin keçidlər istifadə üçün yararsız olur, piyadalar ordan keçə bilmirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR