“Neftçi”dən daha bir qeyri-peşəkarlıq

“Neftçi”dən daha bir qeyri-peşəkarlıq
12:57 12 Oktyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev komandaya dəvət edilən yeni əcnəbi futbolçular barədə fikirlərini bölüşüb. 46 yaşlı mütəxəssisin azerisport.az saytına açıqlamasında baxışa çağırılan 3 legioner haqda pozitiv danışıb.  


Paytaxt klubu ilə yanaşı, milli komandamızda məşqçi qismində çalışan Abdullayevin söylədiklərinə diqqət yetirək: "Dekabra qədər gözləmək - bu, xal itkisidir. Bizdə bəzi mövqelərə oyunçu çatmır. Bir itki - heyətdə yerdəyişmələr etməyə məcbur qalırıq. Qapıçı Boban Baykoviç, yarımmüdafiəçi Aleksandr Fertov və Enrike Pessalli azad agent statusu daşıyır. Aydın məsələdir ki, onlar bir müddətdir oynamırlar. Hərəsinin öz səbəbi var. Amma hər biri təcrübəli futbolçudur. Fertov yığmada 35 oyun keçirib və zəif futbolçu ola bilməz. Təcrübəli futbolçudur. Pessalliyə gəlincə, o, Fransa çempionatında, Liqa 1-də çıxış edib. Baykoviç "Srvena Zvezda"da 100-dən çox oyun keçirib. O, pis qapıçı ola bilməz. Əlbəttə, çatışmazlıqları var, xeyli vaxt oynamayıblar. Bu, böyük minusdur. Bu oyunçularla müqavilə bağlasaq, müddəti qışa kimi olacaq. Komandada qalmaları üçün isə özlərini göstərmələri lazımdır. Onlarda bunun üçün motivasiya olacaq. Özlərini göstərə bilməsələr, qışda ayrılacağıq. Hələ ki, onları şəxsən iş başında görməmişəm. Həmin futbolçularla tanış olmaq üçün vaxt lazım olacaq”.


Elxan bəyin açıqlamasında 3 təzadlı məqam var:


1. “Neftçi” klubu rəsmi saytı vasitəsi ilə sözügedən əcnəbilərin baxışa dəvət edildiyini bəyan etmişdi. Lakin Abdullayevin sözlərindən belə məlum olur ki, onlar birbaşa müqaviləyə çağırılıblar. Çünki baş məşqçi bu futbolçuları iş başında görməyib və köməkçilərinin “Sumqayıt”la yoxlama matçına əsasən, müsbət rəy verdiklərini söyləmir. Elxan bəy sadəcə, onların təcrübəli futbolçular olduğunu vurğulayır.


2. Abdullayevin “Fertov yığmada 35 oyun keçirib və zəif futbolçu ola bilməz” və “Baykoviç "Srvena Zvezda"da 100-dən çox oyun keçirib, o, pis qapıçı ola bilməz” cümələri peşəkarlıqdan uzaqdır. Hansısa futbolçunun 100-150 oyun keçirməsi heç bir halda ölçü vahidi ola bilməz. Baş məşqçi oyunçunun neçə oyun keçirməsinə deyil, bu gün hansı durumda olmasına önəm verməlidir. Karyerası ərzində 200-300 oyuna çıxan, ancaq bu gün bir işə yaramayan minlərlə futbolçu var. Belələri ölkəmizə də az gəlməyib.


Digər tərəfdən, öncəki yazılarımızda da qeyd etmişdik ki, “Neftçi” kimi klubun oktyabr ayında baxışa 3 legioner dəvət etməsi qeyri-peşəkarlığın deyil, qeyri-ciddiliyin təzahürüdür. Futboldan az da olsa, anlayışı olanlar bilir ki, hər hansı futbolçu 31 avqust tarixinə  - “transfer pəncərəsi” bağlananadək özünə klub tapa bilmirsə, demək ki, onun yaxşı oyunçu olmaq ehtimalı yox dərəcəsindədir. 


3. Sonuncu və önəmli məqam. Abdullayev qeyd edir ki,  dəvət edilən legionerlərlə müqavilə bağlasalar, müddəti qışa kimi olacaq. Bu, necə olur, həzərat?! FIFA qaydalarına görə, futbolçu ilə yalnız mövsümün sonuna qədər müqavilə bağlamaq olar. İstər yay fasiləsində, istərsə də, məsələn, oktyabr ayında klublara futbolçu ilə qış fasiləsinədək müqavilə bağlamağa icazə verilmir. Həmin futbolçu azad agent statusu daşısa belə.


Açığı, Abdullayevin futbolçularla qışa qədər müqavilə bağlayacaqlarını söyləməsini hər nə qədər təəccüblə qarşılasaq da, məsələni dəqiqləşdirmək üçün Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynovla əlaqə saxladıq. Qurum rəsmisini dinləyək: 


“FİFA qaydalarına görə, futbolçu ilə yalnız mövsümün sonuna qədər müqavilə bağlamaq olar. Oyunçunun azad agent statusu daşıması da heç nəyi dəyimşir. Yay fasiləsində və ya mövsüm başlayandan sonra heç bir oyunçu ilə qışa qədər müqavilə bağlamağa icazə verilmir. Belə müqavilə olanda, biz onu qəbul etmirik. Daha öncə belə bir hal olub, götürməmişik. Həmin klub məcbur qalıb yeni müqavilə bağladı - mövsümün sonuna qədər. Amma onu da əlavə edim ki, həmin futbolçu elə qış fasiləsində komandadan göndərildi. Yeri gəlmişkən, bir neçə ölkədə istisnalar var, qışa qədər qəbul edirlər. Hətta, 2-3 oyunluq belə, oynamağa icazə verənlər olub. Lakin biz buna lüzum görmürük. FIFA-nın qoyduğu qayda nədirsə, onu əsas götürürük”.


Hüseynov ad çəkməsə də, biz öz mənbələrimizdən dəqiqləşdirmə apardıq. Məlum oldu ki, daha öncə də futbolçu ilə qışa qədər müqavilə bağlamağa çalışan “Neftçi” olub. Belə ki, "ağ-qaralar" 2015-ci ildə komandanın formasını geyinmiş Miçal Peskoviçlə 6 aylıq müqavilə bağlayaraq sifariş etməyə çalışıb. Lakin müqavilə PFL-in qapısından dönüb. 


Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur. “Neftçi”in Müşahidə Şurasında yer alanlar özlərindən başqa hər kəsi günahlandırmaqda davam etsinlər. Fakt budur ki, “Neftçi” qeyri-peşəkarların idarə etdiyi qeyri-ciddi kluba çevrilməkdədir. Elxan Abdullayevə gəlincə, uzun illərdi məşqçi kimi fəaliyyət göstərən, Premyer Liqada və millidə çalışan təcrübəli mütəxəssisin bu qaydanı bilməməsi özü böyük biabırçılıqdır.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neftcidn-daha-bir-qeyri-pekarlq-t53292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR