Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycan millisi 8 oyunçu ilə müdafiə olunurdu"

"Azərbaycan millisi 8 oyunçu ilə müdafiə olunurdu"

Date: 12 October 2016 13:12

"Qələbə qazanmaq istəyirsənsə, qol vurmalısan. Azərbaycanla görüş isə onu göstərdi ki, bunun üçün daha keyfiyyətli oynamalıyıq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Çexiya yığmasının yarımmüdafiəçisi Borek Dokal deyib.

DÇ-2018-in seçmə qrup mərhələsində ilk iki turda cəmi 1 xal toplayan çexiyalılar III turda Azərbaycan millisinin müqavimətini qıra bilməyiblər. 0:0 hesabı ilə başa çatan oyundan sonra yerli mətbuata danışan Dokal komandasının çıxışından razı qalmadığını etiraf edib: "3-4 qol vəziyyəti yarada bildik. Halbuki belə oyunlarda daha çoxunu etmək lazımdır. Təəssüf ki, bu gün bunu bacarmadıq. Əslində, matça yaxşı start götürmüşdük, ilk dəqiqələrdən rəqibə təzyiq göstərdik. Bir qol vəziyyəti dəyişmək üçün kifayət edərdi. Ancaq bunu reallaşdıra bilmədik".
 
28 yaşlı orta sahə oyunçusu hücumda "dişsiz" olmalarının və alternativ taktiki gedişlərə əl atmamalarının nəticəyə təsir etdiyini düşünür: "Top itkiləri zamanı sürətli şəkildə müdafiəyə çəkilməli olurduq. Onlar da belədə nə edəcəklərini bilmirdilər. Ancaq biz geri çəkildikdə rəqib daha çox oynamaq imkanı qazanırdı və bundan yararlanmağa çalışırdı. Bu gün komandamızda oyun keyfiyyəti və yaradıcılıq aşağı səviyyədə idi. Azərbaycan millisi 8 oyunçu ilə müdafiə olunurdu. Onların müdafiəsini yarmaq üçün də alternativ variantlarımız yox idi".
 
"Sparta"nın futbolçusu hələ də qrup ikinciliyinə ümidlərini üzmədiklərini əlavə edib: "3 oyunda 2 xal çox azdır. Amma bu, hələ son deyil. Bu o deməkdir ki, biz növbəti qarşılaşmada Norveçi mütləq məğlub etməliyik. Çünki onlar fərqli rəqibdilər və bu dəfə başqa cür oyun izləyəcəksiniz. Ancaq bu da bir həqiqətdir ki, dünya çempionatına yollanmaq istəyən komanda öz meydanında Azərbaycanı məğlub etməlidir".
 
Qeyd edək ki, 3 turdan sonra Azərbaycan millisi 7 xalla qrupda 2-ci, Çexiya yığması isə 2 xalla 5-ci pillədə qərarlaşır.

Milli.Az


Tags:  Azərbaycan millisi oyunçu müdafiə olunurdu

RƏYLƏR


Top news