Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtaliya mətbuatı azərbaycanlı məcburi köçkünlərdən yazdı

İtaliya mətbuatı azərbaycanlı məcburi köçkünlərdən yazdı

Date: 12 October 2016 15:23

İtaliyanın “Cronache di Napoli” qəzetində jurnalist Domeniko Letisiya tərəfindən “İnkar olunmuş hüquqlar: Şuşanın sürgündəki icra başçısı. 1992-ci ildən fəaliyyət göstərən düşərgədə həyat” (I diritti negati: Shusha, il sindaco in esilio. Vivere in un campo dal’92) adlı məqalə dərc olunub. Məqalə D. Letisiyanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdan aldığı müsahibə və Ramana qəsəbəsi yaxınlığında məcburi köçkün ailələri üçün tikilmiş qəsəbəyə səfəri əsasında yazılıb.

Məqalədə bildirilir ki, 8 may 1992-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində şəhərdə yaşayan azərbaycanlılar öz yurdunu tərk etmək məcburiyyəti ilə üzləşmiş, dövlət tərəfindən tikilmiş xüsusi qəsəbədə məskunlaşmışlar. Şuşanı hansı şəraitdə tərk etməyindən danışan şəhərin “sürgündə” olan icra başçısı kimi təqdim olunan Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov işğal günündən bəri Şuşaya gedə bilmədiyini və ən böyük arzusunun yenidən Şuşaya dönmək olduğunu bildirir.

Məqalədə B.Səfərova istinadən Azərbaycanda müxtəlif dinlərin və millətlərin, o cümlədən ermənilərin dinc şəraitdə yaşaması bildirilir, Ermənistanda yalnız ermənilərin yaşaması və Ermənistanın multikulturalizmə qarşı olması vurğulanır. Bundan əlavə, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsi xatırladılır.

Məqalədə, həmçinin jurnalist Bakıdan bir neçə 10 kilometr məsafədə yerləşən məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə səfərindən və orada mövcud şəraitdən söz açır. “Mən qəsəbədə yenicə tikilmiş, şagirdlərin ingilis dilində dərs keçdiyi informatika otağı olan müasir məktəbdə və musiqi məktəbində oldum. Musiqi məktəbinin direktoru mənim italyan vətəndaşı olduğumu biləndə mənə öz telefonunda məktəbin şagirdləri tərəfindən italyan dilində təşkil olunmuş konserti nümayiş etdirdi. Adriano Çelentano, Toto Kutunyo, Luçano Pavarotti və Enriko Karuso, bunların hamısı bu qəsəbədə tanınır, onların mahnıları və sözləri musiqi məktəbində tədris olunur. Düşərgədə mən şəhid vermiş məcburi köçkün ailəsinə qonaq dəvət olundum. Ailə sahibi evlə təmin olunmasını, vergidən azad olmasını və sabaha ümidlə baxdıqlarını bildirsə də, doğma yurdu heç nəyin əvəz etmədiyini xüsusi ilə vurğuladı,” deyə jurnalist yazır.


Tags:  İtaliya mətbuatı azərbaycanlı məcburi köçkünlərdən yazdı

RƏYLƏR


Top news