Bakı Forumu: tarixi, geosiyasi və mədəni aspektlərdən baxış

Bakı Forumu: tarixi, geosiyasi və mədəni aspektlərdən baxış
15:32 12 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

V Bakı Beynəlxalq Humanitar Forumu dünya miqyasında böyük marağa səbəb oldu.

Bu, tədbir yekunlaşandan sonra onun barəsində ifadə edilən fikirlərdən aydın görünür.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, mütəxəssislər və KİV təmsilçiləri Forumun əhəmiyyəti haqqında analizlərini aparırlar. Çox maraqlı qiymətləndirmələrə rast gəlinir. Onlar sübut edirlər ki, Azərbaycanın təşkil etdiyi bu tədbirin dünya miqyasında əhəmiyyəti qəbul edilir, ona ciddi inam bəslənilir. Dünyanın humanizm, ədalət və davamlı inkişaf çərçivəsində inkişaf modelinin müəyyənləşməsi prosesində Bakı Forumu mühüm həlqə hesab edilir. Bu kimi tədbirlərdə faktiki olaraq qlobal davamlı inkişaf və real təhlükəsizlik sisteminin yaradılması ilə bağlı mühüm məqamlar müzakirə olunur. Əhəmiyyətlidir ki, Bakı Forumunda qlobal təhlükəsizliyin humanitar aspektinin bütün sahələri diqqət mərkəzinə gətirilib.

Azərbaycan nümunəsi: tarixin müasirliklə qovuşduğu məkan

Hər ölkənin özünəməxsus dövlətçilik obrazı var. Azərbaycan müstəqillik əldə edəndən bu yana müxtəlif mövzularda regional və qlobal əməkdaşlığa, dialoqa, qarşılıqlı yardıma xidmət edən tədbirlərə ev sahibliyi edib. Onların sırasında Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. Ənənəvi olaraq bu mühüm tədbir hər il Azərbaycan paytaxtında keçirilir. Ona dünyanın tanınmış siyasətçiləri, alimləri, ictimai xadimləri, KİV nümayəndələri və müxtəlif peşə sahibləri qatılırlar. Builki tədbirdə isə 13 Nobel mükafatı laureatı iştirak edib. Bunlar adi rəqəmlər deyil - Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyəsi və əhəmiyyətinin təsdiqidir.

Forumda müzakirə edilən məsələlərə nəzər saldıqda, müasir dövr üçün çox aktual olan məqamlara toxunulduğuna əmin oluruq. Onların sırasına multikulturalizmin müxtəlif modellərinin nəzəri müstəvidən humanist təcrübəyə keçidinin fərqli aspektlərinin müzakirəsi daxil idi. Bu məsələ son dərəcə aktualdır, çünki bir sıra inkişaf etmiş ölkələrdə məhdud nəzəri yanaşma üzündən multikultural həyat tərzinin perspektivsizliyi barədə mövqelər mövcuddur. Bakı Forumunda isə multikulturalizmin nəzəri olaraq müxtəlif modellərinin mövcudluğu şəraitində onların konkret humanist tətbiqinin imkanları ciddi analiz obyekti olub.

Başqa mövzu müxtəlif səbəblərdən yaranmış miqrasiya proseslərində insan kapitalının qorunması məsələsi ilə bağlı olub. Hazırda Avropa ölkələri miqrantlara qarşı dözümsüz münasibət göstərir, onların elementar haqlarını belə təmin etmək istəmir. Bu isə, ümumiyyətlə, bəşəri dəyərlərə ziddir. O cümlədən insanın normal həyat şəraitinin təmin edilməsinə və mənəvi inkişafına imkanların yaradılması kimi davamlı inkişaf şərtlərinə uyğun deyil. Bakı Forumunda problemin bu aspekti geniş müzakirə edilib ki, mütəxəssislər ona yüksək qiymət veriblər.

Digər müzakirə mövzusu jurnalistlərin müasir dövrün tələbləri səviyyəsində çalışması məsələsi ilə əlaqədar olub. Ümumi halda bu, jurnalistikanın informasiya dövrünə transformasiyasını ifadə edir. Bu, xüsusilə də sivilizasiyalararası dialoqun təmin edilməsi aspektində son dərəcə ciddi məsələdir. Müasir sosioloqlar (məsələn, Niklas Luman) medianı sosial-mədəni mühitin aparıcı faktoru hesab edirlər. Media kanalı informasiyanı çevik surətdə dünyaya yaya bilir. Deməli, jurnalistlər müxtəlif dinlərə mənsub olanlarla fərqli sivilizasiyalara aid olanlar arasında əlaqələndirici rolunu oynaya bilərlər. Bakı Forumunda bu problemin müxtəlif aspektləri ətraflı müzakirə edilib.

Yuxarıda vurğulananlardan əlavə olaraq, Forumda "Davamlı inkişaf və ekoloji sivilizasiya" və "Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər" kimi aktual məsələlər diqqət mərkəzində olub. Bu mövzular sosial, iqtisadi, ekoloji, innovativ, humanitar kimi aspektlərin vəhdət halında nəzərdən keçirilməsinə imkan yaradıb. Tədbir iştirakçıları onlara davamlı inkişafın təmin edilməsi kontekstində yanaşıblar.

Təsvir edilən məqamlar V Bakı Beynəlxalq Humanitar Forumunun gündəliyinin zəngin olduğunu, burada geniş təhlillərin aparıldığını göstərir. Həmin mövzulara daha geniş müstəvidə baxdıqda, görürük ki, qlobal təhlükəsizliyin bütün humanitar, sosial, ekoloji, mədəni və mənəvi aspektləri əhatə edilib. Bu, tədbirin strateji məzmunundan xəbər verir. Onu vurğulayaq ki, mütəxəssislər və dünya KİV-i də həmin özəlliyə diqqət çəkməkdədir.

V Forum: alternativ davamlı qlobal inkişaf modeli

Tanınmış tarixçi və politoloq Oleq Kuznetsov jurnalistlərə verdiyi müsahibədə bildirib ki, "Bakı Beynəlxalq Humanitar Forumu öz formatına və nümayəndələrinin səviyyəsinə görə oxşar analoji tədbirlər arasında layiqli yerini tapıb. Hazırda dünyada planetar miqyaslı intellektualların müəyyən dövriliklə ən çox halda on toplantısı keçirilir və onlardan biri Bakı Forumudur... Azərbaycan belə bir beynəlxalq tədbir keçirməklə bütün dünyaya bir daha əyani şəkildə sübut etdi ki, bu ölkə intellektuallar ölkəsidir, onun xalqı dünya humanitar fikrini qiymətləndirməyə qabildir" (bax: Бакинский форум предложил миру альтернативную модель развития человечества / "Day.az", 4 oktyabr 2016).

Rusiyalı alim fikrini konkret tezislə əsaslandırır. O deyir: "Bakı Beynəlxalq Humanitar Forumunun rolu məsələsinə gəldikdə isə, bu rol sadə və eyni zamanda, çox böyükdür. Belə tədbirlər bəşəriyyətin gələcək inkişafı üçün real alternativin mövcud olması faktını göstərir... Bakı Forumu qəbilindən olan tədbirlər belə bir alternativin mövcudluğu faktının əyani göstəricisidir" (bax: əvvəlki mənbəyə).

Etiraf etmək lazımdır ki, həm maraqlı, həm də ədalətli fikirdir. Bakı Forumunun, ümumiyyətlə, bəşərin davamlı inkişafının müzakirə meydanı kimi nəzərdən keçirilməsi bütövlükdə Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin real mahiyyətinin dərk edilməsi deməkdir. Məsələnin bu aspekti olduqca böyük əhəmiyyət kəsb edir.

Maraqlıdır ki, Avropa mətbuatı da Foruma ciddi yer verib. İtaliyanın "Adn Kronos International SRL" agentliyi "İlham Əliyev: "Multukulturalizm sülhün açarıdır" adlı yazı dərc edib. Burada Azərbaycan Prezidentinin tədbirdə söylədiyi nitqin müxtəlif aspektləri təhlil olunub (bax: V Bakı Beynəlxalq Humanitar Forumu İtaliya mətbuatının diqqətində / AZƏRTAC, 5 oktyabr 2016).

"Il Giornale" qəzetində nəşr edilən "Multukulturalizmə təhdidlər" adlı məqalədə isə Azərbaycanın dünya multukulturalizminə verdiyi töhfələrdən bəhs edilir. Həmin bağlılıqda V Bakı Beynəlxalq Humanitar Forumunun qlobal əməkdaşlığa verdiyi faydalardan və əhəmiyyətindən söz açılır. Domeniko Letisiyanın məqalələrində də çox maraqlı məqamlara toxunulub. O, "L`Opinione" qəzetində "Bakı multukulturalizmin paytaxtı" adlı yazı çap etdirib. Əlavə olaraq "Il Monito" analitik-informasiya portalına "Multikulturalizm radikalizmə qarşı cavab kimi" adlı məqalə də yazıb. Bu yazılarda müəllif Azərbaycanın dünyada tolerantlıq nümunəsi olduğu fikrini oxuculara çatdırır. Digər KİV orqanlarında da Bakı Forumuna aid maraqlı analizlər verilib. Belə görünür ki, Avropa mediasında bu mövzu kifayət qədər rezonans doğurub (bax: əvvəlki mənbəyə).

Bunlar başqa aspektlərlə yanaşı, Azərbaycanın qlobal siyasətə verdiyi töhfələr kontekstində də son dərəcə vacib məqamlardır. Bakı Humanitar Forumu Azərbaycanın Qərblə Şərq arasında multikultural məkan rolunu oynamaq imkanının əyani göstəricisidir. Artıq dünya siyasətçiləri qəbul edirlər ki, Azərbaycan qlobal enerji, nəqliyyat və iqtisadiyyat sahələrində təhlükəsizliyə əhəmiyyətli səmərə verən ölkədir. Bunlara mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında əməkdaşlıq aspektinin də əlavə olunması tarixi olaydır.

Çünki bu o deməkdir ki, Azərbaycan XXI əsrin tələbləri səviyyəsində sivil, demokratik, azad, sülhpərvər və xeyirxah bir dövlət qurur. Bu yolda onun uğurları getdikcə artır. Hətta o dərəcədə ki, artıq Azərbaycan nümunəsindən ən inkişaf etmiş ölkələrin belə istifadə etməsi zərurətindən bəhs edilir. Bunun ən gözəl və əyani təsdiqlərindən biri məhz V Bakı Beynəlxalq Humanitar Forumu oldu. Həmin mənada bu tədbir tarixi hadisədir. Xüsusilə gənc nəslin bunu dərk etməsi olduqca vacibdir və Forumun təbliği və təşviqində bu məqamın ciddi surətdə nəzərə alınması faydalı olardı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/478717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR