Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əli Əhmədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Əli Əhmədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Date: 12 October 2016 17:52

Bakı. 12 oktyabr. REPORT.AZ/ Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.
Hakim partiyadan “Report”a verilən məlumata görə, Əli Əhmədov Azərbaycanın müstəqilliyinin bərpasından ötən 25 il ərzində ölkəmizdə həyata keçirilən mühüm layihələr, sosial və iqtisadi sahələrin inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər barədə məlumat verib.
Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatı arasında əlaqələrin inkişafından danışan Baş nazirin müavini dövlət başçısı İlham Əliyevin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzaladığını xatırladıb. Bildirib ki, Minilliyin Bəyannaməsinə qoşulmuş ölkədə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008–2015-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilib və uğurla icra olunub. İmzalanmış yeni fərmanla Azərbaycan Respublikası BMT-nin davamlı, dayanıqlı inkişaf proqramlarına qoşulmaq sahəsində yeni bir səhifə açıb.
Azərbaycanda Minilliyin İnkişaf Məqsədləri ilə əlaqədar çox böyük işlərin görüldüyünü qeyd edən Baş nazirin müavini deyib ki, ölkədə həyata keçirilən tədbirlər, müvafiq proqramın icrası nəticəsində yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə düşüb: “Təbii ki, bütün bunlara nail olmaq üçün iqtisadiyyatın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması kimi mühüm layihələr həyata keçirmək lazım idi və bu da reallaşdırıldı. İndi isə qarşımızda yeni vəzifələr qoyulub və BMT-nin bu layihəsinə qoşulmaqla Azərbaycan həmin hədəfləri də öz hədəfləri kimi müəyyənləşdirib”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qurumun müəyyən etdiyi davamlı inkişaf məqsədlərinin milli hədəf proqramına daxil edilməsi, ölkəmizdə sürətli və davamlı inkişafın təmin olunması, yoxsulluğun aradan qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
“Azərbaycan çox qısa zamanda böyük inkişaf yolu keçib, yoxsulluğun aradan qaldırılması və digər sahələrdə uğurlar əldə edib. Sosial, iqtisadi sahələrdə göstəricilərə baxdıqda biz bir daha bunun şahidi ola bilərik. Azərbaycan BMT sistemində çox fəal rol oynayır. Milli Əlaqələndirmə Şurasının yaradılması region üçün nadir nümunə hesab oluna bilər”, - deyə rezident əlaqələndirici qeyd edib.

Tags:  Əli Əhmədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi görüşüb

RƏYLƏR


Top news