Bakıda sosial medianın multidissiplinar problemlərinə həsr olunan konfrans keçiriləcək

Bakıda sosial medianın multidissiplinar problemlərinə həsr olunan konfrans keçiriləcək
20:22 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Mətbuat Şurası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə bu il dekabr ayında “Sosial medianın multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı keçiriləcək.
“Report”un İnformasiya Texnologiyaları İnstitutuna istinadən verdiyi xəbərə görə, konfransın əsas məqsədi informasiya cəmiyyəti kontekstində sosial medianın çoxaspektli problemlərinin elmi ictimaiyyətə çatdırılması və onların həlli üçün alim və mütəxəssislərin birgə əməkdaşlığa cəlb edilməsidir.
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bildirib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə keçiriləcək tədbir sosial medianın multidissiplinar xarakter daşıyan problemlərinə həsr olunan ilk konfrans olacaq: “Tədbir sosial medianın cəmiyyətə təsir imkanlarının araşdırılması, elmi yanaşmalar və tövsiyələrin formalaşdırılması, bu sahədə peşəkar kadr hazırlığı, sosial medianın müxtəlif problemlərinin müzakirəsi üçün müvafiq sahələr üzrə aparıcı mütəxəssislərin bir araya toplanması baxımından çox əhəmiyyətlidir. Ölkəmizin inkişafı, dünyaya inteqrasiya olunması və cəmiyyətin intellektuallaşmasında mühüm vasitə olan sosial medianın elmi problemlərinin həlli üçün bütün alim və mütəxəssisləri, bu sahəyə marağı olan şəxsləri birgə əməkdaşlığa dəvət edirəm”.
İnstitutun sektor müdiri Rasim Mahmudov qeyd edib ki, sözügedən tədbirdə ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri, AMEA-nın elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, biznes sektoru və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də sosial media fəallarının iştirakı nəzərdə tutulur: “Sosial medianın müxtəlif aspektlərinə həsr olunan konfransa hazırlıq işləri görülür. Tədbirdə sosial medianın elmi-nəzəri, analitik, texnoloji, hüquqi, iqtisadi, sosial-psixoloji, linqvistik, kulturoloji və s. problemlərinə dair araşdırmalar təqdim olunacaq”.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/bakida-sosial-medianin-multidissiplinar-problemlerine-hesr-olunan-konfrans-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR